Aslan Kənan yazır:"Xəyanət qurbanı Hüseyn Cavid və dəyişən ifadələr..."

18-07-2019, 07:48           
Aslan Kənan yazır:"Xəyanət qurbanı Hüseyn Cavid və dəyişən ifadələr..."
Aslan KƏNAN



“Ulu Tanrım, məni dost­larımdan qoru,

düşmənlərimlə özüm bacararam”



Bu ifadələri düşündükcə, qəlbim­də in­­sanlara qarşı bir anlıq biganəlik, inam­sızlıq, ən nəhayət, qorxu hissi baş qaldırır. Bu qorxu məni ölüm Mələ­yi­­nin (Əzrayılın) yaşadı­ğı­mız fani dün­ya­nın ağuşun­dan nə zamansa qoparıb, əbədi məkana – Al­lah-­təalanın dərgah­­ı­na apara­ca­ğından yox, inanıb-isiniş­di­yim, özümə sir­daş bildiyim, Ulu Tanrının göndərdiyi mü­qəd­dəs nemət­ləri birlikdə böldüyüm şəxs­ləri qəlbimdən birdəfəlik siləcəyim qorxusu­­dur.

Ona görə də qorxu məndə ölüm Mələyi ilə haçansa qarşılaşacağım andan yox, insan­la­rın üzüdönüklüyündən, haqsızlığın­dan, na­mərdliyindən, onu doğuran səbəblər­dən ya­ra­nır. Bir də qorxunu mən zülmət gecələrin birində qəflə­tən hər hansı bədheybətlə üz­ləş­diyim dəqiqələrdə deyil, həyat­da özünü mə­lək göstərən, lakin son anda iblis qiyafəsində peyda olunduğunu gördükdə, bu his­si keçirirəm.

Ən nəhayət, qəflətən atılan şər, edilən haq­sızlıq nəticəsində insanda qorxu hissi so­yuq üşütmə yaradır.

Qorxunu doğuran səbəblərdən söhbət aç­maq və po­le­mi­ka yaratmaq olar. Lakin ən üm­dəsi, dahi Azərbaycan şairi Hüseyn Cavi­din təbirincə desək, “yox qorxuya ehtiyac” fikridir.

Qor­xuya ehtiyac olmasa da, bizi dü­şün­­­dü­rən “insan” dediyimiz məfhumların “Şəx­siyyətə” qarşı et­diyi haqsız­lıq­dan çox, onun paxıllığa, riyakarlığa, xəbis­liyə ver­di­yi rəvacdır. Həmin “insan” dediyimiz məfhum çox za­man öz düşüncəsi ilə hərəkət edə bilmir, o, yalnız kənar şəxslərin təsiri nəticəsində “fə­a­liyyət” göstərir. Həmin kəslər kənardan idarə olunduqca kiçilir, cılızlaşır, dav­ra­nışlarını itirir və nəticədə manqurtlaşırlar. Belə manqurtlar başqalarını qanına həris, “canlar yaxar, evlər yıxar insan” (H.Ca­vid) olaraq, iblis xəyanəti yaşadırlar. İblis xəyanətkarlığından xəbər verən müqəddəs kitabımız olan ”Qurani-Kə­rim”­in “Əl-Hicr” surəsində deyildiyi “Ey Rəbbim! Məni azdırmağına (rəhmə­tin­dən kənar etməyinə) And içirəm ki, mən də insanlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib, onların hamısını yoldan çıxaracağam” ayəsiylə Ulu Tanrı insanları ayıqlığa, bu xəyanətdən uzaq olmağa çağırır.

Bu müqəddəs Ki­tabın nazil olmasından 14 əsr sonra dahi şair Hüseyn Cavid, İblisi bütün xəya­nətlərin baiskarı kimi göstərməkdən əlavə, xəyanətkar insanları da İblisdən ayır­mır, onları İblis xə­yanəti ilə eyniləşdirirdi:

“İblis nədir?

– Cümlə xəyanətlərə bais…

Ya hər kəsə xain olan insan nədir?

– İblis!…”

Düzü, biz bu yazıda “İblis” faciəsindən, onun müəl­lifinin digər əsərləri haqqında fikir yürütməkdən çox uzağıq. Bizim məqsədimiz yalnız uzun illərin yorğunu olmuş dahi şairin həyat səhifələrini vərəqləmək, fəaliyyətinə kölgə sal­mış, onu nəyin bahasına olur-olsun uçuruma yuvarlamağa çalışan (haradasa bu istəklərinə nail olan), man­qurtlaşmış “qə­ləm dostları”nın hücumlarının müəyyən məqamlarını xatırlamaqla, həqiqəti gələcək nəsillərə göstər­məkdir.

Məhəmməd Peyğəmbər (s.ə.s.) kəlam­ları­nın birində buyu­­rur: “Həqiqət insanlar üçün nə qədər acı və xoşagəlməz olsa da, onu deyin”.

… Hələ məktəb illərində 37-ci ilin qanlı hadi­sələri, onun günahsız qurbanları haqqında müəllimlərimdən ara-sıra eşitdiyim qırıq-qı­­rıq, üstüörtülü söhbətlər, vurulan ehyam­lar, daha doğrusu, atmacalar, hamı ki­mi, mənim də maraq dairəmdən kənara çıx­mır, eşitdiklərimi içimdə “əritməyə” çalışır, həmin ədəbiyyat xadimləri barədə yeni-yeni sözlər eşitməyə can atırdım. Lakin o dövrdə olan şəxsiyyətə pərəstiş xofu hər bir qəlbə hakim kəsildiyi üçün müəllimlərimiz bu mövzuda bizimlə açıq söhbətdən yayın­mağa çalışırdılar. Bu cür söhbətlər çox zaman “məhkəməsi” yalnız 20 dəqiqə olmuş, “adamın üzündə həya” axtaran şair Mikayıl Müşfiqdən, bir də “…ədəbiyyatımıza panislamizm, pantürkizm gətirmiş”dir (S.Vurğun) deyən, saçının ağarmasını istəməyən şair tərəfindən günahlandırılan Hüseyn Cavid haqqında ürəkağrısı ilə danışılırdı.

Sonralar bu şəxsiyyətlər haqqında söylənilənlər məktəb divarlarından “keçib” universitet auditoriyalarında, müxtəlif ədəbi məc­lislərdə söhbət mənbəyi olur, həyatlarının ağır səhifələri vərəqlənir, bəzən onları “güdaza” verənlərin adları düzgün oldu-olmadı çözələnir və hallandırılırdı. Həmin haqsız itti­ham­lar nəticəsində onlar həm məndə, həm də geniş icti­ma­iyyətdə yanlış fikirlər formalaşdırmağa müvəffəq olur­du­lar. Lakin müəyyən müddətdən sonra, həqiqət mənə tam aydın olanda, ara sözlərə inandığım və günahsızları təqsirləndirdiyim üçün vicdan əzabı çəkməkdən əlavə, Allah­-tə­ala xofu bədənimdə gizildəməyə başladı. Böyük günah iş­lə­diyimi dərk edib, haqsız insanların ünvanına bilmədən söylədiyim ittihamlara görə Ulu Tanrıdan əfv olunmağımı dilə­dim. Çünki “böhtandan çəkinmək” Ulu Tanrının elçi­ləri vasitəsilə insanlara etdiyi kəlamlardan ən ümdəsidir: “(Ey insan) Bilmədiyin bir şeyin ardınca getmə, (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə) çünki qulaq, göz, ürək – bunların hamısı (sahibi­­nin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”.

Mən isə bilərəkdən və ya bilməyərəkdən, bu günahın sahibi olmuşdum. Lakin bir anda özümdə təsəlli tapıram ki, həyatı, kainatı, varlığı bilərəkdən dərk etməyənləri və yaxud bilməyərəkdən bir günah işlədən insanları aləmin Rəbbi olan Allah-təala bağışlayandır. Axı unutmaq olmaz ki, Ulu Tanrı səbrlidir, rəhmlidir və bağışlayandır. O, nəinki həyatı dərk etməyənləri, hətta bilərəkdən xəta etmiş və yaxud günah işlətmiş insanları da (əgər həmin şəxslər Allahdan sidq ürəkdən əfv edilməsini istəyərsə) bağışlayandır.

Bu baxımdan, gələcək günahlardan uzaq olmaq, keçmişin qaranlıq səhifələrinə işıq salmaq, onları arayıb-axtarmaq və həqiqətləri üzə çıxartmaq üçün biz sənədlərə müraciət etmək məcburiyyətində qalırıq.

***

Keçən əsrin 60-70-ci illərində 1937-ci illə bağlı böhtanların müəllifi olan bir qrup “ziyalı”nın hazırlayıb həyata keçirdikləri “oyun” öz “bəhrəsini” verirdi.

Bununla da həqiqətin boğulduğu bir dövrdə haqsızlar və onların tərəfdarları geniş ictimaiyyət arasında fikir ayrı­lığı yaratmağa müvəffəq olurdular. Bu cür “əməliyyatlar” xüsusi sifarişlə həyata keçirilirdi.

Arxiv sənədlərindən aydın olur ki, özünün təbirincə desək, “xoşbəxt ölkənin şən uşaqlarının yazıçısı” M.Seyidzadə Azərbaycan Sovet Yazıçılar İttifaqının idarə hey­ətinə 28 iyul 1937-ci ildə yazdığı izahatında yuxarıda adını çəkdiyimiz şairlər haqqında təhqirimiz ifadələr işlətmək­dən belə, çəkinməmişdir.

Vaxtilə “qoca yazıçı kimi hörmət” etdiyi, evində çörək kəsdiyi, uzun müddət Şüvəlanda bağ qonşusu olduğu H.Cavidin ünvanına qələmə gəlməyən təhqirlər deyən bu “şair”ə nədə haqq qazandırmaq olar?

Bu “izahat”ı oxuyanda, gözəlləri “vəsf edən” qəzəlləri, pak qəlbli uşaqlar üçün yazdığı şeirlərində sünilik bir daha aydın görünür. Sən demə, yazdığı bu əsərlərin arxa­sın­da yalnız sünilik dururmuş. Sən demə, bu şeirlərdə şairin ürək çırpın­tı­sın­dan çox, uşaqlara və gənclərə yaltaqlıq, qorxaq­lıq aşıla­nırmış. Belə “şair”dən uşaqlar və gənclər nə tərbiyə götürməlidir? Onun paklıqdan, düzlükdən, vətənpərvərlikdən, dostluqdan, böyüyə hörmətdən danış­ma­ğa nə haqqı var?

H.Cavidin ünvanına dediyi ziyalıya yaraş­mayan küçə söyüşlərini oxuduqca, belələrinə yazığım gəlir. Yalnız belələri hər dövrün “adamı” olmaq bacarığına ma­likdirlər.

Maraqlıdr ki, dediyi bu sərt ifadələrdən 36 il sonra, yəni 1973-cü ildə Cavid haqda tamamilə başqa xatirələr yazıb: “Cavidi böyük sənətkar, səmimi dost, incə zövqlü bir şair kimi, həmişə hörmət və məhəbbətlə xatır­layı­ram”.

Görəsən, boğazdan yuxarı deyilən bu gəlişigözəl sözlər hansı yaraya məlhəm ola bilər?!

Bir zaman “Lider” televiziyası ilə çıxış edən Xalq yazıçısı Anar təxminən belə bir ifadə işlətdi ki, guya, 1937-ci ilə qədər heç kim bir-birinin əksinə sərt çıxışlar etməyib. Şəxsiyyətinə, qələminə, yüksək intelektuallığına hör­mət etdiyim yazıçı Anar müəllimə rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin 30-cu illərin çıxışlarının stenoqramını xatırlatmaq istərdim. Məgər həmin çıxışlar 37-ci illərin abı-havasın­dan xəbər vermirdimi? Məgər o zaman gənc şairləri­miz­dən birinin 1931-ci ildə “İnqilab və mədəniyyət” jurnalında “Bolşevik yazı” haqqında sərt məqaləsi yazılmadımı? Axı həmin müəllif poeziyada ilk qədəmlərini atırdı. Sual olunur: nə idi gənc şairə olan belə sərt hücum?Sonradan tarix göstərdi ki, həmin “Bolşevik yazı” dövrünün ən gö­zəl şeirləri cərgəsində duracaq əsər oldu. Görəsən, bu qıs­qanc­lıq nədən irəli gəlirdi?

Həmin iclaslardan başlayaraq adını çəkdiyimiz və çək­mə­diyimiz ədəbiyyat xadimlərinə qarşı haqsız hücumlar “cücərməyə” başladı. Xüsusilə də H. Cavid haqqında haqsız yerə tənqid, bəzən də təhqir edərək, nəyin bahasına olu­r-olsun, onu aradan götürməyə can atırdılar. Çünki o dövr­də H. Cavid qədər sevilən, pərəstiş edilən, əsərləri səhnələrdə “hökmranlıq” edən ikinci şair təsəvvür etmək çətin idi.

Sözsüz ki, belə şöhrət sahibi olan bir insan “Rəhbərə salam”ın müəllifinə və onun ətrafındakılara xoş gələ bil­məz­di. Məhz bunun nəticəsi idi ki, həmin şəxslər qruplaşaraq H.Cavidə qarşı hücuma keçib, onu “həyatımızı, quruluşumuzu, böyük şairlərimizi” (S.Vurğun) görməməkdə günahlandırırdılar. Həmin çıxışlarda “Cavidin əsərləri haq­qında hələ tənqid yoxdur” ifadəsinin arxasında nələrin da­yandığı, hansı hökmün veriləcəyi sonradan məlum olacaqdır. Əgər o, 1936-cı ildə H.Cavidə bir “yoldaş” kimi yanaşmış, yaxşı münasibətdə olmağı məqsədəuyğun sayaraq, ondan istifadə etməyin zəruriliyindən çıxış edirdisə, bir il sonra – 1937-ci ildə “Səadət düşməninə” şeiri ilə dahi şairi açıq təhqir etməkdən çəkinməmiş və ölmünə fitva verənlərdən bəlkə də birincisi olmuşdur.

Şeirlərinə “özündən qabaq” öləcək hökmünü verənlər düşünmürdülər ki, illər keçəcək, H.Cavidin əsələri yenə də səhnələrimizdə “hökmranlıq” edəcəkdir. Həmən hökm verənlərə məlum deyildi ki, dünya siyasətçiləri arasında liderliyini ömrünün sonunacan əldən verməyən Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Sibirin buzlu çöllərində uyuyan dahi şairin nəşini vətənə gətirdib, doğma torpağa tapşıracaq və adını əbədiləş­dirmək­dən ötrü şəhərin mərkəzində onun nəhəng heykəlini ucal­dacaqlar…

***

1937-ci ilin yay günlərinin birində H.Cavid Gənc Tamaşıçılar Teatrına təqdim etdiyi “Ana” pyesinə necə quruluş verilməsini öyrənmək üçün teatrın baş rejissoru Məhərrəm Haşımovla gecədən keçənə qədər söhbət etmiş­di. Söhbət şirin keçdiyindən, şair vaxtdan xəbər tutma­mışdı. Teatrın gözətçisi gəlməsəydi, söhbət uzun çəgəcəkdi. Ca­vid əfəndi uşaqların nigaran qalacağından ehtiyat edib, M.Haşımovla vidalaşaraq, sabah görüşmək ümidi ilə evə tərəf yollanır.

…O, sakitcə qapıdan içəri daxil oldu, heç kimi oyatmamaq üçün ayaqlarının ucunda mətbəxə keçdi. Bir fincan çay içib, yatağına uzanmaq istədi. Lakin nə qədər o yan, bu yana çevrildisə, gözünə yuxu gəlmədi. Müşkinaz xanım da Cavid əfəndini gözlədiyindən, yatmamışdı. Səhərdən nədən­sə o da özünə yer tapa bilmirdi. Ürəyi yaman sıxıntı çəkirdi. Cavid əfəndinin evə gəlişi onu, az da olsa, sakitləşdir­mişdi. Son hadisələr onu narahat etməyə bilmirdi.

Bu za­man qapı döyüldü. Şair çarpayıdan sakitcə qalxıb, barmaq­larının ucu ilə qapıya tərəf yaxınlaşdı. Gələnlərin kimliyini soruşmağı lazım bilmədi. Elə bil “qonaqlar”ını çoxdandır ki, gözləyirdi.

Hər şey aydın idi. Sakitcə əynin geyib, Müşki­nazın çarpayısına yaxınlaşdı, ona uşaqları ayıltma­ma­ğı tapşırdı. “Arxayın ol, tezliklə gələcəyəm” deyib, qa­pı­nı arxasınca örtdü.

Şairi həbs etmək üçün aylarla hazırlanan, bunun üçün də ayrı-ayrı şəxslərdən “donos” yığan məxfi idarə, nəhayət, 27 may 1937-ci ildə təhlükəsizlik üzrə leytenant Klimençiçin təqdimatı, kapitan Çinmanın təsdiqi və Sumbatovun 3 iyun 1937-ci il qərarı ilə Hüseyn Cavidin həbs edil­məsi üçün order yazır.

Artıq 4 iyun tarixdə onu həbs edirlər.

Şairin adına yazılan ilkin arayışda H.Cavidin 1892-ci ildə anadan olduğu qeyd edilsə də, lakin həbs anketində 1882-ci ildə doğulduğu göstərilir.

Şairi həbs etmək üçün uzun müddət hazırlıq işləri gedib. İlk növbədə “qələm dostlar”ından Cavid əfəndiyə qarşı ifadələr təşkil olunub. Bu minvalla, yetərincə ifadələr toplandıqdan sonra, məxfi idarə “əməliyyatlar”ını həyata keçirib.

13 mart tarixdə şair M.Rzaquluzadənin təhlükəsizlik ida­rəsinin kiçik leytenantı Məmmədov tərəfindən dindirilməsindən:

“Sual: Hüseyn Cavidin millətçi-burjua baxışları haqqın­­da nə deyə bilərsiniz?

Cavab: Hüseyn Cavid bir yazıçı, şair və dramaturq kimi, Azərbaycanda Sovet Hakimiyyəti qurulandan son­­ra əsərlərinin, demək olar ki, hamısını əksinqilabi, mil­lətçi mövzu­sun­da yazırdı. O, sovet ideyalarından uzaq olmaqla türk­çü­lüyü, osmançılığı təbliğ edir­di. Onun əsərləri Sovet möv­zusundan uzaq idi. O,“İb­lis”,“Peyğəmbər”, “Siyavuş”, “Topal Teymur” əsər­lə­rin­də pantürkist, panislamist ideya­larını yayır, xüsu­silə osmanlı ideyasını yaymaqla fəxr edir­di. H.Ca­vid­dən sovet quruluşu haqqında, onun tərənnümü barədə yazı tələb edəndə, o göstərirdi ki, guya, Sovet İt­ti­fa­qın­da “daimi qəhrəman” yoxdur, onlar yalnız hər gün dəyişirlər. Bu əksinqilabçı sübut etmək istəyirdi ki, “O, çək­­məçi deyil və sifariş qəbul etmir” və sovet tematikasından imtina edirdi. H.Cavid Azərbaycanın “ruslaş­ma­ya” aparıldığını, vəzifələrə rusların yerləşdirilyini, Azər­baycan dilinin rus təsiri altına düşdüyünü iddia edir. Həbs olunana qədər o, öz ideyasından dönməmiş, əksin­qilabi, millətçi kimi qalır.”

Bu ifadələr mənə DTK tərəfindən 27 may 1937 ci ildə şair Mikayıl Müşfiqin həbs olunması haqqında yazılmış arayışı xatırladır. Müşfiq qeyd edirdi: “Azərbaycanın öz azadlığı yoxdur, o, Rusiyanın koloniyasında yaşayır”.

Artıq 20 ildən sonra bəraət alan dahi şair haqqında mayor Abdullayev tərəfindən dindirilən M.Rzaqulu­za­də­nin H.Cavid barəsində dedikləri: “Hüseyn Cavid inqilabdan əvvəl görkəmli yazıçı kimi tanınmışdı. O, əməkçi insanlar, fəhlələr haqqında gözəl əsə­rlər yazıb. Mənə məlumdur ki, H.Cavid heç bir siyasi par­tiyanın üzvi olmamışdı. O belə qənaətə gəlirdi ki, poe­ziya bütün siyasətləri üstəməlidir. Onun əks-inqilabi fəa­liy­yəti haqqında heç nə mənə məlum deyil. O, siyasətçi, əks-­­inqilabçı ola bilməzdi, çünki o, bən­zərsiz insan idi, o, siyasətlə məşğul olmağı sevməz­di.”

Həmin ildə də Azərbaycan Yazıçılar İttifaqı ple­nu­mun­da H.Cavidi Azərbaycan dilinə qarşı qoymuş, onu “Os­man­lı türklərinin dilini ədəbiyyatımıza” gətir­mək­də günahlandıraraq şairə “ultumatum” vermiş və “Hüseyn Cavid yaşadıqca onu…döyməliyik” (güllələməliyik-A.K.) deməkdən belə çəkinməmişdilər.

Bu kimi poeziya “fədailəri”nin çılğın çıxışlarının nəticəsi idi ki, Azərbaycan xalqının say-seçmə övladları 37-ci ilin dalğasına qarışmış, uşaqları isə “xalq düş­mə­ni”nin övladları kimi təhqir olunmuşdur. Lakin yuxarıda adları çəkilənlərdən fərqli olaraq, uzun illər bilərəkdən xalqın hafizəsində mənfi rəy yaradılan xalq şairi Süleyman Rüstəm hələ 1937-ci ilin may ayının 20-də Bakı dramaturqlarının müşavirəsindəki çıxışında hər kəsdən fərqli olaraq göstərirdi: “…Bu canilər Hüseyn Cavid kimi sənətkar bir dra­­ma­turqu səhnədən sıxışdırıb çıxarmışlar. Cavidin yaz­dı­ğı “Şəhla” pyesini onlar bəyənmirdilər. Bunun səbəbi “Şəhla”nın sovet teması olaraq Cavid tərəfindən qələ­mə alınması idi. Onlar Cavidə göstəriş vermək, yardım etmək əvəzinə, onu rədd edir və bununla da Cavidi sovet tematikasından uzaqlaşdırmaq istəyir­dilər.”

Şairin həbsinin yaxınlaşdığı hər kəsə aydın olduğu halda, S.Rüstəm Cavidin tərəfində durmaqdan çəkinmir.

Lakin illər ötdükcə 37-ci il hadisələrinin təkanverici qüvvələri öz əməllərini ört-basdır etməkdən ötrü “təbliğat maşınları”nı hərəkətə gətirmiş, günahı az olanların adlarını qabardaraq, əsas günahkar kimi ictimaiyyətə təqdim etmiş, bununla da yaxalarını kənara çəkməyə müvəffəq olmuşlar.

İndi hər iki qütbün – haqsız günahlandıran ilə, gerçək günahkar şəxslərin övladlarının nəzərləri bir-birinə dikilib.

Birinci qütbün nümayəndəsi ikincini nə ilə, necə ovuda biləcək? Həmin şəxslər, bəlkə, sakit baxışlarla üzünü göylərə tutub Ulu Tanrıdan atasına rəhm edilməsini dua edəcək? Bəlkə, dua etmədən öncə, günah işlətdiyi şəxsin övladından bağışlanmasını istəyəcək?

Bax budur əsas məsələ: tarix heç kimi, heç kəsi yaxşı və pis əməllərinə görə unutmur.

Bu cür fikirlər mətbuat səhifələrində işıqlandırılmasa da, ayrı-ayrı elm və mədəniyyət ocaqlarında “xüsusi təlimatlanmış” şəxslərin vasitəsilə ictimaiyyətə “sözarası sırıyırdılar”. Belə olmasaydı, arxalı təqsirkarlar arxasız, təqsiri olmayanlara hücum etməz, onların adlarının hallan­ma­­sına şərait yaratmazdılar…

Həmin tarixi faciədən bizi səksən illik bir vaxt ayırır…

WhatsAppFacebookFacebook MessengerTwitterShare












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.