M&M’s - Kosmosa aparılan ilk kiçik şirniyyatın böyük uğuru
Bu gün, 08:44

Bu gün dünyanın istənilən yerində kiçik, rəngarəng və üzərində “m” hərfi yazılmış şokolad konfetlərini tanımayan adam tapmaq çətindir. M&M’s-in sadə şirniyyatdan qlobal brendə çevrilməsi uzun illərin sınağı, yenilikləri və möhtəşəm marketinq uğurlarının nəticəsidir. Bəs necə oldu ki, bu balaca şirniyyatlar dünyada markaya çevrildi?
İlk dad sadəlikdən doğdu
Valyuta.az xəbər verir ki, brendin təməli 1940-cı illərdə Forrest E. Mars tərəfindən qoyuldu. ABŞ-a qayıdan Mars Nyu-Cersidə "M&M Limited" şirkətini təsis etdi və 1941-ci ildə ilk “Plain Chocolate” konfetlərini bazara çıxardı. Sadə görünüşlü bu konfetlər qısa zamanda insanların sevimlisinə çevrildi.
Orijinallığın möhürü – “m” hərfi
1950-ci illərə gəldikdə M&M’s artıq o qədər məşhur idi ki, saxtaları bazara çıxmağa başlamışdı. İstehsalçı isə kreativ bir addım atdı: hər bir konfet üzərinə “m” hərfi vuruldu. Beləliklə, brendin simvoluna çevrilən bu işarə milyonlarla insanın yaddaşına həkk olundu.
Dadların müxtəlifliyi və kosmosun qapıları
1954-cü ildə M&M’s-in fıstıqlı versiyası təqdim edildi. 1960-cı illərdə isə “Fruit Chewies” bazara çıxdı, sonradan isə məşhur “Starburst” markasına çevrildi.
1980-ci illər isə M&M’s üçün tarixi bir mərhələ idi: brend kosmosa aparılan ilk şirniyyat oldu. Astronavtların ərzaq siyahısında yer alan bu konfetlər 1984-cü ildə Olimpiya Oyunlarının da rəsmi qəlyanaltısı elan edildi. Artıq M&M’s təkcə ABŞ-da deyil, Avropa, Asiya və Avstraliyada da satışa çıxarılmağa başlandı.
Rənglərin inqilabı
1990-cı illərdə M&M’s rəngarəng bir inqilaba imza atdı. "Colorworks" layihəsi ilə istehlakçılar artıq 21 rəng arasında seçim edə bilirdilər. 1997-ci ildə “Mini’s”, 1998-ci ildə isə “Colorworks Peanut” satışa çıxdı. Bu mərhələdən sonra M&M’s yalnız dadlı şirniyyat yox, həm də fərdiliyi ifadə etməyin simvoluna çevrildi.
Yeni minilliyin rəsmi şirniyyatı
2000-ci illər brendi yeni zirvəyə daşıdı. M&M’s “minilliyin rəsmi şirniyyatı” elan olundu (MM – Roma rəqəmlərində 2000 deməkdir). 2002-ci ildə keçirilən beynəlxalq rəng səsverməsində milyonlarla insan iştirak etdi və qalib bənövşəyi rəng oldu. Bir neçə il sonra isə "My M&M’s" xidməti istifadəyə verildi, artıq alıcılar konfetlərin üzərinə şəxsi mesajlarını və şəkillərini əlavə edə bilirdilər.
Brendin fəlsəfəsi
Bu gün M&M’s sadəcə şokolad markası deyil. Onun fəlsəfəsi paylaşmaq, əylənmək və insanları bir araya gətirməkdir.
Sərvanə Rəmixanova