Rus polkovnik: Ermənilər Osmanlını necə satıb? – Sənəd

21-04-2015, 10:18           
Rus polkovnik: Ermənilər Osmanlını necə satıb? – Sənəd
“Ermənilər Rusiya imperatoruna yazıb, ondan yardım xahiş etdilər”.

Axar.az xəbər verir ki, bu sözlər Birinci Dünya Savaşında rus ordusunun tərkibində Türkiyə torpaqlarına gələn polkovnik Fyodr Yelesiyevin xatirələrində yer alıb.

O zaman Vanda Osmanlı imperiyasına qarşı üsyana rəhbərlik edən daşnak Aram paşa ilə görüşündən yazan rus polkovnik onun Osmanlıya açıq-aşkar xəyanət etdiyini göstərir. Məhz Yelesiyevin Türkiyəyə səfəri ilə bağlı xatirələri uzun müddət ermənilərin “soyqırım”la bağlı irəli sürdükləri arqumentlər sırasında olub. Bununla bərabər, ermənilər bu xatirələri rus-erməni dostluğunun xoş nümunəsi kimi də hər zaman önə çəkiblər.

Axar.az Yelesiyevin xatirəsindən kiçik bir parçanı təqdim edir:

“Aram paşa ayağa qalxdı. O, Rus imperiyasının qalib ordusunun şərəfinə sağlıq dedi. Rus ordusu və bizim şərəfimizə ünvanlanan bir neçə xoş ifadədən sonra Aram paşa general Nikolayevdən onun indi oxuyacağı məktubu rus imperatoruna göndərməyə icazə verməsini istədi. Biz istəmədən narahat olmağa başladıq. Uzaq Türkiyədən və ermənidən şəxsən rus çarının özünə teleqram... Bu həmin zaman nə isə xüsusi və qeyri-adi bir şey idi.

Onun tam mətni budur:

“Əlahəzrət, sizin doğum gününüz ordularınızın Ermənistanın paytaxtına gəlişi ilə eyni vaxta düşdü. Rusiyaya əzəmət və qələbələr arzulayaraq, biz Ermənistanın nümayəndələri sizdən bizi öz mühafizəniz altına almağınızı xahiş edirik. Qoy Böyük Rusiya İmperiyasının dəbdəbəli və fərqli gül dəstəsində kiçik ətirli bənövşə kimi muxtar Ermənistan yaşasın””.

Qeyd edək ki, Aram Manukyan 1879-1919-cu illərdə yaşayıb. 1912-ci ildə Van şəhərində məskunlaşan Manukyan burada Daşnaksütyun Partiyasının lideri olub. Partiya lideri olmasından üç il sonra o, erməniləri Osmanlı imperiyası əleyhinə qaldırıb və rusları buraya gəlməyə səsləyib. Məğlubiyyətindən sonra Tiflisə qaçan Aram paşa sonralar Ermənistanın Daxili İşlər naziri və Müdafiə naziri vəzifələrini tutub. 1919-cu ildə ölən Manukyanı ermənilər hələ də xalq qəhrəmanı kimi qəbul edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.