Çapay Sultanov: "Şahmat tariximiz haqqında son sözü tarix deyəcək"

23-09-2015, 22:19           

Bir sənədli filmdəki bir neçə haqsızlıq haqqında
Bu günlərdə Azərbaycan Şahmat Federasiyası, hazırda Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun iştirakçılarına nümayiş etdirmək üçün ölkə şahmatının tarixi haqqında 20 dəqiqəlik sənədli film hazırlatdırıb. Amma bu film Azərbaycan şahmatının tarixinə işıq tutmaq əvəzinə, daha çox siyasi maraqlara xidmət edib, konkretlikdən uzaqlığı və şahmat tariximizin real həqiqətlərinə “unutqan” münasibəti ilə diqqət çəkib.

“Unutqan” sözünü dırnaqda yazırıq; çünki filmi sifariş edənlərin və onu hazırlayanların Azərbaycan şahmatının tarixinə təsadüf nəticəsində laqeydlik göstərdiyinə inanmaq çətindir. Aydın hiss olunur ki, kimlər üçünsə bu filmi məhz belə ərsəyə gətirmək lazım imiş…

Elə Azərbaycan şahmat tarixinin canlı şahidi, professor Çapay Sultanov da bu fikirdədir. O, geologiya-mineralogiya elmlər doktoru olmaqla yanaşı həm də 16 il Azərbaycan Şahmat Federasiyasının rəhbəri olub. Ancaq maraqlıdır ki, məlum filmi hazırlayanlar həmin 16 ildə Azərbaycanda şahmatın inkişafı istiqamətində görülən işləri işıqlandırmağa da “xəsislik” ediblər. Bir az da dəqiqləşdirsək, faktiki olaraq, şahmat tariximizin 16 illik dövrünü, “oğurlayıblar”.

“Unudulan” tarix

Çapay Sultanovun “Azadlıq”a dediyinə görə, 70-ci illərdə H.Əliyevin təşəbbüsü ilə Azərbaycanda şahmat məktəblərinin yaradılmasına başlanılmışdı: “Həmin vaxt Azərbaycanın ayrı-ayrı rayonlarında 43 şahmat məktəbi açılmışdı”.

Həm də Respublika Şahmat Məktəbinin rəhbəri olan Çapay Sultanov, bir çox digər önəmli hadisələri xatırladır: “O vaxt Bədən Tərbiyəsi İnistitutunun rektoru olan Samur Novruzov mənim müraciətimdən sonra bu ali təhsil ocağında şahmat ixtisasının açılmasına razılıq verdi, hansı ki, bu Azərbaycanda şahmat sahəsində məşqçilər də daxil olmaqla ixtisaslı kadrların hazırlanması baxımından mühüm hadisə idi”.

Elə o dövrlərdə Ç. Sultanov Mərkəzi Komitənin katibi Həsən Həsənovun köməyi ilə ayda bir dəfə şahmata dair qəzetin nəşrinə nail olur. Qəzetə redaktorluğu isə fizika elmləri doktoru, eyni zamanda Ç. Sultanovun ilk şahmat müəllimi Azər Zeynallı üzərinə götürür. O vaxt mərhum Nicat Rəhimov “Şahmat klubu” verilişinin efirə getməsinə razılıq vermişdi və bu veriliş informativ xarakter daşıyırdı. Çapay müəllimin istəyi və yenə də H. Həsənovun müdaxiləsi ilə isə artıq televiziyada məşqçilər üçün də ayrıca veriliş hazırlanmağa başladı. Hansı ki, həm sözügedən qəzet, həm də adıçəkilən televiziya verilişi Azərbaycanda şahmat maarifçiliyinin “qaranquşları” olmaqla bərabər, bu idman növünə marağın artması və şahmat mütəxəssislərinin ortaya çıxmasında müstəsna rolo oynayıb.

Maraqlıdır, məlum verilişi hazırlayanlar şahmat tariximizin bu əhəmiyyətli faktlarını necə, niyə və kimə görə yaddan çıxarıblar?

Daha bir neçə maraqlı fakt

Çapay Sultanovun dediklərinə görə, hər şey bunlarla da bitmir. Belə ki, Bakıda o vaxtki, Razin, indiki Bakıxanov qəsəbəsində internat idman məktəbində şahmat bölməsi yaradılır. Bununla da əyalətlərdən paytaxta respublika miqyaslı şahmat turnirlərinə gələn yeniyetmələrin yerbəyer edilməsi reallaşır. Bu işdə sözügedən məktəbin direktoru Rafiq Bədirzadənin rolu da danılmazdır.

Həmçinin respublikada şahmat məktəblərinin fəaliyyətinin güclənməsi istiqamətində dövrün təhsil nazirləri – Mehdi Məmmədov, Elmira Qafarova və Kamran Rəhimovun, İdman Komitəsinin sədr müavini Oqtay Atayevin, eyni zamanda bəzi partiya işçilərinin, həmçinin Cahangir Müslümzadə və Nurəddin Mustafayevin xidmətlərini xüsusi qeyd etməyə dəyər.

Çapay Sultanov 16 il Şahmat Federasiyasına, 30 il isə Respublika Şahmat Məktəbinə rəhbərlik etdiyi müddət ərzində bu idman növünün Azərbaycanda inkişaf etdirilməsi, şahmat ənənələrinin yaradılması baxımından əməkdar məşqçilər Nəriman Yusifovun, Aleksandr Aslanovun, Akif Vəlibəyovun, Fuad Cəfərovun, idman ustası Bəhruz Qurbanovun və başqalarının da rolunu ehtiramla xatırlayır. Hansı ki, məlum filmdə onların da xidmətlərini xatırlamağa heç bir ehtiyac görülməyib…

Şahmat tariximiz sitatlarda…

Bir qədər də konkret tarixi faktlara müraciət edək.
1976-cı ildə bədən tərbiyəsi fəallarının iclasında ölkənin o vaxtki rəhbəri H.Əliyev bütövlükdə Azərbaycandakı idman hərəkatını tənqid edərkən Kasparovun və müəllifin rəhbərlik etdiyi respublika şahmat məktəbinin uğurlarını qeyd edib. Bu, dəfələrlə təkrarlanıb. “Qısa müddətdə uşaqlar arasında şöhrət, idman ictimaiyyətində nüfuz qazanan respublika şahmat məktəbi (direktor Çapay Sultanov) yaradıcılıq işinə yaxşı nümunə ola bilər və bu örnəyi yaymaq lazımdır” – bu H.Əliyevin 1982-ci ilin aprelin 3-də respublika komsomolunun XXXI qurultayındakı çıxışındandır.

O, Kasparov və Çapay Sultanovu qəbul edərkən isə belə demişdi: ““Şahmat təkcə idman deyil, onun sosial əhəmiyyəti də var – uşaqları intellektual və idman mübarizəsi dünyasına cəlb edir, onları küçədən uzaqlaşdırır. Şahmat məktəbindəki uşaqlarla söhbət etmişəm və onların necə hərtərəfli inkişaf etmiş olduğunu görmüşəm”. Partiya işçilərindən Həsənov və Müslümzadəyə müraciət edən H.Əliyev “Şahmat Federasiyasına hər cür kömək etmək lazımdır – onlar doğru yoldadır” söyləyir, hansı ki, Çapay Sultanov bunu özü üçün kart-blanş hesab edirdi. Çünki həmin sözlərdən sonra Azərbaycanda şahmatın inkişafı baxımından bütün rəsmi qapıları ürəklə döymək olardı.

1985-ci ildə Ç Sultanov SSRİ Şahmat Federasiyasının iclasına dəvət alır, hansı ki, orada Azərbaycan Şahmat Federasiyasının təcrübəsinin bütün İttifaqa yayılması barədə qərar qəbul edilir. Həmin qərarda deyilirdi: “Azərbaycan Şahmat Federasiyasının (federasiya sədri Çapay Sultanov) şahmatın inkişafı sahəsindəki fəaliyyəti bəyənilsin və onun təcrübəsinin SSRİ-nin bütün respublikalarında istifadəsi tövsiyə edilsin”.

Federasiyanın iclasında onun sədri, təyyarəçi-kosmonavt Y.Sevastyanov deyib: “Siz, şübhəsiz, böyük iş görmüsünüz… Gələcəkdə Azərbaycan şahmatçıları dünya arenasına çıxacaq. Mən təkcə Kasparovu nəzərdə tutmuram”.

Sevastyanov sonradan Azərbaycan Şahmat Federasiyasının işi ilə tanış olmaq məqsədi ilə Bakıya gəlir. Yeri gəlmişkən, SSRİ Şahmat Federasiyasının məlum qərarı dövrünün nüfuzlu idman nəşri “Sovetskiy sport” qəzetində və İttifaqın bütün şahmat nəşrlərində dərc edilmişdi.

SSRİ-də ilk dəfə məhz Çapay Sultanovun rəhbərlik etdiyi Azərbaycan Şahmat Federasiyası sonradan bir neçə dəfə FİDE-nin konqreslərində də yüksək qiymət alan şahmatın kompüterlə öyrədilməsi sistemini işləyib hazırlayır. 1987-ci ildə FİDE-nin prezidenti F.Kampomanes Respublika Şahmat Məktəbinə gəlir və uşaqlara şahmatın yeni texnologiya ilə öyrədilməsi sisteminin yaradılmasını yüksək qiymətləndirir.

F. Kampomanesin nüfuzlu “Sport” qəzetinə müsahibəsindən: “… bu məktəbdə proqramlaşdırılmış tədrisin kompüter sisteminin yaradılması üzrə görülən işlər mənə böyük təsir bağışladı. Mərkəzin direktoru Çapay Sultanov sistemin iş prinsipini mənə izah etməklə yanaşı, bu məlumatların üç nüsxə sürətini də mənə verdi. İnformasiya bankına Azərbaycanın müxtəlif şəhər və rayonlarındakı 44 uşaq şahmat məktəbi barədə müfəssəl məlumat, müxtəlif partiyalar, displeyin ekranına rahatca çıxarılan başqa informasiyalar toplanmışdı. Bu, mənə o qədər maraqlı gəldi ki, elə səhəri gündən bu məlumatlarla tanış olmağa başladım. Əminəm ki, proqramlaşdırılmış tədrisin kompüter sisteminin böyük gələcəyi var. Hətta rəsmən onu “Azərbaycan proqramı” adlandırmaq olar. O, bütün dünyada, əsasən də inkişaf etməkdə olan ölkələrdə şahmatçıların, məşqçilərin etibarlı köməkçisi olacaq. Düşünürəm ki, bu sistemin öyrənilməsi üçün Bakıda beynəlxalq seminar təşkil etmək olar. Burada SSRİ-nin hazırki ən gənc şahmat ustaları yetişdirilib – qızlar arasında ölkə çempionu Aynur Sofiyeva, qadınlar arasında Azərbaycan çempionu Firuzə Vəlixanlı və 14 yaşlı Vladimir Akopyan. Bu. tədris prosesinin səmərəliliyindən xəbər verir. Belə başa düşdüm ki, bütün bu təşəbbüslərdə Azərbaycan Şahmat Federasiyasının rolu böyükdür, o böyük işlər həyata keçirir”.

Həm də növbəti Olimpiadanın keçiriləcəyi 1986-cı ildə Ç. Sultanov Yunanıstanda FİDE-nin növbəti konqresindəçıxış edir. Onun “Azərbaycan şahmat məktəbinin inkişafı, kompüter tədris sistemi və şahmatçıların hazırlanması” adlı hesabatı şahmat dünyasında böyük marağa səbəb olur. Şahmatın kompüterlə tədrisi barədə çıxışı xüsusi maraqla qarşılanır, hansı ki, həmin vaxt zal Olimpiadada iştirak edən ölkələrin nümayəndələri ilə dolu idi.

İclası açan FİDE-nin o vaxtki prezidenti Kampomanes Bakıya səfəri və bu tədris sistemi ilə şəxsən tanış olması barədə danışır. Sonra isə bu haqda ətraflı bəhs etmək üçün Ç. Sultanova söz verir. Çapay müəllimin çıxışından sonra əsasən bu sistemi necə əldə etmək barədə suallar yağmağa başlayır. Bu zaman Daha çox səy göstərən isə Puerto-Riko nümayəndəsi idi. O, təklif edirdi ki, Azərbaycan Şahmat Federasiyasının rəhbəri Olimpiadadan sonra onun ölkəsinə getsin. Mühazirədən bir neçə gün sonra şahmat üzrə SSRİ yığmasının tərcüməçisi Çapay müəllimə bildirir ki, bu sistemi almaq üçün ona çoxlu təkliflər gəlib. “İlk dəfə nəyinsə alınması istəyi ilə üzləşirəm, Siz yaxşı qazanmaq şansını əldən buraxırsınız” – tərcüməçi belə deyir.

FİDE-nin sözügedən konqresində Sultanov, ali şahmat qurumunun eyni zamanda iki komissiyasının üzvü seçilir – “Məktəbdə şahmat” və “Kompüter və şahmat”.

“… Heç bilirsiniz ki, elektron texnikanın indiki səviyyəsində hətta lap köhnə çempionlarla da görüşmək imkanı var? Bu barədə “Məktəbdə şahmat” beynəlxalq seminarında Ç.Sultanov danışıb. Uzun illər eyni zamanda Bakıda respublika şahmat məktəbinə rəhbərlik etmiş elmlər doktoru, professor Ç.Sultanov məşhur qrossmeysterlərin irsinin sistemləşdirmək, onların bilik bankını yaratmaq və bu bilikləri kompüter oyunları metodu ilə məktəblilərə çatdırmağı təklif edib. Bu məruzə dərhal ingilis dilinə tərcümə olundu, FİDE-nin kompüter şahmatı və inkişaf etməkdə olan ölkələrə yardım komissiyalarında onun haqqında çox danışıldı, hazırlanmış proqramları xeyli sayda almaq istəyənlər var” – Bunu isə Salonikidə, həmin dövr “Sovetskiy sport” qəzetinin ən populyar şahmat şərhçisi Aleksandr Roşal qeyd etmişdi.

Qəribədir deyilmi: Azərbaycanın şahmat tarixindən bəhs edən filmi hazırlayanlar bütün bu əhəmiyyətli faktların da üstündən sükutla keçiblər, dahja doğrusu, onlarıə xatırlamağı ümumiyyətlə, lazım bilməyiblər. Görəsən, niyə? Hansı niyyət və maraqla?

Və sonda:

Şübhəsiz ki, kim(lər)insə nəyi, hansı yollarlasa unutdurmağa, “oğurlamağa” çalışmasından asılı olmayaraq, belə cəhdlər uydurma, saxtalaşdırılmış çarx kimidir, bihudədir – indi başqa zəmanədir. Bunun üçün elə Ç.Sultanovun şəxsı saytının (sultanov.azeriland.com) bu gün dünyanın hər yerində milyonlarla istifadəçisi olması faktını xatırlatmaq kifayətdir.

FİDE-nin Azərbaycanda keçirdiyi yarışların kütləvi sayı ilə Azərbaycanda şahmatın tarixini yenidən gözdən keçirmək olmaz, yalnız Ginnesin rekordlar kitabına düşmək olar!

Bu yaxınlarda fransalı sənədli film rejissorlarının “Hədəf – Bakı. Hutler neft uğrunda müharibəni necə uduzdu?” filmi uğurla nümayiş etdirildi, filmin əsas prodüsseri Arzu Əliyeva, baş məsləhətçisi isə Çapay Sultanov idi. Filmə Avropa, Avstraliya, ABŞ və Çində yüz minlərlə tamaşaçı baxıb. Film əsasən Ç.Sultanovun “Tarix felin lazım formasını sevmir, amma yenə də…” kitabı əsasında çəkilib. Bu kitab italyan, ingilis, türk dillərinə tərcümə edilib, artıq Romada nəşr edilib. Həmçinin onun Londonda, Berlində, Ankarada nəşrinə hazırlıq gedir.

İtaliyanın mərkəzi «RAI» telekanalında Azərbaycan barədə 15 dəqiqəlik verilişində Azərbaycanda şahmatın inkişafında Ç.Sultanovun xidmətlərini xüsusi vurğulayıb.

Hazırda Ç.Sultanov, H.Kasparovun Azərbaycan KP MK-nın birinci katibi K.Bağırov və DTK sədri Z.Yusifzadənin köməyi ilə onu Azərbaycan Şahmat Federasiyasının sədri vəzifəsindən necə uzaqlaşdırması, həmçinin Federasiyanı dağıtması, yuxarıda sadalanan işləri alt-üst etməsi, FİDE rəhbəri olan kimi Bakının da tövsiyəsi və dəstəyi ilə Ç. Sultanovu FİDE-nin iki komissiyasının tərkibindən necə çıxartdırması barədə kitabı tamamlayır. Bununla yanaşı, o, Ç. Sultanovun FİDE prezidenti F.Kampomanesin rəsmən “Azərbaycanın şahmat tədris proqramı” adlandırdığı «Chess school» tədris proqramını FİDE-nin reyestrindən çıxarıb. Həmçinin hazırkı Federasiyanın bəzi qeyri-leqal üzvləri bir çox şahmatçı və məşqçini məhv edib, digərlərini də bütün dünyaya pərən-pərən salıb. Və hələlik haqqında bəhs etmək istəmədiyimiz çoxlu digər məsələlər!

Biz məlum film hadisəsi ilə bağlı Çapay müəllimin özünə də müraciət etdik, ancaq o, bu məsələnin üzərində dayanmaq istəmədi və yalnız bunu dedi: “Məncə, şahmat tariximiz haqqında son sözü korrupsiyanı bu idman növünə yaxın buraxanlar və Azərbaycanın hazırkı Şahmat Federasiyasının bəzi qeyri-legitim üzvləri deməyəcək. Bütün bunlara tarix özü qiymət verəcək!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.