Gürcüstanda Axalkalaki hadisələri ilə bağlı istintaq başladı

9-08-2020, 10:13           
Gürcüstanda Axalkalaki hadisələri ilə bağlı istintaq başladı
Gürcüstanın Daxili İşlər Nazirliyi Axalkalaki şəhərində ötən axşam baş verən qarşıdurmalarla bağlı istintaqa başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, istintaq qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silahın əldə olunması və saxlanılması, başqasının əmlakının zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunan qrup halında zorakılıq maddələri üzrə aparılır.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürmə və odlu silahlı qanunsuz əldə etmədə təqsirli bilinən 1983-cü il təvəllüdlü şəxs saxlanılıb. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs mübahisə zəminində 1993-cü il təvəllüdlü şəxsi odlu silahla ölümcül yaralayıb. Gənc xəstəxanaya çatdırılmadan öncə dünyasını dəyişib. Qətldə şübhəli bilinən şəxsin üzərində axtarış zamanı odlu silah maddi sübut kimi müsadirə edilib.

Hazırda qrup halında zorakılıqda iştirak edən digər şəxslərin müəyyən edilməsi və saxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən gün axşam saatlarında Axalkalakidə gəncin qətlə yetirilməsindən sonra şəhərdə küçə qarşıdurmaları baş verib. Nəticədə 4 ev və 1 oteldə dağıntılar törədilib, binalar yandırılıb. Bir neçə avtomobilə ciddi ziyan vurulub. Axalkalakiyə əlavə polis qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.