DİQQƏT! Onlayn alış-veriş edənlərin NƏZƏRİNƏ...
Bu gün, 08:34

Müasir dövrdə onlayn alış-veriş və onlayn ticarət çox aktualdır. Bu sahədə hər gün yeniliklərin şahidi oluruq. Lakin bununla belə onlayn ticarətdə bir çox hallarda alıcıların hüquqlarının pozulmasına da rast gəlinir. Həmçinin digər hüquq pozuntuları da mövcuddur. Bəs Azərbaycanda onlayn alış-veriş zamanı alıcıların hüquqları necə müdafiə olunur? Onlayn alış-verişdə nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Əfifə Əsgərova Referans-a açıqlamasında bildirib ki, Azərbaycanda elektron ticarətin sürətli inkişafı istehlakçı hüquqlarının qorunması məsələsini ön plana çıxarıb. Onlayn alış-verişdə alıcıların hüquqları həm milli qanunvericilik, həm də beynəlxalq təcrübəyə əsaslanan hüquqi mexanizmlər vasitəsilə müdafiə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunu alıcının keyfiyyətli mal və xidmət əldə etmək, müqavilə şərtləri barədə dolğun məlumat almaq, malı qaytarmaq və ya dəyişmək hüququnu müəyyən edir. Bu qanun həmçinin də elektron müqavilələrin bağlanması, elektron imza, satıcının məlumatvermə öhdəlikləri və ödəniş mexanizmlərini tənzimləyir.
Vəkil Əfifə Əsgərova onu da diqqətə çatdırıb ki, yaranmış mübahisədən asılı olaraq Mülki Məcəllədə alqı-satqı müqaviləsinin şərtləri, məsuliyyət və zərərin ödənilməsi məsələləri də istehlakçıların bir sıra hüquqlarını özündə ehtiva edir. Onlayn alış-veriş zamanı satıcı mal və ya xidmət barədə düzgün, tam və aydın məlumat təqdim etməlidir Buraya, qiymət, keyfiyyət, zəmanət, çatdırılma şərtləri və s.daxildir.
"Mal qüsurlu olarsa, istehlakçı onun dəyişdirilməsini, təmiri və ya pulun geri qaytarılmasını tələb edə bilər. həmçinin də satıcı alıcının şəxsi məlumatlarının qorunmasını təmin edilməlidir", - deyə vəkil qeyd edib.
Bünyamin Bünyadzadə
Referans