"Lavrovun "5 rayon" təklifi Madrid prinsiplərinin 1-ci bəndindən götürülüb- Madrid prinsiplərinin qəbulu və həyata keçirilməsi Qarabağın ermənilərə sülh yolu ilə təslimidir!!!""- Hərbi ekspert

24-09-2020, 16:43           
"Lavrovun "5 rayon" təklifi Madrid prinsiplərinin 1-ci bəndindən götürülüb-
Lavrovun "5 rayon" təklifi Madrid prinsiplərinin 1-ci bəndindən götürülüb.
Ayrıca qeyd etmək lazımdır ki, hazırda "madrid prinsipləri" danışıqlar gündəmində yoxdur.
Paşinyan praktiki olaraq, onların müzakirəsindən imtina elədi.
Azərbaycan BMT TŞ-nın məlum qətnamələrinin yerinə yetirilməsini tələb edir.
Lavrov isə tərəfləri danışıqlar masasına qaytarmaq üçün yenidən "5 rayon" və s. variantları gündəmə gətirir.
Madrid prinsiplərinin məzmununa detallı aydınlıq gətirmək üçün 3 il əvvəl (azərb. dilinə tərcümə edilib) paylaşıdığım təhlili diqqətinizə bir daha təqdim edirəm:
"MADRİD PRİNSİPLƏRİNİN TƏHLİLİ.
Müəllif Eldar Ginnes.
Rus dilindən tərcümə Mətanət Paşasoy.
Qeyd edim ki, təhlildə əks etdirilmiş perspektivlərlə və nəticələrlə tam razıyam və dəyərli dostum Eldar bəyin narahatçılığını bölüşürəm.
"HƏR BİR KƏS ANLAMALIDIR:
Madrid prinsiplərinin qəbulu və həyata keçirilməsi Qarabağın ermənilərə könüllü təslimi deməkdir!!!
Vasitəçilərin Qarabağ məsələsinin mərhələli həlli üçün təklif etdiyi Madrid prinsipləri:
1. Dağlıq Qarabağ ətrafında olan ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması;
2. Dağlıq Qarabağın təhlükəsizliyinə və özünüidarəetməsinə təminat verən aralıq statusunun müəyyənləşdirilməsi;
3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması;
4. Sülhməramlı əməliyyat da daxil olmaqla beynəlxalq təhlükəsizlik zəmanəti;
5. Bütün məcburi köçkünlərin öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququna təminat verilməsi;
6. Gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi.
İmzalanmağa təklif olunan hər bəndin arxasında nələrin durduğunu təfsilatı ilə nəzərdən keçirək:
1. "Dağlıq Qarabağ ətrafında olan ərazilərin qaytarılması"nın müqabilində Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sərhədlərinin blokadası götürülür, yəni Ermənistan iqtisadi blokadadan çıxarılır.
Lakin "Dağlıq Qarabağ ətrafında olan ərazilərin qaytarılması" a) Laçın və b)Kəlbəcər rayonlarının qaytarılmasını nəzərdə tutmur. Laçın Dağlıq Qarabağı Ermənistanla birləşdirir və ermənilər ondan heç bir vəchlə vaz keçmək niyyətində deyillər. Kəlbəcər ermənilər üçün strateji əhəmiyyətə malikdi. Onlar bu rayonla da ayrılmağı düşünmürlər yaxud da sövdələşməni bacardıqca uzatmaq istəyirlər.
2. "Aralıq statusu"- həqiqəti gizlətmək üçün Minsk qrupunun uydurduğu söz konstruksiyasıdır . Həqiqət isə ondan ibarətdir ki, istənilən status- aralıq ya daimi- artıq statusdur, yəni status-kvonun hüquqi tərtibatıdır. Bu isə hazırda heç kəs tərəfindən tanınmayan və legitimliyi olmayan işğalçı rejimin tanınmasına, leqallaşdırılmasına doğru atılmış addım olacaq. Aldığı status müvəqqəti də olsa, işğalçı rejim bununla beynəlxalq tanınma əldə edir və beynəlxalq münasibətlərin subyektinə çevrilir, yəni siyasi təcriddən çıxıb danışıqların iştirakçısı olur. Sarqsyan dəfələrlə bildirib ki, ermənilərin məqsədi Dağlıq Qarabağ üçün statusa nail olmaqdır.Bu Dağlıq Qarabağın Ermənistana leqal yolla birləşdirilməsinə imkan yaradacaq. Belə olduğu halda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququndan istifadə edib hərbi antiterror əməliyyatlar keçirməsi artıq başqa bir dövlətə qarşı yönəlmiş təcavüz aktı şəklini alacaq. Bu isə beynəlxalq hüquqla ciddi konfliktə girmək deməkdir.
3. 1-ci bəndə bax
4. Sülhməramlıların yerləşdirilməsi yalnız bir şeyi nəzərdə tutur - işğalçı rejim artıq legitimdır və öz "müvəqqəti statusu" ilə onların himayəsi altındadır. Bu gün bizim ordu düşmənlə birbaşa təmasdadır və apreldə də olduğu kimi istənilən an döyüşlərə başlaya bilər - bu da öz növbəsində danışıqlar üçün ciddi arqumentdir. Lakin sülhməramlıların gəlişi ilə tərəflər ayrılmış olacayıq və hərbi həlli unutmaq lazım gələcək, çünki ehtiyac yaranarsa, "sülhməramlıların" köməyinə , məsələn, rus əsgərləri gələ bilər. "Sülhməramlıların" rus əsgərləri olacağı heç bir şübhə doğurmur. Rusiya başqa varianta razı olmaz. Tsxinvalidə rus-gürcü müharibəsinin rus sülhməramlılarının "müdafiəsi" bəhanəsi ilə başladıldığı hər kəsin xatirindədir. Beləliklə, mövcud şəraitdə Azərbaycanın öz ərazisi üzərində nəzarətini bərpa etməsi üçün yeganə mümkün variant - Qarabağ münaqişəsinin hərbi həlli yolu həyata keçirilməz olur. Bu da erməni tərəfinin onsuz da Rusiyanın hərbi dəstəyi üzərində bərqərar olmuş barışmazlığını, kompromissizliyini gücləndirmiş olacaq.
5. Azərbaycanlı qaçqınların qayıtması bəyan edilir, lakin həqiqətdə elə də mümkün deyil. Ermənistanda, xüsusən də Dağlıq Qarabağda vəhşi bir azərifobiya hökm sürür. Azərbaycanlıların qayıtmağında maraqlı olmayan yerli (erməni)hakimiyyət orqanları tərəfindən köçkünlərin həyatını ağırlaşdıran dözülməz şərait yaradılacaq. Sülhməramlıların azərbaycanlıları müdafiə edəcəyinə ümid bəsləmək sadəlövhlük olardı. Yadınıza salın: 80-ci illərin sonu- 90-cı illərin əvvəlində hətta sovet ordusunun və daxili qoşunların hissələri azərbaycan kəndlərini silahlı ermənilərin təcavüzündən yetərincə qorumurdu.
Nəzərə almaq lazımdır ki, azərbaycanlıların yalnızca onların ermənilərlə 1988-ci ilə qədərki faiz nisbətini aşmayacaq sayda qayıtmağına izn veriləcək. Yəni azərbaycanlılar çox az olacaq. Bu 6-cı bəndin dərk edilməsi üçün vacibdir.
6. 1-5-ci bəndlərdə göstərilən hərəkətlərin hamısı 6-cı bənddə nəzərdə tutulan yekun nəticəyə hesablanıb: Dağlıq Qarabağ ərazisində onun son statusuna dair "iradənin ifadəsinə". Nəticələri bu gün də görülə bilən və şübhə doğurmayan səsvermə (azərbaycanlılarla ermənilərin say nisbəti) - Dağlıq Qarabağın müstəqilliyidir. Hakimiyyət dairələri "Qarabağın erməni əhalisinin əsrlərdən bəri can atdığı arzusunu nəzərə alaraq" bir neçə il sonra onun Ermənistana birləşdirilməsini elan edəcək. Madrid prinsiplərində xüsusi ilə qeyd edilir ki, "iradənin ifadəsi" "məcburi hüquqi qüvvəyə malik" olacaq, yəni Azərbaycan və Ermənistan hökumətləri tərəfindən məcburi surətdə beynəlxalq zəmanət altına alınacaq. Bu o deməkdir ki, onları MƏCBUR ediləcəklər. Bütün bunların nəyə gətirib çıxaracağı yəqindir və bu yəqinlikdən doğan neqativ hissi azaltmaq üçün "minsk qrupu" səsvermənin 1-5-ci bəndlərə əməl etdikdən, bir sözlə, "qeyri-müəyyən müddətdən sonra, iradə ifadəsi üçün şərait yetişəndə" keçiriləcəyini təkrar-təkrar qeyd edir. Yəni Azərbaycan Respublikasına bu "qeyri-müəyyən" vaxt ərzində Qarabağ ermənilərinin Azərbaycanın tərkibində qalmağı qərarlaşdırması üçün nə isə bir şey etməsi təklif olunur. Bu gözləntilərin utopikliyi (və riyakarlığı) aşkardır. Budur Madrid prinsipləri. Vasitəçilərin "qarşılıqlı kompromis" bəyanatlarının arxasında gizlədilənlər əslində bunlardır.
Münaqişə tərəflərinin mövqeyi belədir.
Azərbaycan bəyan edir ki, Madrid prinsipləri ilə razıdır.
Ermənistan Madrid prinsiplərinə qarşı deyil, ancaq onları "paket şəklində", yəni uzatmadan qəbul etmək istəyirlər:
Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhədləri açılır, bölgəyə sülhməramlılar yerləşdirilir ( rus sülhməramlılarını istəmirlər) , ermənilər Laçından və bəzi şərtlərlə Kəlbəcərdən savayı Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonları azad edirlər , dərhal da nəticəsi indidən bəlli olan Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirirlər . Hər şey və həmin an.
Azərbaycanda hər kəs anlamalıdır ki, Madrid prinsiplərinin qəbulu və həyata keçirilməsi Qarabağın ermənilərə sülh yolu ilə təslimidir!!!"
Nazim Bayram
Hərbi ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.