Bahalaşmanı necə durdurmaq olar? –Ekspert hökuməti təcli addımlar atmağa çağırır

25-02-2019, 12:10           
Bahalaşmanı necə durdurmaq olar? –Ekspert hökuməti təcli addımlar atmağa çağırır
Ötən ayın ikinci yarısından müşahidə edilən qiymət artımları son günlər daha da intensivləşib. Apardığımız monitorinqlər göstərir ki, həm ərzaq, həm da bir sıra qeyri-ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir. Qiymət artımları idxal edilən məhsullar ilə yanaşı yerli mallarda da qeydə alınmaqdadır. Bəs qiymət artımlarının səbəbləri nədir və bu nə zamanadək davam edəcək?

İqtisadçı ekspert Vüqar Bayramovun bildirdiyinə görə, apardıqları təhlillər göstərir ki, Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində ticarət fəaliyyətinin sadələşdirilmiş vergi sistemindən çıxarılması və uçotunun aparılması ticarət obyektlərinin xərcinin artmasına səbəb olub:

“Belə ki, əvvəllər dövriyyədən cəmi 6 faiz vergi ödəyən ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri bu il yanvarın 1-dən etibarən bu imkandan yararlana bilmirlər. Bu isə onların xərcinin yüksəlməsinə və qiymət artımlarına səbəb olub. İkincisi, ölkəyə idxal edilən bir sıra məhsullara o cümlədən tütün məhsullarına, alkoqollu içkilərə və avtomobillərə daha yüksək aksiz vergisinin tətbiq edilməsi istehlak bazarında qiymət artımlarına səbəb oldu. Öncədə qeyd etdiyimiz kimi, idxal edilən məhsullara tətbiq edilən aksiz vergilərinin mütəmadı yüksəldilməsi arzuolunan deyil və bu qiymət artımlarına səbəb olur. Digər tərəfdən, son minimum əmək haqqı və pensiya artımları ilə bağlı qərarlardan da, çox təəssüf ki, bəzi sahibkarlar psixoloji faktor kimi istifadə edərək qiymət artımlarına gediblər”.

Ekspert qeyd edir ki, bu baxımdan, İqtisadi Nazirliyi tərəfindən istehlak bazarında monitorinqlərin aparılması daha məqsədəuyğun olardı:

“Həmçinin, artıq sadələşdirilmiş vergi subyekti olmayan ticarət fəaliyyəti həyata keçirilən sahibkarlıq subyektləri üçün də yeni güzəştlərin tətbiq edilməsin ehtiyac var. Əks halda uçot sistemi onların xərclərinin artmasına səbəb olur ki, bu da qiymət artımları deməkdir. Gələn ay Novruz bayramını qeyd edəcəyimizi nəzərə aldıqda ərzaq məhsullarının qiymətinin azaldılması üçün hökumət tərəfindən bazar iqtisadiyyatı qaydaları çərçivəsində qiymətlərinə optimallaşdırılmasına çalışması çox vacibdir. Hökumət ticarət ilə məşğul olanların xərclərinin azaldılmasına çalışmaqla qiymət artımlarının qarşısını almağa çalışmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.