“Mebel” Mahir bizə endirim edəcək? - Onları parlamentə biznes gətirib, yoxsa seçicilər?

10-11-2019, 10:31           
“Mebel” Mahir bizə endirim edəcək? - Onları parlamentə biznes gətirib, yoxsa seçicilər?
Parlamentin biznesmen deputatları haqqında araşdırmalarımızın izi ilə yenidən oliqarx Mahir Aslanovun ünvanına üz tuturuq.

Ötən yazılarımızın birində ona məxsus tikinti şirkətinin hoqqalarından bəhs etmişdik. Həmin şirkət gənc bir ailənin ev almaq üçün ödədiyi 96 min manatın arxasına keçmiş və ailəni çöldə qoymuşdu. Ailə ev üçün FVS İnşaat MMC şirkətinə ödənilən pulun sənədlərini də sosial şəbəkələr vasitəsilə paylaşıb, deputatı fırıldaqçılıqda ittiham etmişdi.

Hələ Mahir Aslanovun indiyə qədər MM-də faydalı bir çıxışını görüb eşidən olmayıb. Adam bircə dəfə ölkə mətbuatının gündəminə düşüb, o da 53 il siqaret çəkməsi haqqında etirafı və tütün məmulatlarının reklamına qarşı sərt çıxışı ilə. O zaman media qurumları ”6 ildə cəmi 1 dəfə ağzını açdı, onda da siqaret haqqında danışdı” yazıb adamı ələ salmışdılar.

”Mahir Aslanov hansı keyfiyyətlərinə görə gəlib parlamentə çıxıb” sualının cavabını tapmaq çətin deyil. Tək səbəb odur ki, adamın pulu var. Goranboydan mandat alan Aslanovun adı geniş tikinti, mebel, logistika, klub-restoran biznesində hallanır. Deputat saytların birində müsahibə zamanı şəxsi ofisində çəkilmiş şəkilləri paylaşıb.

Adam elə bil otaqdakı qiyməti on minlərlə ölçülən timsah dərisi üzlüklü mebellərini, qələm qablarına, brend qələmləri, bahalı dekorasiyaları reklam edir. Nə görməmişik, nə harınlıq, nə əcinnəlikdir belə?

Deputatın biznes şəbəkəsi haqqında internetdə çox sayda məlumatlar var. Yazılanlara görə, ona məxsus “Kəpəz Group” tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahələri əhatə edir: “Bu şirkət 1992-ci ildə fəaliyyətə başlayıb. “Kəpəz Group” tikinti, mebel (istehsalı və daşınması), daşımaçılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Bundan başqa, Mahir Aslanovun onlarla iri yük daşımaçılığı ilə məşğul olan TIR-ları var. İnqilab küçəsində yerləşən “Kəpəz Mebel Evi”, “Kəpəz” otel və “Happy İnn” otellər şəbəkəsi də ona məxsusdur. Eyni zamanda, millət vəkilinin paytaxtın müxtəlif ərazilərində bir neçə hündürmərtəbəli binası var”.

Bundan başqa, mətbuatda dəfələrlə onun baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovla da şərikli biznesi olduğu haqda məlumatlar yazılıb.

Deputatın “Bank of Azerbaijan”ın rəhbərliyinə yer alan oğlu Məhəmmədəli Aslanovun adı da uzun zaman mətbuatda hallanıb. Bildiyiniz kimi, bu banka əvvəl “Hafka” ləqəbli Hafiz Məmmədov rəhbərlik edib.

Sonralar “Hafka”nın Mahir Aslanovun oğlu ilə əvəzlənməsi də təsadüf deyildi. Mahir Aslanovla Hafiz Məmmədov qudadır və Aslanovun kürəkəni də həmin bankda pay sahibi idi. Mahir Aslanovun digər oğlu Famil Aslanov da mətbuatın gündəminə qalmaqallı məsələlərlə düşüb.

Həmin ərəfədə yüksək səsli siqnallardan istifadə edən və yol-hərəkət qaydalarını pozan Famil Aslanovun “Maserati”si cərimə meydançasına aparılmışdı. Mətbuat dəbdəbəli avtomobillə “avtoşluq” edən sürücünün Aslanovun oğlu olduğunu təsdiqləsə də, deputat faktı inkar etmişdi: “O, orqan işçisidir.

Onun qayda pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil.” Həmin vaxt, yəni 2015-ci ildə Famil Aslanov MTN-in Nəsimi Rayon İdarəsində rəis müavini olub. Deyilənlərə görə, Mahir Aslanovun işlərini nəzarətdə saxlayan da onun MTN-çi oğlu olub. Mahir Aslanova zəng edənlər belə onun özü ilə yox, Famil Aslanovla danışmalı olublar. İndi həmin MTN-çi oğlanın harda məskən tutduğu haqqında dəqiq məlumat yoxdur. Bəziləri onun xarici ölkəyə köçdüyünü, bəziləri isə atasının biznesini idarə etdiyini bildirir.

Gördüyünüz kimi, Mahir Aslanovu parlamentə yolunu açan tək səbəb onun biznesi, qatını balta kəsməyən puludur. Adam bundan başqa deputatlığa layiq heç bir yüksək keyfiyyətə, zəkaya, savada malik deyil. Onun seçicilərlə münasibəti də başqa həmkarlarından heç nə ilə fərqlənmir. O da başqaları kimi mandatı başqa yollarla aldığına görə, seçicilərlə görüş-filan yadına düşmür. Yəni sövdələşmə əsasında “seçən seçir”, onların səsinə nə ehtiyac…

https://storage.googleapis.com/qurium/azadliq.info/230146.html

Mənbə Azadlıq.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.