MASKA VƏ ONUN daşıyıcıları

28-06-2019, 07:10           
MASKA VƏ ONUN daşıyıcıları
Teref.az olaraq iki il bundan əvvəl yazılmış bu yazını mövzunun aktuallığını nəzərə alaraq yenidən oxuculara təqdim edirik!
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq. (Hüseyn Cavid)
Sizcə insanları yaltaq, ikiüzlü olmağa vadar edən nədi? Niyə insanlar düşüncələrini içlərindən gəldiyi kimi yox, qarşi tərəfə xoş gəlsin deyə söyləyirlər?!Əlbəttə, kimisə, nəyisə itirmək qorxusu, kiminsə yanında pis olmaq qorxusu! Yaltaqlar o qədər çoxalıb ki, onların universitetini və fliallarını açmaq olar.
İnsanın yaranışından üzü bu yana həmişə özündən hakimiyyətdə, mövqedə, gücdə, ad-sanda, şöhrətdə... üstün olanlara yarınmaqla yaşam tərzini qarantiyə alanlar mövcud olub. Ömür payımın yarısı sovet hakimiyyəti illərinə düşdüyündən iki fərqli hakimiyyət quruluşunda- o dövrlə indinin müqayisə etdikdə də yarınmanın, yaltaqlığın, riyakarlığın, ikiüzlülüyün... get-gedə daha da artdığının şahidiyəm. Bu nə kasıblıqla, nə aclıqla, nə də dövrə, zamana görə ortaya çıxan bir əlamət deyil. Bu, mənəviyyat məsələsidir. İnsanların mənəviyyatı aşınır- təbii ki, səbəblər müxtəlifdi, amma ən başında mənəviyyat və əxlaq durur.
Bu gün kənardan baxanda başqalarının gözündə çox rəzil görünən yaltaqlar əsla bundan narahat olmur, əksinə özlərini haqlı sayır, bununla dolanışıq yollarını tapdıqlarını hesab edirlər. İkiüzlü adamların fərdi üzü o qədər iyrəncdir ki, daha bir üzdən istifadə etməli olurlar. İkiüzlülük rəzalətin ləyaqətə ödətdiyi vergidir.
Amma məlum, bu keyfiyyətlə rahat yaşaya bilmək üçün vicdanından, mənliyindən əl çəkməlisən. Bütün yaltaqlar, adətən yalançı olurlar. Çox zaman yaltaqlıq qorxudan törəyir. Elə adamlar yaxşı günündə sənə yaltaqlansa da, pis günündə mütləq sənə arxa çevirəcək. Çünki yaltaqlanası yeniləri peyda olacaq. Hamını tərifləyən adamlar isə əslində heç kəsi qiymətləndirmirlər.
Üzə tərif söyləmək də yaltaqlıq əlamətidir. Amma təəssüf ki, bütün zamanlarda padşahlar, şahlar, krallar... həmişə tərif xoşlayıblar və bunun üçün saraylarında məddah şairlər, yaltaq vəzir-vəkillər, təlxəklər saxlayıblar. İndi dövran dəyişsə də, həmin forma cüzi dəyişikliklə qalmaqdadı. Yəni, paltar dəyişib -xasiyyət, məziyyət qalıb və daha da püxtələşib. Kiçik bir idarədə də yaltaqlıqla başını dolandıranlar, məddahlığa görə mükafatını alanlar və düz danışdığına görə işlərini itirənlər, gözdən düşənlər var. Bu günün tələbi budu, əgər pis olmaq istəmirsənsə, doğru bildiyini içində saxla, ürəyini deşsə də, söyləmə!
Hər kəs üzdə yaltaqlığı pisləyib-yamanlayır, ancaq yaltaqlananlara, onları öyənlərə nəninki dözür, hətta onlara rəğbət duyurlar, onların tərifləri canlarına yağ kimi yayılır, onların dediyi təriflərin həqiqi olduğunu güman edib, düzünü söyləyənlərə düşmən kəsilirlər. Düz danışanın haqlı olduğunu sinirə bilmir, üzlərinə söylədikləri doğru sözləri qəbullana bilmirlər. Unudurlar ki, yaltağın sözü zəhər qatılmış bal kimidi. Qarşındakı səni sevən və hörmət edəndirsə, heç vaxt yaltaqlanmaz, acı da olsa düzünü söylər. Adamları layiq olduğundan az öymək paxıllıq, çox tərifləmək yaltaqlıqdı. Yaltaqlar düz adamları sıradan çıxarmaq üçün əllərindən gələni edirlər. Çünki onlardan qorxurlar. Doğruların başda olması yaltaqlara sərf eləmir. Çünki vəzifə başında olan doğru insan yaltağa meydan verməyəcək, bu isə onun süqutu deməkdir.
Harda namərd möhür vurur -
Sınır ürək, itir qürur...
Yaxşılarmı susub durur,
Yamanın səsi bərk çıxır?! (adını unutduğum şair)
Üzə deyilən tərif həm danışanı, həm də dinləyəni rüsvay edər. Yalnız ən nanəcib adam üzə tərifləyib, arxasınca söyə bilər. İkiüzlü adamlar həmişə kölədirlər, biri getdisə, digərinə yarınacaqlar. Yaltaqlar nə özləri, nə də özgələri haqqında yüksək fikirdə olmadıqları üçün yaltaqlıq edir və "Olmasaydı cahanda sarsaqlar, ac qalardı yəqin ki, yaltaqlar" deyimini çox bəyənirlər. Yaltaqların tərifə tutduğu mənsəb sahibləri, uğur qazanmaq istəyirsinizsə, yaltaqlardan uzaq olsun! Bilsin ki, yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir. Axır bir gün üzdəki maskalar cırılacaq və o zaman çox gec olacaq!
Deyir dünyada üç şey təhlükəlidir: uşaq əlində bıçaq, axmaq əlində hakimiyyət, yaltaq dilində tərif. Makedoniyalı İsgəndər bir nəfərə qarşı ittihamı dinlyərkən bir qulağını tıxayırmış. Ondan bunun səbəbini soruşanda deyib: "Bu qulağımı müttəhim üçün saxlayıram"... Bəli, bir qulağınızı da doğru danışanlar, sizə yarınmayanlar, sizi yersiz tərif yağışına tutmayanlar üçün saxlayın. Bəlkə söylədikləri sizi uçurumun kənarından qaytara bildi!..
Fəridə Rəhimli (yazıçı-publisist, Ədalət qəzetinin köşə yazarı)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.