Yadplanetlilər ABŞ-da 66 nəfəri öldürdü... - Məxfi

1-04-2016, 00:37           
Yadplanetlilər ABŞ-da 66 nəfəri öldürdü... - Məxfi
Amerikalı Milton Uilyam Kuper dünyanın tanınmış sui-qəsd nəzəriyyəçilərindən biridir. 1943-cü ildə anadan olan Kuper ABŞ Dəniz Donanmasında xidmət edib. O, illər sonra Dəniz Donanmasında olan zaman ABŞ hökumətinin Uçan Naməlum Obyektlərlə (UNO) bağlı gizli sənədlərini gördüyünü bildirir və onun bu sözləri sensasiyaya səbəb olur. Milton Kuperin “Məxfi hökumət” adlı yadplanetlilərlə bağlı hesabatı 1991-ci ildə mediada yayımlanır və bu, böyük rezonans yaradır. Sözügedən məqalədə yadplanetlilərlə bağlı uzun illər məxfi saxlanılan məlumatlar ilk dəfə ictimaiyyətə açıqlanır.

Axar.az həmin məqaləni təqdim edir:
Dünyanı kim idarə edir?

1980-ci illərdə İsveçrənin Cenevrə şəhərində yerləşən Planet Sintezi İnstitutunun əməkdaşı Milton Kuperin “Məxfi hökumət” adlı məqaləsi mediada işıq üzü görəndən sonra böyük rezonansa səbəb oldu. Əslində, məruzə kimi hazırlanan məqalədə uzun illər gizli saxlanılan məlumatlar ilk dəfə olaraq ictimaiyyətə çatdırılırdı.

Məqaləni təqdim edirik:

Trumenin gizli missiyası

II Dünya Müharibəsi zamanı ABŞ atom bombasını yaratdı və onu sınaqdan keçirdi. Elə bu vaxt Harri Trumen hökuməti ABŞ-ın Nyu Meksika adlanan ərazisində yadplanetlilərə aid kosmik gəminin qəzaya uğraması xəbərini aldı. 1947-ci ilin yanvarından 1952-ci ilin dekabrınadək ən azı 16 yadplanetli gəmisi qəzaya uğramış, yaxud məcburi enişlər etmişdilər. Nəticədə amerikalılar 65 yadplanetlini ölü, birini isə diri halda ələ keçirdilər. Bu hadisələrə sonradan “tam məxfi” qrifi vuruldu. Sonradan bu kimi başqa hadisələr də gizli saxlanıldı.

ABŞ-ın müdafiə naziri Ceyms Forrestl isə bunların gizli saxlanmasına qarşı çıxdı və “Xalq hər şeyi bilməlidir” devizi ilə hökumət rəhbərləri ilə görüşlər keçirdi. Nəticədə Trumen hökuməti onu istefa verməyə məcbur etdi və əsəb xəstəlikləri sanatoriyasına yolladı. Məqsəd isə təbii ki, tam başqa idi, sadəcə, nazirin nəsə danışacağından qorxurdular. Elə o səbəbdən də nazir sanatoriyada sui-qəsd nəticəsində öldürüldü.

1948-ci ildə sağ ikən ələ keçirilən yadplanetli isə xeyli vaxt özünə gələ bilmədi. Ona bioloji varlıq adı verdilər. Bütün gününü uzanmış vəziyyətdə keçirən yadplanetlinin dili yalnız iki ildən sonra açıldı. Ondan bəzi məlumatları ala bildilər. Onun dedikləri sadəcə olaraq hamını şoka salan tükürpərdici məlumatlar idi. Amma o çox yaşamadı. 1952-ci ildə məhv oldu.

Bəşəri xilas üçün “Siqma” layihəsi

Elə həmin il ABŞ prezidenti Trumenin göstərişi ilə Fövqəlməxfi Milli Təhlükəsizlik İdarəsi yaradıldı. Bu idarənin vəzifəsi yadplanetlilərin danışıqlarını açmaq və onlarla əlaqə yaratmaq, dialoqa girmək idi. Amma bu idarənin əsas vəzifəsi bütün Yer üzünün istənilən nöqtəsində yadplanetlilərlə insanların rabitəsini aşkara çıxarmaq və bunun gizliliyini təmin etmək idi. Həmin layihəyə "Siqma" adını verdilər. Trumen SSRİ də daxil olmaqla öz müttəfiqlərinə məsələnin yalnız müəyyən qismini izah edir, “uçan boşqabları” birmənalı şəkildə bəşəriyyət üçün təhlükə adlandırırdı. Hətta müttəfiqlər yadplanetlilərin nə zamansa Yerə hücum edəcəyini nəzərə alaraq xüsusi müdafiə planı hazırlamışdılar. Bütün məlumatlar mətbuatdan gizli saxlanılırdı. Məlumatların məxfiliyini qorumaq məqsədilə mərkəzi Cenevrə şəhərində yerləşən “Bilder Dürges” gizli cəmiyyətini yaratdılar. Bu cəmiyyət inkişaf edib məxfi dünya hökumətinə çevrildi. Hazırda bu hökumət HAMIYA RƏHBƏRLİK EDİR!

Yeni yadplanetlilər - yeni problemlər

1953-cü ildə Eyzenhauerin hakimiyyəti illərində 10 “uçan boşqab” qəzaya uğradı. Bunlardan 4 yadplanetli sağ tapıldı. Prezident yadplanetlilər problemini həll etməli idi. Bu məqsədlə dostu Nelson Rokfellerə müraciət edir və onlar birlikdə “Əksəriyyət-12” təşkilatını yaradırlar. Bu zaman isə prezident Rokfellerə müraciət etməklə həm ABŞ-ı, həm də Yer kürəsinin gələcəyi üçün böyük səhv addım atmış olur. 1953-cü ildən sonra Yerə kosmik gəmilərin axını başlayır. Bu isə Yer kürəsi üçün yaranan gələcək təhlükələrdən xəbər verirdi. 1952-ci ildə yaradılan və əsas məqsədi yadplanetlilərin danışığını tutmaq, şifrələri açmaq olan “Siqma” layihəsi həqiqətən də bu işi müəyyən dərəcədə bacardı. Əksər radiosiqnalları tutdu. Amma bu, hələ son deyildi. Çünki “Siqma”nın da aça bilmədiyi müəmmalar çox idi. Bu müəmmalar sonradan bəşəriyyət üçün təhlükəyə çevriləcəkdi...

Yadplanetlilər ABŞ-la imzalanmış müqaviləni pozur

1955-ci ildə bəlli olur ki, yadplanetlilər prezident Duayt Eyzenhaueri aldadıb və imzalanmış müqaviləni pozub. Tezliklə şikəst və əlil insanlar, o cümlədən heyvanlar ABŞ-ın bütün bölgələrində aşkar edilir. Bundan əlavə, yadplanetlilərin oğurladıqları insanların heç də hamısını geri qaytarmadığı üzə çıxır. Həmçinin yadplanetlilərin gizli cəmiyyətlərdən, din və magiyadan istifadə edərək insanları kütləvi şəkildə manipulyasiya etdikləri bəlli olur.

Yadplanetlilərin nəsli tükənir

Tezliklə ABŞ rəhbərliyi daha bir məsələni üzə çıxarır. Bəlli olur ki, yadplanetlilər vəzi və hormonal ifrazat mənbəyi olan insanlardan genetik eksperimentlər üçün istifadə edir. Əcnəbilər genetik təcrübə keçirmələrini öz nəsillərini qorumaqla izah edirlər. Onlar bildirirlər ki, genetik quruluşları sürətlə mürəkkəbləşib və yadplanetlilərin çoxalmaq imkanı məhv olub. Əgər bu belə davam edərsə, tezliklə onların irqi bitəcək.

Yadplanetlilərə qarşı silah

Ümumiyyətlə, bizim silahlarımız onlara qarşı tamamilə yararsız idi. “Əksəriyyət 12” layihəsi onlarla dostluq-diplomatik əlaqələri inkişaf etdirmək barədə qərar verdi. Məqsəd isə yadplanetlilərə qarşı hər hansı texnoloji silahı əldə etmək idi. Belə olan halda mümkün müharibə zamanı qələbə qazanmağımız mümkün olacaqdı. Həmçinin SSRİ və digər dövlətləri dünyanı xilas etmək üçün güclərimizi birləşdirməyə çağırdıq.

Nəticədə Coşua və Ekskalibur layihələri işlənib hazırlandı. Coşuanın bazasını almanlardan ələ keçirilən silah təşkil edirdi. Bu silahın yadplanetlilərin gəmisinə və şüa silahlarına qarşı mübarizə apara biləcəyi düşünülürdü.

Ekskalibur layihəsində silah raketlə təchiz olunmuşdu və yerüstü hədəfləri məhv etmək üçün göyərtəsində lazer vardı. Həmçinin 1000 metr dərinliyə təsir etmək gücünə malik idi. 1 meqaton gücündə nüvə başlığı ilə təchiz olunmuş və məqsəd yadplanetlilərin yerin altındakı bazalarını məhv edə bilmək idi.

Coşua layihəsinin silahı artıq hazırlanıb. Lakin Ekskalibur silahı üçün fəaliyyət hələ də davam edir.

Dəccal dünyaya gəlir

Əsrin əvvəllərində Fatimada (Portuqaliyanın şəhəri – red.) baş verən hadisələr (1917-ci ildə Məryəm 3 kəndli uşağa və daha sonra minlərlə insana görünüb, mesaj verir – red.) dəqiqliyi ilə araşdırıldı. Bu, yadplanetlilərin manipulyasiyası ola bilərdimi? ABŞ dərhal Vatikandan yardım istədi və tezliklə onlar köməyə gəldilər. Vatikanın proqnozlarına görə, 1992-ci ildə bir uşaq doğulacaq və insanlar birləşəcək, dünyada sülh olacaq. 1995-ci ildə isə insanlar bu uşağın pisliyi təcəssüm etdirdiyini və dəccal olduğunu iddia edəcək.

3-cü Qlobal müharibə alovlanacaq

Eyni ildə Orta Şərqdə 3-cü Qlobal müharibə alovlanacaq. Birləşmiş Ərəb mədəniyyəti İsrailə hücum edəcək. Əvvəlcə adi silahlardan istifadə olunacaq, 1999-cu ildə isə hidrogen müharibəsinin alovlanması nəticəsində insanların kütləvi ölümü baş tutacaq.

1999-2003-cü illərdə Yerin böyük hissəsində həyat məhv olacaq. İsa Məsihin ikinci gəlişi isə 2011-ci ildə gerçəkləşəcək.

Yadplanetlilər bu proqnozları təsdiqləyir

Yadplanetlilər bu informasiya ilə tanış olan zaman onun həqiqiliyini təsdiqləyir. Onlar zamanda hərəkət edə bildiklərini və bu proqnozların həqiqətən baş verdiyini bildirirlər. Yadplanetlilər İsanın həqiqətən çarmıxa çəkilməsi ilə bağlı holoqram göstəriblər. ABŞ hökuməti hətta bunu lentə belə alıb.

1957-ci ildə bir simpozium keçirilir və ora dünyanın ən şüurlu insanları qatılır. Onlar simpozium zamanı 2000-ci illərdə insanların sürətlə artacağını və ətraf mühiti Allahın və yadplanetlilərin yardımı olmadan məhv edəcəklərini, nəticədə dünyanın sonunun gələcəyini bildirdilər.
ABŞ-la yadplanetlilər arasında müharibə

ABŞ yadplanetlilərlə əlaqə qurmaq üçün daha öncələr yuxu kimi gələn bəzi texnologiyalara sahib oldu. Məşhur və məxfi “51-ci zona”da “Avrora” adlı qalaktika gəmisi var. O, daima kosmosa uçuşlar həyata keçirir. Pilotlar artıq bu gəmilərdə Ay, Mars və digər planetlərə uçub.

1969-cu ildə Dultse laboratoriyasında alimlərlə yadplanetlilər arasında qarşıdurma yaşandı. Delta qüvvələrinin əlində olan silahların yadplanetlilərin silahlarına qarşı effektsiz olduğu üzə çıxdı. Nəticədə qarşıdurma zamanı 66 nəfər öldü.

ABŞ bundan sonra yadplanetlilərlə iki il ərzində birgə aparılan layihələri təxirə saldı. Lakin tezliklə tərəflər arasında sülh əldə olunur və hazırda da bu əməkdaşlıq davam edir.

Yadplanetlilər insanlara narkotik satıb

Kuperin hesabatına görə, yadplanetlilər uzun illər insanlara, əsasən də yoxsullara və milli azlıqlara narkotik satıb. İnsanlar asılı vəziyyətə salınıb, müstəqillikləri əlindən alınıb və ölkədə cinayət məqsədli şəkildə artırılıb. Bu plan çox peşəkar şəkildə tətbiq olunub.

Bundan əlavə, yadplanetlilərin insanlardan ibarət müəyyən fikirləri təlqin edən gizli ordusu da var.

Ümumiyyətlə, Duayt Eyzenhauer yadplanetlilərlə xoş əlaqə quran və onların dilini bilən sonuncu ABŞ prezidenti oldu.


шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.