UNİBANK-ın Şahin adlı əməkdaşının Prezident Fərmanına qarşı özbaşınalığı – Maliyyə ... Palatasının 3451 manat kompensasiya təyin etdiyi jurnalistdən hələ də banka ödəniş tələb edilir...

19-04-2019, 19:54           
UNİBANK-ın Şahin adlı əməkdaşının Prezident Fərmanına qarşı özbaşınalığı – Maliyyə ... Palatasının 3451 manat kompensasiya təyin etdiyi jurnalistdən hələ də banka ödəniş tələb edilir...
Ruslan Atakişiyev: “Bankın müştəridən əlavə ödəniş tələb etməsi qanunsuzdur”
img
“Müştəri üzləşdiyi bu halla əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının qaynar xəttinə (966) müraciət etsin və şikayətini bildirsin, həmin qurum bu məsələ ilə bağlı ölçü götürəcək”

Artıq məlum olduğu kimi, Prezident İlham Əliyev bu ilin əvvəlində ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində bir sıra sahələrdə humanist addımların atılmasına dair ardıcıl fərmanlar imzalayıb. Bu addımlardan biri də banklardan dollarla kredit götürmüş və manatın devalvasiyaları nəticəsində götürdüyü məbləği dəfələrlə artıq ödəməyə məhkum edilmiş şəxslərin müdafiəsinə yönəlib.

Açıqlanan rəqəmlərdən bəlli olur ki, bu vətəndaşların ümumi sayı 800 min nəfər civarındadır. Fevralın 28-də imzalanan Fərmanın icrası Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunub və proseslərin gedişi bu qurumun üzərinə qoyulan vəzifənin öhdəsindən layiqincə gəldiyini düşünməyə əsas verir. Belə ki, çətin və üzücü proses olmasına baxmayaraq, Palata qoyulan müddətdə banklara borclu qismində tanınan bütün vətəndaşların bank hesablarının auditini apararaq onlara hansı məbləğin qaytarılmalı olduğunu müəyyənləşdirib və nəticələri operativ şəkildə yaradılan portalda yerləşdirib. Yəni siyahıda adı olan vətəndaş heç bir bank məmuru ilə təmasa girmədən və ya hansısa bürokratik əngəllə üzləşmədən adını portalda yerləşdirilmiş siyahıda taparaq hansı məbləği alacağını öyrənir.

Lakin maraqlıdır ki, bu kompensasiyaların verilməsi üçün banklara kifayət qədər dövlət vəsaiti ayrılsa da, bəzi banklar bu prosesdən də öz mənfəətləri üçün istifadə, daha doğrusu, sui-istifadə etməyin yollarını axtarmaqda davam edirlər. Belə banklardan biri də UNİBANK-dır. Qəzetimizin ötən saylarından birində artıq məlumat vermişdik ki, adıçəkilən bank hələ də müştərilərindən aylıq ödəniş tələb edir, baxmayaraq ki, həmin müştərinin adı artıq MBNP-nın saytındakı kompensasiya ödəniləcək şəxslərin siyahısında var. Belə müştərilərdən biri də elə ötən dəfə də barəsində yazdığımız əməkdaşımız Samirə Səfərovadır. Təfərrüatlarını ötən yazımızda açdığımızdan geniş təqdimata ehtiyac duymayaraq onu bildirmək istəyirik ki, əməkdaşımıza hesablanan kompensasiyanın məbləği artıq portaldakı siyahıda göstərilib və bu məbləğ 3451 manat müəyyən edilib. Yəni bu o deməkdir ki, S.Səfərovanın bankdan götürdüyü kredit məbləği tamamilə ödənilib, bu illər ərzində artıq ödədiyi məbləğ isə kompensasiya şəklində ona qaytarılacaq. O halda bu, onun artıq banka heç bir borcunun qalmadığı anlamına gəlir. Lakin UNİBANK-ın əməkdaşı, nədənsə, belə düşünmür. Bankın az qala hər gün zəng vuran işçiləri əməkdaşımızdan mart-aprel ayları üçün (Fərman fevralın 28-də imzalanıb və imzalandığı tarixdən qüvvəyə minib-red.) ödəniş tələb edirlər. Dünən isə bankın Şahin adlı əməkdaşı (tel.:055-252-65-71) Samirə xanıma zəng vuraraq deyib ki, ödəmədiyiniz borcunuzun (!) üstünə hər keçən gün cərimə gəlir və ayda 120 manat ödəməli olan əməkdaşımızın, guya iki ay üçün banka 256 manat borcu yaranıb! Maraqlıdır, Prezidentin məlum Fərmanının icrası üzrə bank aldığı artıq məbləği geri verməyə yükümlüdürsə və müştərinin bu vaxta qədər ödədiyi məbləğin 3451 manatı ARTIQ ÖDƏNDİYİ ÜÇÜN ona qaytarılmalıdırsa, bank hansı əsasla ondan yenə aylıq ödəniş tələb edir və hansı qanuna dayanaraq bu “borcun ödənilməməsinə görə” faiz qismində əlavə cərimə kəsir?

“Bəzi banklar vəziyyətdən sui-istifadə etmək istəyir”
Bankın əməkdaşımızdan əsassız ödəniş tələb etməsinin yanlış olduğunu deyən iqtisadçı ekspert Ruslan Atakişiyev “Bakı-Xəbər”ə bildirdi ki, bu, UNİBANK-ın əməkdaşlarının qanunsuz hərəkətlərindən xəbər verir. “Hesab edirəm ki, bankın müştəridən əlavə ödəniş tələb etməsi qanunsuzdur. Müştəri üzləşdiyi bu halla əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının qaynar xəttinə (966) müraciət etsin və şikayətini bildirsin, həmin qurum bu məsələ ilə bağlı ölçü götürəcək. Bu qurum dövlət tərəfindən banklara nəzarət edir. Olsa bilsin, hələ əmr Palatadan banka gedib çatmayıb. Ancaq bununla belə, tam ödəniş edildiyi halda bankın ixtiyarı yoxdur ki, müştəridən pul tələb etsin. Prezident fərman verib və bu fərman icra edilməli, müştəriyə çatacaq kompensasiya ona ödənilməlidir. Bankın müştərini narahat etməyə ixtiyarı yoxdur. Bəzi banklar vəziyyətdən sui-istifadə etmək istəyir. Ancaq bu yolverilməzdir”-deyə R.Atakişiyev bildirdi.
.baki-xeber.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.