Başqa planetdən gələnlər nə zaman gələ bilərlər? - Allah varmı?

1-11-2018, 09:07           
Başqa planetdən gələnlər nə zaman gələ bilərlər? - Allah varmı?
Dahi fizik Stiven Hokinqin sonuncu kitabı haqqında

(Araz Gündüzün tərcüməsində)

Stiven Hokinq – bizim kainat haqqında təsəvvürlərimizi dəyişən fizikdir. Alim özünün başlıca əsəri olan “Böyük suallara qısa cavablar” adlı əsərini bitirməyə macal tapmasa da, ancaq mərhum dahinin həmfikirləri və həmkarlarının səyi ilə bu toplu işıq üzü gördü. Alimin yadplanetlilər, Kainatın ucqarlarına səyahət haqqında, dünyanın gələcəyinin optimist qiymətləndirilməsi baxımından hansı nəticələr çıxara biləcəyimizlə bağlı düşüncələri ilə tanış olmaq istərdinizmi?

Hokinq – XX əsrdə elmi kütləviləşdirən ən başlıca simadır. Onun kitabları sayı milyonlarla ölçülən tirajla yayılır və bu dahi fizik-kosmoloqun kəşfləri müasir dünyanın ən böyük intellekt sahiblərini dalana dirəyə bilmişdir. Ömrünün son illərində Hokinq “Böyük suallara qısa cavablar” adlanan kitab üzərində işləyirdi, bu kitab onun elmi-populyar mövzulu yaradıcılığının yekunu, şah əsəri olmalı idi. Təəsüf ki, 2018-ci ilin martında bu böyük alim vəfat etdi, ancaq dünya səviyyəli elmi düşüncə sahibi olan həmkarları köməyə gəldilər və onların səyi ilə Hokinqin opus magnum (şah əsəri) bu ilin 16 oktyabrında çap olundu və yəqin ki, bu kitabın da alimin başqa əsərləri kimi bestseller olmaq şansı böyükdür.

Yalnız Stiven Hokinq həyat, Kainat və başqa bu kimi mühüm məsələlərlə bağlı suallara belə bitkin cavablar verə bilərdi. Kitabın naşirləri alimin başlıca suala olan cavabını birinci başlığa çıxarmışlar. Düz də etmişlər, axı Allahın varlığı ilə bağlı mötəbər bilik almaq hər bir kəsi maraqlandırır. “Allah varmı?” adlanan bu başlıqda Hokinq tədricən, özünə xas olan ən kiçik detallara varmaqla və elmiliklə, bizi son nəticəyə gətirib çıxarır: Allah yoxdur və bizim taleyimizi heç kim idarə etmir. Onun “Böyük suallara qısa cavablar” kitabında bununla bağlı deyilir:


“Bizim hər birimizin istədiyimiz şeyə, müstəqil şəkildə inanmaq haqqımız var. Hesab edirəm ki, bu suala ən doğru cavab o olardı ki, Allah yoxdur. Kainatı heç kim yaratmayıb və bizim taleyimizi heç kim idarə etmir. Ölümdən sonrakı o dünyaya inanmağa gəlincə, bu yalnız insanın arzularına əsaslanan xəyalının məhsuludur. Bu faktın heç bir inandırıcı və ümidverici təsdiqi yoxdur. Bundan başqa da, bu məsələ müasir elmə bəlli olan bütün faktlarla ziddiyyət təşkil edir. Bəli, biz öləndən sonra çürüyüb torpağa qarışırıq. Ancaq bizim ömrümüzün mənası var: o özümüzün və övladlarımıza ötürdüyümüz genlərin təsiri altındadır.

“Böyük suallara qısa cavablar” – Stiven Hokinqin manifestidir, onun özündən sonrakı nəsillərə göndərişi və yanlış nəticələrdən çəkindirmək üçün ehtiyatlı olmağa çağırışıdır. Kitab yalnız fizika bilicilərinin və elmsevərlərin ürəyincə olmayacaq, onu oxumaq istəyən hər bir kəsin də marağına səbəb olacaqdır. “Böyük suallara qısa cavablar” kitabında da, Stiven Hokinqin bütün başqa kitablarında olduğu kimi, bir dənə də olsun elmi formul yoxdur. Beləliklə də, görünür, siz indi istiraəhət günlərində nə ilə məşğul olacağınızı artıq bilirsiniz. Elə buna görə də, əsərin İngiltərənin gündəlikTimes qəzetində çap olunmuş fraqmentlərini çap etməklə sizdə bu kitaba maraq oyatmaqdan başlamaq istəyirik.

***

Mən bu planetdə gözəl bir ömür yaşadım, ağlımın gücü və fizika qanunları isə mənə bütün Kainata səfər etməkdə köməklik göstərdi. Mən bizim qalaktikanın ən ucqar bucaqlarında oldum, qara dəliklərdən keçdim və hətta, zamanın başlanğıcına qədər gedib çata bildim. Mən Yer üzündə özümün yüksəliş və eniş illərimi yaşadım, həyəcan da, toxdaqlıq da duydum, yoxsulluqdan və zənginlikdən keçdim, sağlamlığı da, ağır xəstəliyi də sınadım. Məni tərifləyənlər də, tənqid edənlər də oldu, ancaq heç kim mənə qarşı laqeydlik göstərmədi. Çox güman, mən bizim Kainatı başa düşməklə bağlı biliklərimizə böyük bir töhfə verə bildim. Bütün yeni suallar və yeni bilməcələr üzərində düşüncələrimdən doğan sevincimi sizinlə bölüşmək istəyirəm. Ümid edirəm ki, haçansa, biz bütün bunların dəqiq cavablarını tapacağıq.



Süni intellekt bizi üstələyə biləcəkmi?

Yüksək intellektli maşınlar yaradılması ideyasını nə qədər fantastika sahəsinə aid etməklə kifayətlənmək istəsək də, ancaq əslində belə bir yanlışlığa yol vermək olmaz, çünki bu bizə çox baha başa gələ bilər.

Süni intellekt, nə vaxt, insanın köməyi olmadan özü-özünü təkmilləşdirməyi bacaracaqsa, onda onun intellektual qabiliyyəti bizim intellektimizi qat-qat üstələyəcəkdir, bunu müqayisəli yolla ifadə etsək, bu halda onun intellektcə insandan üstünlüyü, insanın ilbizdən intellektcə olan üstünlüyü kimi, hətta bundan da artıq olacaqdır. Ona görə də, biz əmin olmalıyıq ki, kompüterlərin məqsədi ilə bizim məqsədimiz üst-üstə düşür və burada fikir ayrılığı yoxdur.

Qarşımızda çox böyük imkanlar açılır. Biz süni intellektin köməyi nəticəsində öz intellektual qabiliyətimizin dəfələrlə güclənməsi ilə hansı uğurlara çatacağımızı indidən deyə bilmirik. Ola bilsin, biz xəstəliklərdən və yoxsulluqdan biryolluq qurtara biləcəyik. Süni intellektin yaradılması insanlığın tarixində ən möhtəşəm hadisə ola bilər. Ancaq təəsüf ki, əgər biz bu hadisənin yarada biləcəyi riski lazımınca düşünə bilməsək, bu insanlığın sonuncu nailiyyəti də ola bilər.

İndiki zamanda süni intellektin yaradılan primitiv formaları özünün faydasını nümayiş etdirir, ancaq onun inkişaf etdirilməsinin, bizim imkanlarımızı ötə biləcəyi ilə bağlı doğura biləcəyi nəticələr məni qorxudur. İnsan soyuna təkamülün çox yavaş bir sürəti xasdır, buna görə də, biz süni intellektlə yarışmaq gücündə deyilik. Həm də gələcəkdə süni intellektin müstəqil iradəsi də meydana çıxa bilər və bu iradənin bizimki ilə üst-üstə düşməməsi faktı da mümkündür.

Belə bir rəy mövcuddur ki, insanın texnologiyaların inkişafını çox uzun müddət üçün nəzarətdə saxlaması mümkündür, bu isə süni intellektin potensialı ilə dünyanın çoxlu sayda problemlərinin həll edilməsinə gətirib çıxara bilər. Çoxları məni anadangəlmə optimist kimi tanısa da, ancaq hətta mən də buna əmin deyiləm. Misal üçün, bir çox ölkələrdə hədəflərə müstəqil şəkildə tuşlanan və onları məhv edən silah sistemləri olan avtonom orduların yaradılması planlaşdırılır. BMT bu cür silahların yardılmasını qadağan edən konvensiya hazırlayır və qeyd etməliyik ki, bucür avtonom ordu yaradıcıları bir vacib sualı unudurlar: bu ordu sonradan necə dəyişilə bilər? Biz doğrudanmı, terrorçu və cinayətkarların alver etdiyi qara bazarı silahlı süni intellektlərlə doldurmaq istəyirik? Əgər biz süni intellektin inkişafı ilə bağlı proseslərə nəzarət edə biləcəyimizə əmin deyiliksə, onları silahlandırmağa və müdafiəmizi təmin edilməsinə yönəltməyə dəyərmi?

Kompüterləşdirilmiş treydinq sistemi 2010-cu ildə Flash Crash – fond bazarının çöküşü ilə nəticələndi. Məgər kompüterləşdirilmiş silah sistemi ilə də belə bir iflas baş verə bilməzmi? Ona görə də bununla bağlı proses məhz indi dayandırılmalıdır.

Ortamüddətli perspektivdə. süni intellekt çoxlu sayda iş yerlərini avtomatlaşdıra və bizi ümumi bərabərlik və rifaha çatdıra bilər. Daha uzaq perspektivlərə baxsaq, qarşıda heç bir maneənin dayanmadığı görünür: prinsipcə bütünlüklə yeni olan başqa bir həyata keçid də edə bilərik, ancaq bu həya fantastik filmlərin bizə təsvir etdiyindən büsbütün fərqli olacaqdır
1965-ci ildə riyaziyyatçı İrvinq Qud belə bir ehtimal irəli sürmüşdü ki, fövqəlinsani intellekti olan maşınlar öz konstruksiyalarını sonsuzluğa qədər təkmilləşdirə bilər. Bunun nəticəsi isə texnoloji sinqulyarlıq adlanan hadisəyə gətirib çıxaracaqdır. Texnologiyanın maliyyə bazarında bizi necə ötüb keçdiyini, araşdırıcılardan qat-qat tez kəşflər etdiyini, ictimai liderləri arxa plana atıb təsəvvürümüzə belə gətirmədiyimiz silahlarla bizi sıxışdırdığını təsəvvür etmək mümkündür. Deməli, qısamüddətli perspektivdə süni intellektə kimin nəzarət etdiyi vacibdirsə, uzunmüddətli perspektivdə ona nəzarət etməyin prinsipcə mümkün olub-olmadığı sualı qarşıya çıxır. Bir sözlə, süni intellektin meydana çıxması insanlığın tarixində ya ən nəhəng, ya da ən məyusedici bir hadisə olacaqdır. Bizi süni intellektin pis niyyətə düşməsi deyil, onun bunu bacara bilməsi qorxutmalıdır. Fövqəlinsani intellekt fövqəlməqsədlərə çata bilər və əgər onlar bizim məqsədlərimizdən fərqli olacaqsa, onda bizim işimiz çox da asan olmayacaqdır. Qarışqa yuvasını məhv etmək üçün onlara nifrət etmək səbəb olmaya da bilər, kifayətdir ki, ekoloji baxımdan təmiz olan istehsaldan yaranan su axınını bu yuvaya yönəldəsən. Biz ki, insanlığın bu bədbəxt böcəklər kimi məhv olmasını istəmirik.

Burada proqnozlaşdırma olmadan keçinə bilmərik. Təsəvvür edin ki, biz yüksək sivilizasiyalı yad planetdən belə bir mesaj almışıq: “Bir neçə onildən sonra sizin planetə gələcəyik”. Doğrudanmı, biz onlara belə bir cavab verəsiyik: “Çox yaxşı, gəlin, açar qapının ağzındakı palazın altındadır”? Ancaq nəyə görəsə, biz bu məsələni yetərincə araşdırmadan süni intellektə belə bir cavab ünvanlayırıq.

Xoşbəxtlikdən vəziyyət dəyişməyə başlamışdır. Bill Qeyts, Stiv Voznyak və İlon Mask mənimlə həmfikirdirlər və süni intellekt icmasında sosial nəticələrin və risklərin qiymətləndirilməsi üzərində çalışmalar aparırlar. 2015-ci ilin yanvarında Mask və başqa ekspertlərlə birgə süni intellekt barədə açıq məktub yazdıq və onun cəmiyyətə göstərə biləcəyi mümkün təsirlərin çox ciddi araşdırılmasını təklif etdik. Məktub cəmiyyətdə məsələ ilə bağlı məlumatlılıq yaratmalı, ancaq heç bir təşviş doğurmamalıdır.

2016-cı ilin oktyabrında mən Kembricdə süni intellekt yaradılmasının coşqun inkişaf mərhələsinə keçməsi ilə bağlı problemləri öyrənən mərkəz yaratdım, Leverhulma Mərkəzi adlanan bu qurum intellektin gələcək inkişaf problemlərini öyrənir. Bu sahədə yarana biləcək potensial təhlükənin nəticələrini dərk etsək də, ancaq yeni texnoloji inqilabın vasitələrindən sənayeləşməyə vurulan ziyanları aradan qaldırmaq üçün istifadə edə bilmirik.

Gələcəkdə bizi durmadan artan texnoloji güclə, bu gücdən istifadə etməli olan müdrikliyin dərəcəsi arasındakı arasıkəsilməz yarışma gözləyir. Gəlin elə edək ki, bu yarışmada müdriklik qalib gəlsin.



Biz Yerdə yaşaya biləcəyikmi?

Hesab edirəm ki, yaxın minillikdə planetimizdə qaçılmaz olaraq ya nüvə müharibəsi, ya da ekoloji fəlakət baş verəcək. Ümid edirəm ki, bu müddət ərzində insanlıq planetin hüdudlarını tərk etməyə və insan soyunun qorunub saxlanmısına müvəffəq olacaqdır. Planetimizdə mövcud olan milyonlarla başqa canlı növlərini məhv olmaqdan xilas edə bilməyəcəyik və bu bir günah kimi bizim vicdanımıza yazılacaqdır.

Biz Yer planetindəki gələcəyimizə heyrətamiz bir səhlənkarlıq göstərərək yaşayırıq. İndiki vaxtda bizim bundan başqa bir evimiz yoxdur və buna görə də bütün yumurtaları bir səbətdə (bir planetdə) saxlamaq olmaz. Ümid etmək istəyirəm ki, yeni bir ev tapanədək səbəti əlimizdən salmayacağıq. Öz təbiətimizə görə biz, yer üzündə heç bir canlıya xas olmayan, araşdırıcı, maraqlarının ardınca düşüb getməyi sevən varlığıq. Uzaq yola çıxan ilk səyyahları belə bir maraq hərəkətə gətirmişdi: onlar yerin doğrudanmı yastı olub-olmadığını aydınlaşdırmaq istəyirdilər. Məhz elə buna bənzər maraqlar düşüncələrimizi ulduzlara yönəldir, orada nələrin olduğunu öyrənməyə çalışırıq. Bu məsələlərin həllindəki hər bir sıçrayış isə, tutalım Aya gedib çatmaq kimi, millətləri birləşdirir, ruh yüksəkliyi yaradır və yeni kəşflər etməyi, habelə, bunun üçün yeni texnologiyalar yaratmaq istəyini oyadır və daha da qızğınlaşdırır.

Planetimizdən qırağa çıxmaq qlobal yanaşma tələb edir, onun həllində hamı iştirak etməlidir. Ötən yüzilliyin 60-cı illərində dünyanı bürümüş ümumi ruh yüksəkliyinə indi daha çox ehtiyac vardır.

Lazım olan texnologiyalar demək olar ki əlimizdədir. Biz Günəş sistemini tədqiq etməyə hazırıq. Ola bilsin, yer planetinin hüdudlarından kənara çıxmaq bizi özümüzdən xilas edə biləcək yeganə vasitədir.

Bizim təkamül yolu ilə inkişafımızı, daha ağıllı və zirək olmağımızı gözləmək üçün vaxtımız yoxdur. Ancaq biz indi təkamülün yeni mərhələsinə qədəm qoymuşuq – bu isə öz DNT-nizi dəyişməyə və mükəmməlləşdirməyə imkan yaradır. Biz indi DNT-nin ardıcıllığını aydınlaşdıra bilirik, yəni “həyat kitabını” oxuya bilirik. Artıq bu kitabda öz düzəlişlərimizi etməyin vaxtı çoxdan çatıb.

Biz işə genetik qüsurları aradan qaldırmaqla başlaya bilərik, misal üçün, əzələ distrofiyasının yaranmasına ayrıca genlər səbəb olur və onları aşakara çıxarıb düzəliş verməklə bu xəstəliyi aradan qaldırmaq mümkündür. İntellekt kimi kompleks keyfiyyətlərə isə olduqca çoxlu sayda genlər nəzarət edir – onların hamısını müəyyən etmək və aralarındakı əlaqələri tapmaq isə yetərincə mürəkkəbdir.

Buna baxmayaraq, inanıram ki, yüzillər boyunca insanlıq intellekti də dəyişdirə biləcək, həmçinin aqressivlik kimi şəxsi keyfiyyətləri də aradan qaldırmağı bacarcaqdır. Çox güman ki, insan üzərində gen mühəndisliyini qadağan edən qanun qəbul ediləcək, ancaq bu qanun bir çoxlarını hansısa eksperimentlər aparmaqdan, tutalım, insanın xarakteristikalarını (yaddaşın həcmini, xəstəliyə davamlığını, uzunömürlüyünü) dəyişməyə şirniklənməkdən çəkindirə bilməyəcəkdir.

Belə fövqəladamların yaranması adi adamlarla onların arasındakı rəqabət qabiliyyətinə ciddi təsir göstərəcəkdir. Çox güman ki, belə bir vəziyyət yaranarsa, onda adi adamlar yeni şəraitə uyğunlaşa bilməyib bütünlüklə məhv olacaq, ya da onların həyatı əhəmiyyətsiz sayılacaqdır. Bu halda daha yüksək qabiliyyətli irq yaranacaq və o öz xarakteristikalarını getdikcə daha çox təkmilləşdirəcəkdir. Əgər o özünü bütünlüklə dəyişə bilsə, onda özünün yaşama arealından kənara çıxaraq başqa planetləri və ulduzları da qəsb edə biləcəkdir.

Ancaq bizim aid olduğumuz DNT-yə əsaslanan həyat forması üçün uzunmüddətli kosmik səyahət ciddi çətinlik yarada bilər. Bu tipli canlıların həyat müddəti çox qısa olduğundan belə uzunmüddətli səyahət üçün yararsızdır. Həm də nisbilik nəzəriyyəsinə görə, heç nə işıq sürətindən böyük olan sürətlə hərəkət edə bilməz, ona görə də, işıq sürəti ilə uçmaq mümkün olarsa ən yaxın ulduza yalnız 8 ilə, Qalaktianın mərkəzinə isə təqribən 100000 ilə çatmaq mümkündür. Elmi fantastikada bu problem sıfır-daşıma (fəzanın əyriliyindən istifadə etməklə başqa ölçülü məkanda səyahətə çıxmaqla) həll edilir. Ancaq düşünürəm ki, hansı bir intellektual yüksəkliyə çatmağımızdan asılı olmayaraq belə bir hal mümkün deyildir. Əgər işıq sürətindən böyük sürətlə hərəkət edə bilsək, bu zamanca geriyə qayıtmaq demək olardı; bu isə keçmişə qayıdıb onu dəyişməyin mümkünlüyü kimi bir absurda gətirib çıxarır. Belə bir hal mümkün olsaydı, onda biz indi çoxdan, gələcəkdən gəlmiş böyük turist dəstələrini təəcüblə seyr edərdik.

Ola bilsin, gen mühəndisliyi DNT əsaslı həyatın 100000 il yaşamasını təmin edə bildi. Ancaq daha sadəsi (özü də bütünlüklə imkanlarımız daxilində olan) ulduzlararası səyahətə xüsusi hazırlanmış maşınların göndərilməsidir. Onlar yolüstü uyğun bir planetin üzərinə enib özlərinə oxşar yeni bir maşın düzəltmək üçün material toplaya, sonra yaratdıqları bu yeni maşını sonrakı ulduza yollaya bilərdi. Bu maşınlar artıq makromolekul quruluşlu deyil, mexaniki və elektronik elementlərdən ibarət yeni həyat formasını təmsil edəcəklər. DNT tipli həyat forması özünəqədərki ilkin həyat formalarını necə aradan qaldırmışsa, onlar da DNT tipli həyatı yeni həyat forması ilə əvəz edə bilərlər.



Yadplanetli şüur varmı?

Əgər Yer üzündə həyatın yaranması barədə bizim apardığımız hesablamalar doğrudursa, onda haradasa, canlılar yaşayan planeti olan başqa ulduzlar da olmalıdır. Bir sıra planetlər sistemi Yerdən 5 milyard il öncə formalaşa bilərdi – belə isə nə üçün indiyədək oralardan bizə qonaqlar uçub gəlməmişlər? Yeri gəlmişkən, mən UNO (uçan nəməlum obyektlər) adlanan obyektlərdə yadplanetlilərin ola bilməsi barədə ehtimalları yanlış sayıram. Çox güman ki, yadplanetli şüurlu varlıqların görüşü qat-qat artıq gözəçarpan (həm də olduqca xoşagəlməz nəticələr gətirən) bir hadisə kimi baş verməlidir.

Nə üçün biz indiyədək həyatın yadplanetli formaları ilə qarşılaşmamışıq? Həyatın təsadüfdən doğulması ehtimalı o qədər kiçikdir ki, ola bilər Yer – Qalaktikada (və hətta ola bilsin ki, müşahidə edə bildiyimiz bütün Kainatda) bu baxımdan bəxti gətirən yeganə planetdir. Başqa bir variant bundan ibarət ola bilər ki, haradasa öz-özünə həyat yaranmışdır (misal üçün, birhüceyrəli varlıqlar), ancaq bu formalar intellekt yaratmaq istiqamətində inkişaf edə bilməmişdir. Bəli, biz belə düşünməyə öyrəşmişik ki, intellektin meydana gəlməsi təkamülün qaçılmaz nəticəsidir, ancaq biz əslində heç də bunun dəqiqliklə belə olduğunu bilmirik.

Çox güman ki, təkamül – təsadüfi bir prosesdir və onun gedişində intellektin yaranması da olduqca çoxlu sayda mümkün variantlardan biridir. Ümumiyyətlə, bizə indiyədək çox da aydın deyildir ki, uzunmüddətli perspektivdə intellektin hansısa bir təkümül dəyəri varmı? Hətta, biz Yer üzərindəki bütün canlıları məhv etsək belə, bakteriyalar və birhüceyrəli orqanizmlər yaşamağa davam edəcəkdir. Kim bilir, ola bilsin, şüurlu varlıq həyatın inkişafında ən az ehtimalı olan variantdır, axı birhüceyrəli orqanizmlərdən çox hüceyrəlilərin yaranması üçün 2,5 milyard il lazım olmuşdu. Nəzərə alsaq ki, bizim Günəş əbədi deyil, onda bu çox uzun bir müddətdir və bu fakt, həyatın şüurlu formasının çox az ehtimallı olması hipotezi ilə düz gəlir. Bu halda tamamilə mümkündür ki, biz Qlaktikada həyatın bütünlüklə fərqli formaları ilə qarşılaşa bilərik, ancaq onlar çox güman ki, şüurlu olmayacaqdır.

Yer kürəsində şüurlu həyatın yaranmasının bir variantı olaraq planetimizin asteroid və ya kometlə toqquşması da bir səbəb kimi irəli sürülür. 1994-cü ildə astronomlar, Şumeyker-Levi 9 kometinin Yupiterlə toqquşmasını müşahidə etmişdilər, bu hadisə planetin atmosferində güclü dalğa və nəhəng qığılcımlar yaratmışdı. Belə bir rəy vardır ki, 66 milyon il bundan qabaq Yer kürəsi bundan qat-qat kiçik kosmik cisimlə toqquşmuş, bu isə dinozavrların məhvinə səbəb olmuşdur. Bu hadisədən sonra bir neçə qədim məməli növü sağ qalsa da, ancaq ölçüsü insandan böyük olan bütün canlılar yer üzündən silinmişdi.

Bu cür toqquşmaların hansı bir dövriliklə baş verdiyini demək çətindir, ancaq ən çox ehtimal olunan bu hadisələrin hər 20 milyon ildə bir dəfə baş verməsi sayılır. Əgər belədirsə, onda Yer üzündə şüurlu həyat öz inkişafı üçün son 66 milyon ildə Yerin hansısa nəhəng bir kosmik cisimlə toquşmamasına borcludur. Tale başqa planetlərin üzünə bu cür gülümsəməyə bilər və onlara, şüurlu həyatın inkişafı üçün kifayət qədər vaxt ayırmaya bilər.

Hadisələrin inkişafının başqa bir versiyası bundan ibarətdir ki, həyatın şüurlu formalarının yaranması heç də ehtimalı az olan hadisə deyildir, ancaq şüurlu varlıq olduqca dayanıqsız sistem yaradır və o gec-tez özü özünü məhv edir. Bu ifrat pessimist variantdır və ümid edirəm ki, yanlışdır.

Mən başqa bir variantın mümkünlüyünü təklif edərdim: bəlkə, şüurlu həyatın başqa formaları var, ancaq biz onları hiss edə bilməmişik? 2015-ci ildə mən Breakthrough-un təşəbbüsü ilə keçirilən tədbirlərdə iştirak etmişdim. Onlardan biri olan Breakthrough Listen, radiomüşahidələrin köməyi ilə yerdənkənar şüurlu həyatın axtarışı ilə məşğuldur, bu təşəbbüs üzrə çalışmalara səxavətlə, böyük məbləğdə maliyyə vəsaiti ayrılmış, ən yeni texnoloji avadanlıqlar verilmiş və radioskopik efirin min saat ərzində dinlənilməsi gerçəkləşdirilmişdi. Yerdənkənar sivilizasiyanın əlamətlərini axtarmaq üzrə görülən bu iş, bu istiqamətdə indiyə qədər ən böyük elmi araşdırma lahiyəsi sayılır. Əlbəttə, hələlik heç kim yadplanetli sivilizasiyalara mesaj göndərməyə hazırlaşmır: birdən daha irəli getmiş hansısa bir yerdənkənar sivilizasiya ilə görüşsəydik, yəqin ki, vaxtı ilə Amerikanın yerli əhalisinin Kolumbun qarşısına çıxdığı vəziyyətdə görünərdik.

Hər bir halda, mən inanıram ki, biz haçansa Yerin hüdudlarından kənara çıxacaq və kosmosda yaşamağı öyrənəcəyik. Növbəti elmi kəşfin səni harada gözlədiyini heç vaxt bilmirsən. Nə vaxt ki, elm şəffaf olur, nə vaxt o ətrafına daha çox gənc auditoriya toplaya bilir, bu bizim yeni Eynşteyn qazanmaq şansımızı yetərincə artırır.

Ayaqlarınızın altına deyil, ulduzlara baxın. Gördüklərinizin mənasını axtarın, Kainatın mövcud olması səbəbini tapmağa çalışın. Bu istiqamətə yönələn marağınızı heç vaxt itirməyin. Həyat necə mürəkkəb görünsə də, onda hökmən məhz sizin üçün olan bir iş qalacaqdır. Sadəcə, heç bir halda təslim olmayın və fantaziyanızı işlətməkdən qalmayın. Gələcək sizin əlinizdədir.



Allah varmı?

“Kainat Allah tərəfindən, bizim bilmədiyimiz bir səbəbdənmi yaradılıb, yoxsa elm Kainatın yaranma səbəbini tapa bilər?” sualında mən ikinci bəndə inanıram. Arzu etsəniz, siz elmi qanunları “Allah” adlandıra bilərsiniz, ancaq bu sizin sual verilməsi mümkün olan şəxsi “Allahınız ” olmayacaqdır.

Böyük partlayışa qədər nə var idi?

Hartl-Hokinq modelinə görə, bu sualın mənası yoxdur – axı Cənub qütbündə dayanıb cənubun hansı tərəfdə olduğunu soruşmaq mənasızdır. Necə ki, zaman konsepsiyası yalnız bizim Kainatda mövcuddur, onda Böyük partlayışa qədər baş verənlərin zamanla heç bir əlaqəsi ola bilməz.


Planetimiz üçün ən böyük təhlükə nədir?

Asteroidlə toqquşmaq – bizim aradan qaldıra bilməyəcəyimiz bir təhlükədir. Ancaq bu hadisə sonuncu dəfə 66 milyon il bundan öncə baş vermiş və dinozavrları məhv etmişdir. Daha real təhlükə – iqlimin dəyişməsidir. Dünya okeanının temperaturunun dəyişməsi “buz papaqlarının” əriyib suya qarışmasına və nəhəng karbon qazı püskürtüsünə gətirib çıxarardı. Nəticədə biz Venerada olduğu kimi, temperaturun 463 dərəcə olduğu bir hava şəraitinə düşərdik.

Biz nə üçün süni intellektdən qorxuruq, axı istəsək sadəcə “onu enerji qaynağından ayıra bilərik”?

İnsan kompüterdən soruşdu: “Allah varmı?” Kompüter cavab verdi: “Bax, indi var” və bunu deyib özünü enerji qaynağından ayırdı.

Hansı ideya dünyanı dəyişə bilərdi?

Cavab çox sadədir: bizə qeyri-məhdud, ekoloji baxımdan təmiz enerji ehtiyatı verə bilən istilik-nüvə enerjisinin inkişafı; onda biz elektroavtomobillərə oturardıq. İstilik-nüvə sintezi ən geniş yayılmış enerji qaynağı olardı, ətraf mühitin fəlakətli çirklənməsindən və qlobal istiləşmədən xilas olardıq.

Qaynaq: https://vk.com/sciencehallшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.