“Vətəndaşların əllərində qalan vacib qiymətli dövlət kağızını əhəmiyyətsiz kağız parçasına çeviriblər” - FAKT BUDUR!

29-09-2022, 12:02           
“Vətəndaşların əllərində qalan vacib qiymətli dövlət kağızını əhəmiyyətsiz kağız parçasına çeviriblər” - FAKT BUDUR!
“Vətəndaşların əllərində qalan vacib qiymətli dövlət kağızını əhəmiyyətsiz kağız parçasına çeviriblər”
Özəlləşdirmə çeklərinin verilməsi ilə bağlı qərardan 25 il zaman ötsə də, hələ də yüzminlərlə ölkə vətəndaşı çekləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bununla bağlı Prezident fərmanında qeyd olunurdu ki, özəlləşdirmə çekləri vətəndaşlara əvəzsiz olaraq verilir və özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizi onlara məxsusdur.

Habelə, özəlləşdirmə çeklərinin qiymətli dövlət kağızı olması, inflyasiyadan qorunmaqla əmlak ekvivalentinin müəyyən edilməsi, “Qiymətli kağızlar haqqında” qanunda isə qiymətli kağızlar üçün zaman məhdudiyyətinin olmaması mütərəqqi məqamlar olsa da, proses yarımçıq və uğursuz formada başa çatdı. Sonradan elə bu qanunun əsas tələbləri pozuldu. 2011-ci ildən özəlləşdirmə çeklərinin tədavül müddətinin başa çatdığını elan etdilər.

Çekləri əlində qalan vətəndaşlar Baş naziri Əli Əsədova, iqtisadiyyat naziri Mikayıl Cabbarova, ədliyyə naziri Fikrət Məmmədova və Milli Məclisin deputatlarına açıq məktub ünvanlayıblar. Müraciət müəllifləri bildirirlər ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanun lahiyəsində keçmişdə baş vermiş səhvlərin və Konstitusiyaya zidd maddələrin analiz edilərək aradan qaldırılmasına diqqət göstərilməlidir.

Qeyd edək ki, bu günə qədər Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, elm və mədəniyyət xadimləri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, iqtisadçılar ya özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması, ya da dəymiş zərərin kompensasiya olaraq ödənilməsi ilə bağlı müvafiq qurumlara çağırışlar edirlər.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, qeyri-neft sektorunun inkişafı, insan kapitalına investisiya qoyulması Azərbaycan dövlətinin qarşısında duran prioritet istiqamətlərdən biridir. Özəlləşdirmə çekləri ilə bağlı ümummilli lider Heydər Əliyevin fərmanında da dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılmasında vətəndaşların iştirakının təmin edilməsi, onların müxtəlif sahələrin idarə olunmasına cəlbi qarşıya əsas məqsədlərdən biri olaraq qoyulub.

DİA.AZ-ın məlumatına görə, hüquqşünas Fuad Ağayev AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə çekləri çox mühüm sənəddir və dövlət çek sahiblərinə sahib çıxmalıdır: “Bununla bağlı fərman dövrün tələbləri ilə ayaqlaşsa da, icra mexanizminə baxsaq, görərik ki, çox ciddi qüsurlara yol verilib. Təsəvvür edin ki, bütün ölkə əhalisi üçün nəzərdə tutulan bu imkandan əsas etibarilə məmur oliqarxiyası və bəzi işbazlar istifadə ediblər. Hər şeyi bir kənara qoysaq, bunun özü kifayət qədər ciddi məqam və hüquq pozuntusudur - əhalinin halal haqları mənimsənilib”.

“Fərmanda və qanunda nəzərdə tutulan müddəalar kağız üzərində qalıb. Günün birində də elan ediblər ki, proses artıq bitib. Hesabat da verən olmayıb ki, necə bitib?! Hansı şərtlərlə icra olunub?! Əksər sahələrdə olduğu kimi, bu sahədə də böyük pozuntulara yol verilib. Müvafiq qurumlar buna aydınlıq gətirmək, çeki əlində qalan vətəndaşlara sahib çıxmaq əvəzinə, məsuliyyətdən yayınmağa çalışırlar”, - deyə həmsöhbətimiz bildirib.

Ağayev hesab edir ki, Azərbaycan hökuməti bu məsələyə yenidən baxmalıdır: “Rəsmi mövqe bundan ibarətdir ki, tədavül müddəti bitib. O zaman izah etsinlər ki, hansı qanun və əsaslarla tədavül müddətini başa çatmış elan ediblər?! Yox, bunu izah etmirlərsə, ya tədavül müddətini bərpa etsinlər, ya da vətəndaşlara dəyən zərəri kompensasiya etsinlər. Sən adama deyə bilməzsən ki, “əlindəkini saxlama, apar sat, satmasan, etibarsız olacaq”. Bu, hüquq anlayışı ilə daban-dabana ziddir”.

TEREF.AZ-ın məlumatına görə, “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Elçin Bayramlı da AYNA-ya şərhində söyləyib ki, özəlləşdirmə çekləri ilə bağlı kütləvi şəkildə vətəndaşların hüquqları pozulub və onlara məxsus əmlak məmur-oliqarxiyasının əlinə keçib: “Özəlləşdirmə çekləri ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Ona görə aktuallaşıb ki, vətəndaşlara çatmalı olan pay bəzi işbazlar tərəfindən qəsb olunub. Buna etiraz edən, hüquqlarının pozulması ilə barışmayan vətəndaşlar çeklərini satışa çıxarmaqdan imtina ediblər”.

“10 ildən artıqdır ki, onların əlində olan çeklər - hansı ki, vacib qiymətli dövlət kağızıdır - əhəmiyyətsiz kağız parçasına çevrilib. Onların bununla bağlı müraciətlərinə isə heç bir reaksiya verilmir. Nəhayət, Azərbaycan hökuməti özəlləşdirmə çekləri ilə bağlı məsələyə nöqtə qoymalıdır”, - deyə müsahibimiz vurğulayıb.

Bayramlı əmindir ki, ədalət hansısa formada bərpa olunmalıdır: “Ya tədavül müddətini artırmalı, ya da dəymiş ziyanı ödəməlidirlər. Müvafiq qurumlar bununla bağlı hərəkətə keçməlidir. Çeki əlində qalan vətəndaşların statistikası aparılmalı, müvafiq proqram hazırlanmalı və icraya yönəldilməlidir. Yalnız bu yolla ədalətin bərpasına nail olmaq olar”.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.