Qiymətsiz məhsullar müştərini aldatmaq üsuludurmu?
Bu gün, 09:44

Bəzi mağazalarda məhsulların üzərində qiymət göstərilmir. Alıcı yalnız kassada və ya satıcıdan soruşmaqla qiyməti öyrənə bilir və bəzən qiyməti öyrəndikdən sonra məhsulu almağa özünü məcbur hiss edir. Bu, müştərini məhsulu almağa vadar etmək üçün tətbiq edilən bir üsuldurmu? Qanuni baxımdan qiymətlərin göstərilməməsi düzgündürmü?
Marketinq eksperti Samir Mehdiyev Valyuta.az-a açıqlamasında bildirib ki, məhsulların üzərində qiymətlərin göstərilməməsi bir müddət sonra brenddə mənfi təsir göstərir: “Marketinq baxımından məhsulların üzərində qiymətlərin göstərilməməsi qısa müddətdə satış hiyləsi kimi işləyə bilər, amma uzunmüddətli dövrdə bu, brend üçün mənfi nəticələr doğurur. Müştəri mağazaya girəndə əsas gözləntisi rahat və şəffaf seçimdir. Qiymətin görünməməsi əlavə gərginlik yaradır və alıcının alış qərarını ləngidir. Müxtəlif tədqiqatlar da bunu sübut edir: beynəlxalq pərakəndə satış araşdırmalarına görə, şəffaf qiymət göstərilən mağazalarda müştəri məmnuniyyəti 30%-ə qədər yüksək olur. Eyni zamanda, araşdırmalara görə, alıcıların 67%-i qiyməti əvvəlcədən görmədiyi zaman həmin mağazaya qayıtmaq istəmir. Bu isə brend loyallığına ciddi zərbədir”.
“Bəzi mağazalar düşünür ki, qiymət yazmasa, müştəri qiyməti soruşduqdan sonra almağa məcbur qalacaq. Bu psixoloji cəhətdən qismən doğrudur, amma uzun müddətdə mənfi nəticə verir. Müştəri özünü aldadılmış və ya sıxışdırılmış hiss edir. Biz bilməliyik ki, etimad – brendin ən böyük kapitalıdır. Əgər müştəri bir dəfə məyus olarsa, həmin brendə qarşı mənfi fikir formalaşdırır və alternativ axtarır. İşin bir də qanuni və hüquqi tərəfi var. Hüquqi tərəfdən də bu, qanuna ziddir. "İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanuna görə, hər bir məhsulun üzərində qiymət açıq şəkildə göstərilməlidir. Bu, həm şəffaflığı təmin edir, həm də bazarda ədalətli rəqabət yaradır. Nəticə olaraq, mən bir marketoloq kimi hesab edirəm ki, qiymətlərin açıq yazılması həm etik, həm də strateji baxımdan vacibdir. Bu, satış prosesini asanlaşdırır, impuls alışları sağlam şəkildə artırır və müştəri ilə brend arasında uzunmüddətli münasibət yaradır. Mağazalar şəffaflığı özlərinin rəqabət üstünlüyünə çevirməlidirlər.”- deyə S.Mehdiyev qeyd edir.
Tənzilə Ağabalayeva