Tanınmış şair Nəzakət Məmmədova ilə eşq yaşayıb…?

9-03-2016, 23:21           
Tanınmış şair Nəzakət Məmmədova ilə eşq yaşayıb…?
Moderator.az oxucuların istəyini nəzərə alıb cavan yaşında vəfat etmiş müğənni Nəzakət Məmmədova haqqında ikinci yazını təqdim edir.
Özü gözəl olsa da, bəxti özünə bənzəməyən müğənninin vəfatından sonra haqqında bir çox şayiələr yayıldı. Təəssüflər olsun ki, həmin şayiələr bu günə qədər də danışılmaqdadır. Nəzakət Məmmədovanın ölümünə, eləcə də tək övladı olan Ceyhunun sonrakı aqibətinə 14.02.2016 tarixdə yayımlanmış “Nəzakət Məmmədova haqqında heç yerdə eşitmədiyiniz, oxumadığınız” sərlövhəli yazımızda aydınlıq gətirməyə çalışmışdıq.
Bu yazımızda mərhum müğənninin kəlbəcərli şair Sücaətlə münasibətlərinə, daha doğrusu bununla bağlı danışılanlara işıq tutmağa çalışacağıq.
Bəzi şəxslər danışırlar ki, guya Nəzakət Məmmədova ilə kəlbəcərli şair Sücaətin arasında sevgi münasibətləri yaşanıb. Gerçək olan isə budur ki, şair Sücaət müğənninin aşiqi olsa da aralarında sevgi münasibətləri yaşanmayıb. Şair sadəcə müğənniyə məktublar, şeirlər yazıb. Şairin qohumlarının danışdıqlarına görə təxminən 1982-ci ildə Nəzakət Məmmədova Kəlbəcərdəki “İstisu” sanatoriyasında dincəlirmiş. Orada müğənnidən xahiş ediblər ki, konset versin, ancaq Nəzakət Məmmədova Bakıya qayıtmalı olduğunu bildirib. Və söz verib ki, qısa müddətdə qayıdıb orada bir konsert proqramı ilə çıxış edəcək. Müğənni söz versə də sözünə əməl etmir və bir daha ora qayıtmır. Müğənninin yolunu səbirsizliklə gözləyən şair Sücaət o zaman ona bir şeir həsr edir.
Könül, üzü dönmüş yara neylədim
Mən ha əzizlədim, naşıydı, getdi.
Könlümün ilk yarı, ilk sevimlisi
Gözümün son damla yaşıydı, getdi.

Parçalandı eşqi, söndü havası
Naləyə çevrildi könlümün səsi.
Sevgi dünyasının daş ürəklisi,
Nazlı gözəllərin başıydı, getdi.

Qəlbimi sıxsa da yar dönə-dönə,
Sücaət kəm baxmaz məhəbbətinə.
Mən onu sevirəm, sevirəm yenə,
Onun öz keyfiydi, xoşuydu getdi
Şair Sücaət bir müddət keçəndən sonra müğənniyə daha bir şeir həsr edir.
Yaman çətin imiş sənsiz yaşamaq,
Könlüm gecə-gündüz ağlar, qayıt gəl.
Sevəni bir gündə yüz yol öldürər,
Yarsız ötüb keçən çağlar, qayıt gəl.

Demə keçən- keçib, olan-olubdu.
Vaxt olub boşalan bir də dolubdu.
Sən gedəndən saralıbdı, solubdu,
Gül açmır bağçalar, bağlar, qayıt gəl.

Həsrətin ömrümün sarayın sökür,
Qəlbim haray çəkir, gözüm qan tökür.
Sücaət vətəndə qəriblik çəkir,
Qürbətə dönübdü dağlar, qayıt gəl.
Bu şeir yazılandan bir müddət sonra Nəzakət Məmmədovanın ölüm xəbəri yayılır. Şair Sücaət müğənninin məzarı üstə gedir və orada Nəzakət Məmmədovaya sonuncu “Barışmağa gəlmişəm” şeirini yazır.
Dur əzizim, barışmağa gəlmişəm,
Dözəmmirəm, dözüm sənsiz qalıbdı.
Öz ürəyim öz sinəmi isitmir,
Odum sənsiz, közüm sənsiz qalıbdı

Kövrəlmişəm, elsiz dağa dönmüşəm,
Saralmışam barsız bağa dönmüşəm.
Bir kimsəsiz kür uşağa dönmüşəm,
Qan ağlayır, gözüm sənsiz qalıbdır.

Sücaətəm, şamda mənəm, çıraq da,
Sən getmisən, mən qalmışam soraqda.
Yazdıqlarım buza dönüb varaqda,
Şerim sənsiz, sözüm sənsiz qalıbdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.