Banklarla bağlı mühüm dəyişiklik: - “Təklif edilən bu dəyişikliyi illərdir səsləndirirəm”

26-09-2018, 09:24           
Banklarla bağlı mühüm dəyişiklik: - “Təklif edilən bu dəyişikliyi illərdir səsləndirirəm”
Banklarla bağlı qanunvericilikdə mühüm bir dəyişiklik edilib. Belə ki, Azərbaycan banklarında müşahidə şuralarının səlahiyyətləri artırılır. Bu yenilik “Banklar haqqında” Qanuna dəyişikliklər layihəsində yer alır. Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən, Müşahidə Şurası Bankın Audit Komitəsinin üzvlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, komitənin əsasnaməsini təsdiq etmək səlahiyyətinə də malik olacaq. Qeyd edək ki, müvafiq qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında müzakirə olunub.

“Yeni Müsavat”a açıqlamasında sözügedən dəyişikliyə münasibət bildirən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bunun müsbət bir addım olduğunu vurğuladı: “Təklif edilən bu dəyişikliyi mən illərdir səsləndirirəm. Hətta vaxtilə 2004-cü ildə Mərkəzi Bank tərəfindən ”Banklar haqqında" Qanun hazırlananda mən həmin qurumda işləyirdim, qanunun hazırlanması ilə bağlı işçi qrupun üzvlərindən biri idim. O zaman mən xarici təcrübəyə əsaslanaraq bu təklifi vermişdim ki, Audit Komitəsinin əsasnaməsini təsdiqetmə səlahiyyəti, bu komitənin üzvlərinin təyin edilməsi və vəzifədən azad edilməsi səlahiyyəti Səhmdarların Ümumi Yığıncağında yox, Müşahidə Şurasında olmalıdır. Çünki xarici təcrübə belədir. Amma nədənsə o zaman Mərkəzi Bankda başqa cür qərar qəbul etdilər. Bu da SSRİ-dən qalma bir yanaşmadır".

Ə.Həsənovun sözlərinə görə, 2004-cü ildən indiyə kimi bankların dörd idarəetmə orqanı var: “Bu Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətidir. Dünyanın heç bir ölkəsində belə idarəetmə strukturu yoxdur. Səhmdarların Ümumi Yığıncağı bank sahiblərinin birliyidr. Kimin bankda səhmi varsa, həmin orqanın üzvüdür. Müşahidə Şurası nəzarətedici orqandır. İdarə Heyəti isə icraedici orqandır. Audit Komitəsi isə bütün dünyada Müşahidə Şurasına maliyyə məsələləri üzrə və digər məsələlər üzrə nəzarətin həyata keçirilməsində köməklik göstərən bir orqandır. Buna görə də dünyanın hər yerində bankın Audit Komitəsini Müşahidə Şurası təşkil edir, təyin edir, azad edir və sair. Bizdə isə Audit Komitəsi Müşahidə Şurası kimi tam müstəqil bir qurumdur. Onu da Səhmdarların Ümumi Yığıncağı təyin edir və bu da Audit Komitəsinin mahiyyətinə ziddir. Onun formal bir quruma çevrilməsinə səbəb olub. Bütün banklarda bu iki qurumun statusu bərabərdir. Halbuki belə olmamalıdır”.

İqtisadçı hesab edir ki, bu dəyişiklikdən sonra Audit Komitəsinin fəaliyyəti daha effektiv olacaq: “Hələ 2011-ci ildə ”Azərbaycanın bank hüququ" kitabını yazarkən də mən bu sistemi kəskin tənqid etmişəm və dəyişməli olduğunu bildirmişəm. Həmçinin dövlət qurumlarının müəyyən layihələrində iştirak edərkən də daim bu təklifi vermişəm. Çox şadam ki, üstündən 14 il keçdikdən sonra nəhayət ki, bu qanuna dəyişiklik edildi. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirib. Bütün dünyada olduğu kimi bizdə də belə olmalıdır. Bu gün banklarda formal quruma çevrilən Audit Komitəsi artıq daha effektiv fəaliyyət göstərəcək. O baxımdan mən bu dəyişikliyi dəstəkləyirəm və hesab edirəm ki, onu tezliklə qəbul etmək lazımdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.