Vida günü

19-06-2019, 20:29           
Vida günü
Bilmirəm, mən o günün necə bir gün olduğunu elə olduğu kimi də qələmə ala biləcəmmi? Bəlkə hə, bəlkə də yox. Amma mən o günü gördüm.
Mən o günü duydum və dərk elədim.
Mən o günü yaşadım.
O gün necə bir günüydü, ilahi!

Və mən o günün nə qədər ağırdan ağır və nə qədər uzundan uzun olduğununun şahidi oldum. Və o günün adamlarının qədəri göründü gözümə. Hamı bir- birinə oxşayırdı o gün. Hamının üzündəki görkəm eyniydi. Duruşlar, davranışlar eyniydi. Danışıqlar elə bil bir qəlilbdən yoğrulub gəlirdi. O günün ruzgarı tək bircə səmtə əsirdi. O günün günəşi də , o günün adamlarının könlünə, ruhuna bir təsəlli səpələmək istəyirdi. Və elə o günün rəngi də o günün adamlarına oxşayırdı. Və Bakı böyük təlatümlü selə qərq olmuşdu o gün. Bütöv bir şəhər o selin altında qalmışdı. Xiyabanlar, caddələr, məhlələr, dolama döngələr, enişlər, yoxuşlar sel altındaydı o gün. ətrafdakı hündür binaların üst qatlarındakı pəncərə və balkonlardan boylananların baxışları da səssiz- səssiz bu selə qarışıb axırdı. Bəlkə bu şəhər elə şəhər olduğu tarixdən həmən o günkü günə qədər belə bir sel ağzında, sel altında qalmamışdı. Bu sel insan seliydi, bu sel insan axınıydı. Bu axın millət axınıydı. Bir yolçuluq başlamışdı o gün. Bir səfər gerçəkləşirdi. Bu qoca Bakının çiyinlərində bir əbədiyyət yolunun yolçusu uğurlanırdı son mənzilə. Elə bil çiyinlərdə bir umud, bir dilək, hələ çiçəyi burnunda olan və yenicə vüsala qovuşan muraz gedirdi. Çiyinlərdə bir nur parçası uçurdu sanki. Ayaqlar yerə dəymirdi. Əllər- qollar qanad olmuşdu. Şəhəri ağuşuna alan insan seli yerlə axmırdı sanki. Hamı qanad açmışdı. Elə bil yüzminlərlə bu sel dalğası uçurdu göylərin əlşatmazlığında.

Çiyinlərdə bir cənazə varıydı. Və bu cənazənin qoyulduğu məxmər və bayraq örtülü tabut qanad açmışdı. Və elə bil mələklər öz qanadlarına almışdı o tabutu və göyərçin olmuşdu omuzlarda gedən o nur simgəsi.

... Mən ordaydım. Həmən o insan selinin bir damcısı da məniydim. Və havada uçan o tabutdan mən də titmuşdum. Ayağımın yerə dəydiyini hiss eləmirdim. Hamı kimi mən də uçurdum. Nəfəs aldığımı da unutmuşdum elı bil. O tabut aparırdə hər kəsi. Bu nə hikmətiydi? Bu nə nağılıydı, bilmirəm. Bircə onu bilirəm ki, o günün iradəsi özünə tabe deyildi. O günün hikməti tamam başqa cürüydü. Qoy orda olanlar söyləsin. O günü yaşayanlar açıqlama versin. O selə qapılanlar, o mükəddər günü hafizələrində yaşadanlar şahidlik eləsin. əgər dediklərimdə, yazdıqlarımda bir yalanım varsa, qadir Allah öz dərgahında versin cəzamı.

Bəlkə də bu yer üzündə çox nadir və tək- tək insan olar ki, elə bir günü, elə bir məqamı yaşamış olsun. Bu insan həyatında milyonda bir ola biləcək işdi. Elə bir gün məhz o gün oldu.
Bəlkə də orda olmaq Allahın bir lütfüydüki, o da ya qismət.
Peyğəmbər əfəndimiz (s.əs) 63- il ömür sürdü. Islam tarixinin 1400-illik varoluşunda çox- çox alimlər- üləmalar və islam dövlətlərinin padşahları olub ki, ömrünün 63- cü yaşında tamamlanmasını istəyib fəqət o da hər kəsə nəsib olmaz. Amma həmən günün axirətə gedən yolçusunun da 63- yaşı varıydı.
Nədənsə heç kəs ağlamırdı o gün. Bilmirəm, bəlkə də mən görməmişəm göz yaşı axıdanları. Amma o gün hər kəsdə bir qürurlu duruş, bir qürurlu baxış hiss olunurdu. Və doluydu hər kəs. Elə bil sinəsi bir qəhrəmanlıq havasına köklənmişdi. Hamının, hərənin içindən bir ərənlik, alpamışlıq boylanırdı elə bil. Yəqin ki, bunun da bir açıqlama yönü var. Və belə bir gündə adamların belə olmasının bir izahı var məncə. Bunu qoy mənəviyyat araşdırıcıları, qəlb oxuyucuları açsınlar, çözələsinlər, anlatlsınlar.

Orda , o havalanan cənazənin qoyulduğu tabutun üstündə üçrəngli müqəddəs bir bayrağın göz oxşayan siması uçurdu üzü fəxri- xiyabana , səmti behiştə.
O bayraq ki, ona illər öncəsi ona türklüyün, islamçılığın və müasirliyin- çağdaşlığın simgəsini ilk dəfə dünyaya tanıdan və onun heç vaxt ucaldığı zirvəlrədən enməyəcəyini söyləyən böyük Məmmədəmin Rəsulzadə sarılaraq gözlərini əbədiyyətə yumub. O böyük insanın izinə və cığırına baş qoyan və bu yolda öz halal mücadiləsiylə tarix qarşısında millətinə, özgürlüyə və demokratiyaya vəfa borcunu şərəflə ödəyən bir insan bükülmüşdü o bayrağa!

... Bir gün öncə aldım onun rəhmət şərbətini içdiyi xəbərini. Telefon açıb mənə bildirməyi özlərinə borc bilmişdilər onun dəyərini dərk eləyən sədaqət sahibləri. Yoxsa hardan bilərdim? Mən Borçalıda, uzaq bir diyarda. Xəbəri alan kimi nələr çəkdiyimi, hansı hallara düşdüyümü mənim ailə üzvlərim- övladlarım və həyat yoldaşım hamıdan yaxşı bilir. O günün günortası gözlərim önündə zil qaranlıq gecəyə dönmüş , hönkürtümə və haykırışıma el yığılmışdı. Həmən gün elə bil dünya yıxılmış, mən də dünyanın altında qalmışdım. Amma onda mənə heç kəs təsəlli verməmiş, bu kökə düşməyimin səbəbini də anlamamışdılar. Və mən səbəbi də açıqlaya bilməmişdim. Danışmağa heyim də qalmamışdı hönkürtüdən. Adamlar, ailəm və digərləri mat qalmışdılar. Oğlum telefonu götürdü və mənə zənglərin o anda kimlərdən gəldiyini araşdırdı və tapdı bu müdhiş xəbərin hardan gəldiyini. Və anlatdı hər kəsə. Hər kəs yenidən sarsıldı. Və bundan sonra hamı bir ağızdan cənazəyə- dəfn mərasiminə mütləq gedəcəyimi istədi. Durmağın yeri deyildi. Geciksəm vidalaşmam axirətə qalardı. Və mən özümdə güc və cəsarət tapıb yola düşdüm. Qarşıda bütün bir gecəlik yol və bu yolu başa vurmaq varıydı. Mən Bakıya çatanda onu Ankaradan gətirən təyyarə artıq hava limanına enmiş və böyük bir izdiham onu təhvil almışdı.

Mən selə qapılanda gözlərimə inana bilmədim öncə. Bu qədər gur axın olardımı dedim öz- özümə. Hər şey yuxu kim gəlməyə başladı mənə. Və bunun çox böyük bir gerçək olduğunu anladıqca bir daha özümə gəlməyə başladım.
Içimdən bir duyğu keçirdi məndən xəbərsiz. Bu təlatümlü izdiham içində gördüyüm adamların hamısını bir-bir bağrıma basmaq və hərəsinə də birər bayraq bağışlamaq istədim. Çünki, orda bulunan hər kəsi bir bayraq şəklində görürüdüm. Amma nə qədər belə istəmiş olsam belə, bu istəyim baş tuta bilməzdi. Onda gərək mənə azı bir il vaxt veriləydi. Və mən bu müddət ərzində hər kəslə bağır basam və bayraq verəm. Həmin o gün heç kəsin qəlbində çiy düşüncə yoxuydu. Hər kəs o qədər duyğuluydu ki! bu boyda təlatümlü bir ümmanı bir araya, bir sıraya gətirə bilən bu ölümə baş əymək gərək! Döğrudan- doğruya yüzminlərin oluşdurduğu bu ümmanı elə bil büsbütün tanıyırdım.

... lap universitetdə oxuduğum illərdən tanıyrdım onu. Başına gələn müsibətlərdən, qaralamalardan və böhtanlardan da yaxşı halıydım. “Ayıl ey millət, bu qəflət mürgüsündən”-deyə haykırdığını hələ 70- ci illərin ortalarından eşitmişdim. Sonrakı mücadilələri də hər zaman yaddaşımda olub. Bayrağa dönüb milyonlarla azadlıq təşnələrini arxasınca apardığının da canlı şahidiyəm. Qanlı bir imperiyaya meydan oxumağın nə demək olduğunu bilməmək də böyük günah sayılar. Amma mən onların və başqa işlərin heç birindən söz açmaq fikrində deyiləm.
Tək bir günə- son mənzilə vardığı bir günə yön çevirmişəm.

Elə bil Bakının timsalında bütün Azərbaycanla və bütün Türk dünyasıyla vidalaşırdı. Və elə bil şəhərin bütün küçələri o karvanın onların qoynundan keçməsinə müntəziriydi. Amma az da olmadı bu vida günü o qoca karvanın dolaşdığı döngələr, meydanlar.
Nə qədər güclüymüş bu inam, Allah!
Nə qədər haqqı sevəniymiş bizim insanlar!
Və bu selin son daynacaq-duracaq yeri”fəxri- xiyaban” oldu o gün. Onu da deyim ki, ormandakı ağacların yarpağının sayı qədər olan adamlar sükut dənizinə döndülır bir anlıq. Gün ərzində şəhəri işğal eiəyən o canlı axını səszizliyə qərq oldu fəxri-xiyabanda.
Bəlkə də heç fəxri-xiyabana ehtiyacı yoxuydu onun. Başdan- başa bu vətənin- bu Azərbaycan məmləkətinin hər guşəsi müqəddəs məkanıydı onun üçün . Və bu Vətən torpağının da harasında olursa olsun gömülə bilərdi. Onun nəşi və həmin ərazi həmin andan dönüb elə “fəxri-xiyaban” olardı. Amma insan seli onu ora gətirdi. Və bu da orda uyuyanlarımızın ruhlarına oxunacaq daha bir dua üçün zəminiydi.

... Və başı üzərində Azərbaycan bayrağı dalğalanan bir axirət evi inşa edildi ondan ötrü Vətən torpağında və ahəstə-ahəstə ordan ayrılan insanların hamısı bir ağızdan və olduqca gur səslə deyirdi:
-Ən böyük Elçibəy!!!
Dərviş Osman Əhmədoğluшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.