İki milyon - Platininin Blatterdən aldığı pul

26-09-2015, 13:10           
İki milyon  - Platininin Blatterdən aldığı pul
UEFA prezidenti Mişel Platini FİFA-nın başçısı Yozef Blatterdən həmin təşkilatla müqavilə üzrə görülmüş işə görə iki milyon İsveçrə frankı aldığını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, UEFA prezidenti deyib: “Bu gün mən FİFA-da korrupsiya işinin istintaqı üzrə İsveçrə hakimiyyət orqanları tərəfindən dindirildim. Ödənişə gəlincə, bəyan etmək istəyirəm ki, bu məbləğ mənim FİFA ilə müqaviləyə uyğun olaraq gördüyüm işə aiddir”.

Mişel Platini, həmçinin qeyd edib ki, hakimiyyət orqanları ilə bütün məsələlərə aydınlıq gətirməyə nail olduğu üçün şaddır və istintaqla istənilən vaxt əməkdaşlıq etməyə hazırdır.

Xatırladaq ki, sentyabrın 24-də İsveçrə prokurorluğu Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatterə qarşı səhlənkarlıq və mənimsəmə maddələri ilə cinayət işi qaldırıb. Bununla yanaşı, o, UEFA-nın rəhbəri Mişel Platiniyə FİFA-nın vəsaitindən qanunsuz olaraq iki milyon İsveçrə frankı ödəməkdə şübhəli bilinir. Guya bu vəsait 1999-cu ildən 2002-ci ilədək olan dövrdə yerinə yetirilmiş işlərə görə verilib, amma ödəniş yalnız 2011-ci ildə həyata keçirilib.

* * *20:37

İsveçrə prokurorluğu FİFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb.

TASS agentliyinin verdiyi məlumata görə, sentyabrın 25-də Y.Blatter prokurorluq əməkdaşları tərəfindən dindirilib.

Bundan əvvəl naməlum səbəbdən onun mətbuat konfransı ləğv edilib. İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Y.Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.

Bu arada FİFA-da korrupsiya işi ilə bağlı UEFA-nın (Avropa Futbol Federasiyaları Assosiasiyasının) prezidenti Mişel Platini də İsveçrədə ifadə verib.

O, İsveçrə hüquq-mühafizə orqanlarının apardığı istintaqda Blatterə qarşı şahid kimi keçir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.