Ali məktəblərə qəbul imtahanı iyulun 15-i başlayır

17-05-2016, 11:30           
Ali məktəblərə qəbul imtahanı iyulun 15-i başlayır
2016/2017-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə qəbul planı da açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı ildə keçiriləcək imtahan və tədbirlərin tarixini açıqlayıb. TQDK-nın rəsmi saytındakı məlumata görə, bu il ali məktəblərə qəbul imtahanları iki mərhələdə keçiriləcək. İlk olaraq iyulun 15-də I və IV qrup üzrə abituriyentlər imtahan verəcək. Daha sonra isə iyulun 23-də II və III qrup üzrə qəbul imtahanları keçiriləcək.
TQDK 2016-cı ildə ümumtəhsil müəssisələrini bitirən şagirdlərin, ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə, ümumi və tam orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan şəxslərə müraciət edib. TQDK hər bir imtahanda və onunla bağlı olan tədbirdə (sənəd qəbulu, ixtisas seçimi, qeydiyyat və s.) iştirak edəcək abituriyentlərə (namizədlərə) tövsiyə edir ki, təqdim olunan qrafikdə özlərinə uyğun olan tarixləri diqqətdə saxlasınlar və lazımi işləri vaxtında həyata keçirsinlər.
TQDK ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı mayın 15-də keçirilib. Xatırladaq ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 29-dan avqustun 10-dək aparılacaq.
2016/2017-ci tədris ili üçün Azərbaycanın ali məktəblərə qəbul planı da artıq açıqlanıb və növbəti tədris ili üçün qəbul planları təsdiq olunaraq TQDK-ya təqdim olunub. Qəbul aparılan yerlərin sayı 2015-ci illə müqayisədə magistratura üzrə 8 faiz, rezidentura üzrə 0.2 faiz, orta ixtisas təhsili üzrə 8 faiz artıb. Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul planı “Magistr” jurnalının 4-cü sayında, ümumi orta təhsil üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul planı “Abituriyent” jurnalının 3-cü sayında dərc edilib. Ali məktəblərin bakalavriat və digər səviyyələr üzrə qəbul planları da çapa hazırlanır. Bu məlumatlar daha dəqiq “Abituriyent” jurnalının 4-cü sayında qeyd olunacaq. Qeyd edək ki, bu il AMEA-nın magistraturalarına neçə nəfərin qəbul ediləcəyii də açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 2015/2016-cı tədris ilindən qəbul aparılır. 2015-ci ildə 7 ixtisas üzrə 20 yer, bu il isə 19 ixtisas üzrə 63 yer ayrılıb. AMEA-nın magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Müsabiqə şərtini ödəyən və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar 9-12 iyun tarixlərində elektron qeydiyyatdan, 13-14 iyun tarixlərində AMEA-da müsahibədən keçməlidirlər. Qəbul aparılan ixtisaslaşmalar, yerlərin sayı, müsahibənin keçirildiyi ünvanlar “Magistr” jurnalının 4-cü sayında verilib.
Rezidenturaya qəbul imtahanının baza fənlərinin tərkibində 2016-2017-ci ilindən etibarən bütün istiqamətlər üzrə dəyişikliklər edilməsi də nəzərdə tutulur.
TQDK-nın məlumatına görə, “Patoloji anatomiya” və “Patoloji fiziologiya” fənlərinin “Patologiya” adı altında birləşdirilməsi, eyni zamanda bütün istiqamətlər üzrə baza fənləri sırasına “Histologiya” fənninin əlavə edilməsi planlaşdırılır. Bununla yanaşı, tibbi biologiya istiqaməti üzrə baza fənləri sırasına “İnsan anatomiyası” və “Patologiya” fənləri, tibbi-profilaktika istiqaməti üzrə isə “İnsan anatomiyası”, “Patologiya” və “Farmakologiya” fənləri daxil edilməsi də nəzərdə tutulur.
Orta məktəblərdə isə “Son zəng” bu il əvvəlki illərdə olduğu kimi, may ayının 31-də yox, iyun ayının 14-də keçiriləcək. Buna səbəb isə dərs ilinin müddətinin uzadılmasıdır. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Məhz buna görə də, son zəng tədbiri Azərbaycan Respublikasında iyunun 14-də keçiriləcək. Təhsil Nazirliyinin məlumatına görə 2015-2016 tədris ilində ümumtəhsil məktəblərinin IX siniflərini 111 min 217 nəfər bitirəcək ki, bunun 51 min 10 nəfəri qız, 60 min 207 nəfəri oğlandır. Eyni zamanda bu il XI sinifləri 89 min 325 nəfər bitirəcək ki, bunun da 39 min 643 nəfəri qız, 49 min 682 nəfəri oğlandır.
Hər il olduğu kimi, bu il də “Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək.
musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.