"Neftçi"nin şantaj bəyanatına sərt reaksiya: - "Belə çıxır ki, AFFA-nın rəsmi orqanı "Neftçi"ni şantaj edirdi?!"

14-09-2016, 19:10           
"Neftçi"nin şantaj bəyanatına sərt reaksiya: - "Belə çıxır ki, AFFA-nın rəsmi orqanı "Neftçi"ni şantaj edirdi?!"
"Neftçi" klubunun "Qəbələ"ə rüsvayçı məğlubiyyətindən sonra klubda yaşanan gərginliklər öz məcrasından çıxıb.

Mia.az xəbər verir ki, ötən gün klubun Müşahidə Şurasının üzvləri - Bəhram Bağırzadə ilə Mehdi Nəcəfovun adından sayt, jurnalistlər, klubun azarkeşləri, həmçinin klublla əməkdaşlıq edən menecerlərlə bağlı olduqca sərt, cinayət tərkibli (Rüşvətvermə və alma) və hətta demək olar ki, şantaj xarakterli bəyanat yayılıb(Həmin bəyanat yazının sonunda olduğu kimi verilib).

Bu və ya digər məqamlarla bağllı Mia.az-ın əməkdaşı "Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir Süleymanova "Tahir bəy, şəxsən mənə çox maraqlıdır, məlum bəyanatda deyilənlərdə nə qədər həqiqət payı var?", - deyə, sual ünvanlayıb.

Tahir Süleymanov həmin bəyanatda həqiqət payının heç bir faiz belə olmadığını deyiib və əılavə edib kİ, bəyanatda media orqanları və jurnalistlərə yönəlik ittihamlar da doğru deyil:

"Mətbuat dünyada aparıcı qüvvələrdən biridir. Əbəs yerə 4-cü hakimiyyət demirlər. Çempionatı işıqlandıran, təbliğ edən onlardı. Hətta Avroliqanın qrup oyunlarına hər dəfə 15 yaxın jurnalistin bizimlə səfərə çıxmasına şərait yaratmışıq. Jurnalistlərin obyektiv, subyektiv fikirləri olur. Bu, onların işidi.

Klubda KİV-lərlə ikitərəfli əməkdaşlıq çərçivəsində reklam müqavilələri olub və hər ay buna uyğun jurnalistlər klubun maliyyə deportamentində imza atıb vəsaitləri ödənilib. 1.500 $ "Neftçi"də reklam olmayıb. Demək olar ki, bütün klublarda bu sistem mövcud olub(var).

Bu gün də "Neftçi"nin saytlarla müqavilələri var. Hamısının da hesabatı rəsmi olaraq SOCAR-a verilib.

AFFA-da da bu mövcuddur.

Yeri gəlmişkən, o siyahıda AFFA-nın orqanı olmuş "Futbol dunyası"nın da adı var. Belə çıxır ki, AFFA-nın rəsmi orqanı "Neftçi"ni şantaj edirdi?! Absurd fikirlərdi...

Reklam müqavilələrinə rüşvət demək ilk növbədə mətbuata haqsızlıqdı. Çox doğru qeyd olunub, dolları indiki manatla müqayisə etməyin. O dövrün kursu bəlli idi. Hətta müqavilələr dollara uyğun bağlanırdı. Çünki, manata nisbətdə daha sərfəli idi...".

Tahir Süleymanov klubun uğursuzluğu haqda da danışıb:

"2 ilə yaxındır klubdadırlar. Bu dövrdə qazanıl(may)an nəticələr bəllidi. 0-8-dən sonra ictimaiyyəti aldatmaq, yayındırmaq məqsədilə bu cür açıqlamalar vermək yolverilməzdir. Bu addım bizə, jurnalistlərə qarşı yox, ilk növbədə sponsor olan SOCAR-a qarşıdı. Sponsorun razılığı ilə reklam müqavilələri tənzimlənib və hesabatı verilib. AFFA-nın Media Komitəsilə bağlı layihələri, reklam müqavilələri var. Bunlar məgər rüşvətdi?

İctimaiyyəti yanıltmaq yox, Çingiz Abdullayev bildirdiyi kimi komandanın biabırçı oyununa son qoymaq lazımdı. Elə jurnalistlər, ictimaiyyət də bunu deyir....Digər tərəfdən, deyilir ki, transfer siyasəti bərbad olub, icraçılar, məşqçilər günahkardı. 2 ilə yaxındı bunlar yazılır, deyilir. İndi bunu etiraf edirlər. Deməli ictimaiyyət, azarkeşlər, jurnalistlər düz deyib, düz yazıb.

Deyilir ki, azarkeşlərə vəsait verilib və onlar klubu dəstəkləməyiblər. Fanatlar ötən mövsüm 6(!) -cı yeri tutmalarına baxmayaraq, olmazın dəstək verdilər. Azarkeş nə etməliydi, 0-8-i alqışlamalıydı?. Fanat çempionluğa, kuboka alışıb...

O ki qaldı medianın reklam vəsaitini saymağa, futbolçuları, məşqçiləri qoyaq kənara. şəffaflıqdan danışırlar, buyursunlar "Neftçi"nin rəhbər heyətinin aldıqları paketləri (maaşları yox) açıqlasınlar, 0-8-n qarşılığında... "Neftçi" kimi klub evdə(!) 0-8 məğlub da ola bilər...əsas vəzifə, puldu????".

****

Onu da qeyd edək ki, Mia.az "Neftçi" klubunun Müşahidə Şurasının üzvləri - Bəhram Bağırzadə ilə Mehdi Nəcəfovun adından sayt, jurnalistlər və klubun azarkeşləri ilə bağlı dünən verilən olduqca sərt bəyanatı elə dünən də sayta yerləşdirib.

Mia.az anlaşılmazlıq olmasın deyə, həmin "Əziz "Neftçi” azarkeşləri, Sizi aldadırlar" başlığı ilə yayılan bəyanat yenidən təqidim edir:

"Müşahidə Şurası yaradılan kimi vəzifəli adamların qohum və tanışları, uşaq futboluna "tanışlıq”la qəbul edilmiş şəxslər klubdan uzaqlaşdırıldı. Qərar verildi ki, klubun bütün xərcləri tam şəffaf şəkildə yoxlansın və bu prosesi müstəqil olan audit şirkəti həyata keçirdi.

Buna qədər "Neftçi”dən aybaay minlərlə dollar rüşvət alan jurnalist və saytlar əks mövqe nümayiş etdirməyə başladılar. Klub tərəfindən verilən aylıq rüşvət dayandırılan kimi bu jurnalistlər təşkilatlanmış şəkildə "Neftçi”yə qarşı məqalələr yazmağa başladılar. Bunun müqabilində klub sanballı saytlarla əməkdaşlıq etməyə başladı".

Şura üzvünün sözlərinə görə, "sifarişli yazılar" üzündən nə Samir Əliyevə, nə də Əsgər Abdullayevə işləmək imkanı verilməyib: "Biz onları müdafiə etmək istəsək də, sifarişli yazıların təsiri altına düşən azarkeşlər onların dərhal qovulmasını tələb etdi. Hər iki məşqçi bu təzyiqə davam gətirməyərək, öz xahişləri ilə tutduqları vəzifədən ayrıldılar. Bu məşqçilər indi də ölkəmizdədirlər və əgər ehtiyac olarsa, onlar hansı təzyiq altında işlədikləri barədə və qarşılaşdıqları çətinliklər haqqında danışa bilərlər.

Bundan başqa azarkeş toplumunu təmsil edən bəzi şəxslər bizə xəyanət etdi. Klubdan böyük maliyyə dəstəyi alan bu sıravi azarkeşləri də aldatdılar. Azarkeş toplumunu inkişaf etdirmək məqsədi ilə klubdan pul alan şəxslər komandaya qarşı məqsədli etirazlar və çıxışlar təşkil etdi. Əgər ehtiyac olarsa biz bu şəxslərin adlarını siyahı şəklində açıqlaya bilərik".

B.Bağırzadə və M.Nəcəfovun fikrincə, məhz bunun nəticəsində əsas komandanın oyunu hazırki səviyyəyə enib, yeni futbolçular açıq-aşkar məşqçilərin "ayağının altını qazmağa” başlayıblar.

Bununla yanaşı, bəyanatda transfer siyasətinin də klub icraçıları və məqşiləri tərəfindən biabırçı şəkildə icra edildikləri bildirilir: "Biz sizə həqiqət yazırıq! Bu məğlubiyyətdən sonra hamımız hisslərimizlə davranırıq. Amma məhz "Qəbələ” klubuna qarşı ötən mövsümün may ayında 3 oyun keçirdik və bu qarşılaşmaların heç birində məğlub olmayaraq ölkə kubokunun finalına çıxdıq. Həmin oyunları yada salın və son matçla müqayisə edin. İlyarım ərzində "Neftçi” iki dəfə Azərbaycan kubokunun finalına yüksəldi və həlledici oyunlarda "Qarabağ”a (son final matçının 120-ci dəqiqəsində) məğlub oldu. Bizim nəticələrimizə diqqət yetirin.

Əgər "Neftçi”də hər şey belə pisdirsə necə olur ki, əvəzedici komandamız ölkə çempionatında ilk pillədə qərarlaşıb. Necə olur ki, bizim yeniyetmə və uşaq komandalarımız müxtəlif yaş qrupları üzrə çempion olur və mükafatlara yiyələnirlər".

Bəyanat müəllifləri mövcud vəziyyətdən çıxacaqlarına əminlik ifadə ediblər: "Əsas komanda "ağır yaralanıb” və yenidən qurulacaq. Amma aldadılmağınıza imkan verməyin! Bizi tutduğumuz yoldan sapdırmaq istəyirlər. Bir çox insanlar istəyir ki, bahalı legionerlər cəlb edib onlara və agentlərinə pul qazandırsınlar. Bir çoxları bu klubun puluna göz dikib yenidən ona əl uzatmağa çalışırlar. Bütün məsuliyyətimizlə bildiririk ki, sona qədər mübarizə aparacağıq. Biz "Neftçi”ni yüksəldib Çempion edəcəyik! Biz bu komandanı sizdən az sevmirik, amma bu yoldan da dönməyəcəyik. Sadəcə səbr edin və inanın ki, biz doğma "Neftçi”mizin ruhunu qaytaracağıq. Çirkin əllərin bu kluba yaxınlaşmasına imkan verməyəcəyik! Təxribatlara uymayın.

Biabırçı oyunlar və bu kimi nəticələr təkrarlana bilər. Fikir verin, komanda uduzan kimi "Neftçi” üçün "narahat” olan bəzi keçmiş futbolçular hərəkətə keçərək rəhbərliyin istefasını tələb etdilər. Oxşar nümunə dünyanın heç bir yerində yoxdur. Bu sifarişli tələblər və yazılardır. Bizim klubun tarixində ağır günlər olub. "Ararat” klubuna 1:6 və Polşa təmsilçisinə iki oyunun nəticəsinə görə 0:10 hesablı məğlubiyyətləri misal göstərmək olar. Amma bu nəticələrdən sonra da "Neftçi” ayağa qalxaraq çempionluq üçün oynadı. Həmişə belə olub və olacaq. Müsəlman dünyasında günahsız insanı təqsirləndirmək böyük günah sayılır. Bizi əbəs yerə günahlandıranlar başa düşməlidir ki, dedikləri sözlərə görə allahın qəzəbinə tuş gələ bilərlər".

Şura üzvləri istefa verməyə hazır olduqlarını da bəyan ediblər:

"Getməyimiz sevimli klubumuza xeyir verəcəksə, biz getməyə hazırıq. Amma bu klubu futbol işbazlarına və transferlərdən pul qazanmaq istəyənlərin ümidinə qoymayacağıq. Hər birimiz bütün xərclərin tam şəffaf olmasına ləyaqətimiz və adımızla cavabdehik. Biz sevimli komandamız üçün əlimizdən gələn hər şeyi edəcəyik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.