İNSAN BAZARINDA UCUZLUĞA BAX!!! - Mehriban Vəzir yazır

4-12-2019, 18:59           
İNSAN BAZARINDA UCUZLUĞA BAX!!! - Mehriban Vəzir yazır
Teref.az: 90-ların Aztv-sinin ulduzları vardı. Dahi Şostakoviç demişkən "öncə mən... sonra böyük boşluq, daha sonra... bütün başqaları"
O başqalarından olan 2 nəfər - yaxşı qazanmağı bacaran dostlarımız bir-birlərinin kölgəsini qılıclayırdı. Biri o birinə "rejimin iti" deyirdi, O biri bu birinə "pkk-nın adamı".
Görüşəndə öpüşürdülər.
Biri o birinin, o biri bu birinin dediyini nöqtə-vergülünə kimi bilirdi. Çünkü hər tərəfdə xəbərçi milçək kimi qaynayırdı...
Bir gün "rejimin iti" ilə söhbət edirik, təbii ki yenə "pkk-nın adamı"nı asıb kəsirdi. Bir-birlərindən çox yanıqlı idilər. Nəyi bölə bilmirdilər? Bilmədiyim səbəblər vardı, təbii ki.
Və birdən həmsöhbətim kükrədi:
- Yaxşı, mən qəbul edirəm, mən filankəsin itiyəm. Bəs sən kimsən?
Başım gicəlləndi. Gözüm qaraldı.
Hələ də elə bilirəm: belə təhqirlərə görə kişi kişinin qırtlağından yapışar. Boğar.
İndi də xatırlayanda ürpənirəm.
Həm etmək, həm "əcəb edirəm" demək də adı üstündə olan ayrı bir kateqoriyadır.
Boylu-buxunlu, yaşlı-başlı, bığlı-saqqallı, ali təhsilli, ailəli, vəzifəli, ev-eşikli, oğul-uşaqlı... nəli... nələrli... bu adam özü haqqında bu sözləri necə deyə bilər!? Necə belə rahat, gözünü qırpmadan, üzü qızarmadan "itliyi" boynuna alar!? Bu rəzalət xaltasını necə məmnunca və öz əli ilə boğazına taxar!?
Bəs ləyaqət!?
Bəs şərəf?
Bəs peşə əxlaq!?

İNSAN BAZARINDA UCUZLUĞA BAX!!!

Nə isə... "...trolam" bəyanı ötən günləri - ulduz dövrümü :) xatırlatdı...
Həm gülürəm, həm halımıza acıyıram. Çünkü artıq bu, fərdi məsələ deyil, ictimai bəladır, mənəvi fəsaddır, milli müsibətdir.

"İnsan zəifdi" Quran ayəsində deyildiyi kimi...
İnsanı belə ağır imtahanlara salmaq lazım deyildi... insan nazilir, üzülür, sınır... mənliyi onu tərk edir... insan arın, abrın itirir... üzü həyasızlaşır...
İnsan insanlığını itirdikcə millət puç olur, dövlət heç olur.
Əminəm, çörək-rifah adam olmaqdan, ləyaqət sahibi olmaqdan, peşəkar olmaqdan, peşə əxlaqı daşımaqdan çıxsaydı - normal rejim olsaydı bu bığlı-saqqallı kişilər, eləcə də botokslu qadınlar bu hala düşməzdilər.
Ömürlərini şərəflə yaşayardılar.
Az olmayan dərdimin üstünə bu dərd də gəlməzdi...
Mehriban Vəzir.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.