Cahangir Hacıyevin fəhlələrə borclu olduğu maaşı dövlət ödəyir - açıqlama

23-11-2015, 18:45           
Cahangir Hacıyevin fəhlələrə borclu olduğu maaşı dövlət ödəyir - açıqlama
"Azərinşaatservis" MMC-nin əməkdaşları yaxın bir neçə gündə öz maaşlarını ala biləcəklər. Çünki Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu gün "Azəryolservis"in sifarişçi şirkət kimi, podratçı şirkətlə arasında olan ödənilməmiş məbləği şirkətin hesabına yatırıb".

Bunu ANS PRESS-ə açıqlamasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, "Azəryolservis"in sifarişçi şirkət kimi, podratçı şirkətlərdən birinə olan müəyyən məbləğ ödənməmiş maliyyə hissəsi bu gün tam şəkildə ödənilib:

"Maliyyə Nazirliyi bu gün podratçı şirkətin hesabına "Azəryolservis" ASC tərəfindən qalan ödənilməmiş hissəsini yatırdı. Podratçı şirkət isə öz növbəsində çox yaxın zamanda sub podratçı şirkət olan "Azərinşaatservis" MMC-ə həmin maliyyə vəsaitini köçürəcək ki, bunun nəticəsində fəhlələr yaxın günlərdə öz maaşlarını ala biləcəklər".

Xatırladaq ki, "Azərinşaatservis" MMC-nin maaşını ala bilməyən bir bir qrup əməkdaşı maaş tələbi ilə dəfələrlə aksiya keçiriblər.

Onların sonuncu toplantı yeri noyabr ayının 19-da “Azəryolservis”in qarşısı olub. Onlar verilən vədlərin yerinə yetirilməsini və maaşlarının qaytarılmasını tələb ediblər. Sonuncu dəfə onlarla "Azəryolservis"in idarə rəisinin müavini Cəmil Rüstəmxanlı görüşmüşdü və fəhlələrə yaxın günlərdə problemlərinin həll ediləcəyini bildirmişdi.

Şirkətin işçiləri isə həmin vaxt ANS PRESS-ə bildirmişdilər ki, may ayından başlayaraq onlar maaş ala bilmirlər. Aksiyaya isə az insanını qoşulmasının səbəbi, bəzi əməkdaşların aksiyaya qoşulmaq üçün yol pulu tapa bilməmələridir.

Fəhlələr şirkətin Beynəlxaq bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu, hazırda 1100 nəfər işçinin şirkətdən maaş almalı olduğunu bildirmişdilər.
Ancaq 10 gün gözləmələrinə baxmayaraq pullarını ala bilməmişdilər. Həmin vaxt da aksiya iştirakçılarına daha 10 gün səbr etmələri bildirilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.