DTX-nın göz altına aldığı "çetenin" korrupsiya əməlini təsdiqləyən sənəd – Atteşenin haqqı necə buxarlanıb?

3-07-2020, 17:22           
 DTX-nın göz altına aldığı "çetenin" korrupsiya əməlini təsdiqləyən sənəd – Atteşenin haqqı necə buxarlanıb?
Xarici İşlər Nazirliyində aparılan əməliyyat nəticəsində nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Molladənin saxlanıldığı bildirilir.

Ovqat.com-un məlumatına görə, F.Mollazadəni korrupsiya ittihamı ilə göz altına alıblar.

Qeyd edək ki, Fərhad Mollazadənin həqiqətən də ciddi maliyyə fırıldaqlarına qatıldığı, xüsusilə bir çox diplomatların xarici ölkələrdə kirayə pullarını mənimsədiyinə dair hələ bir neçə ay əvvəl məlumatlar əldə etmişdik. Həmin vaxt əlimizdəki sənədlərdə adı keçən zərərəuğramış şəxslərin cəzalandırma riskini nəzərə alıb məlumatları yayımlamamışdıq. İndisə bu sənədlərin Fərhad Mollazadənin fəaliyyətini araşdıran istintaq orqanları üçün də maraqlı olacağını düşünüb ictimailəşdiririk.


Sənəddən görünür ki, Özbəkistan səfirliyi əməkdaşlarının 2020-ci ildə yaşayış binası ilə təmin olunması üçün 84 min dollar vəsait ayrılıb. Əməkdaşlara bu məqsədlə verilən vəsait isə cəmi 66 min dollardır. Deməli, hardasa 18 min dollar “buxarlanıb”.

Əldə etdiyimiz məlumatlara görə, mənzil haqqı “buxarlanan” əməkdaş Özbəkistan səfirliyinin atteşelərindən biridir. Atteşe bütün şikayətlərinə baxmayaraq, haqqı olduğu kirayə pulu indiyədək ala bilməyib və təmsil olunduğu ölkədə öz hesabına yaşayır. Səbəb – Fərhad Mollazadənin və onun XİN-dəki “çetesinin”, xüsusilə Lamiyə Canəhmədovanın diplomatı siyahıya salmağı “unutmasıdır”.

Bildirildiyinə görə, bu hal təkcə Özbəkistanda səfirliyimizə də xas deyil. Digər ölkələrdəki Azərbaycan səfirliklərinin bir çox əməkdaşları da eyni haqsızlıqla üzləşir. Nəzərə alsaq ki, Azərbaycanın 57 ölkədə səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu var və bu ölkələrin böyük əksəriyyətində kirayə qiymətləri daha yüksəkdir, təkcə diplomatların yaşayış yeriylə təmin olunmasından mənimsənilən məbləğin həcmi ortaya çıxır.

Diplomatik nümayəndəliklərin bir sıra mədəni-kütləvi tədbirləri, səfərləri, görüşləri və s. kimi başqa fəaliyyətləri üçün də külli miqdarda maliyyə ayrılır və bu sahələrdə mənimsəmə imkanları daha böyükdür. Bütün bu kimi işlərə isə birbaşa Nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və onun himayəsi altında olan Lamiyə Canəhmədova baxır. Yazıda təqdim etdiyimiz sənəddə də Özbəkistandakı atteşenin kirayə pulunun və digər xərclərinin tapşırıldığı əsas yetkilinin Fərhad Mollazadə olması həmin iddianı təsdiqləyir.

DTX-nın əməliyyatı nəticəsində Lamiyə Canəhmədovanın saxlanılıb-saxlanılmadığı barədə hər hansı məlumat verilməsə də, XİN-dəki korrupsiya işində əsas fiqurun o olduğu barədə iddialar var. İddialara görə, indi göz altına alınmasa belə, işin istintaqı nəticəsində Lamiyə Canəhmədova da prosesə cəlb oluna bilər.

Qeyd edək ki, Lamiyə Canəhmədovanın fəaliyyəti barədə bəzi media qurumlarında da ciddi ittihamlar irəli sürülürdü. Bir müddət əvvəl yayılan informasiyalardan birində hətta onun erməni mənşəli olmasına belə eyham vuruluraq deyilirdi: “Özü krallar kimi yaşayan nazirin bir çox səfirləri və səfirlik işçiləri dilənçi günündədirlər. Onlar nazirliyin maliyyə idarəsinin rəisi, milliyyət olaraq 50 faizi erməni olan Lama xanımın (Lamiyə) zəng vurub yalvarırlar ki, səfirlik binalarının saxlanılması üçün pulu ayırsın və sair. Ermənistanla müharibə şəraitində olan bir ölkənin xarici işlər nazirinin nazirlikdəki ən yaxın adamının milliyyətcə erməni olması da başqa bir mövzudur”.

XİN-də başı üzərində qara buludların dolaşdığı digər şübhəli isə Elxan Azayevdir. Xarici İşlər naziri Elmar Məmmədyarovun “pul kisəsi” kimi tanınan Elxan Azayevin də artıq qələminin qırıldığı söylənilir.

Sfera.az-ın məlumatına görə, hazırda Xarici İşlər Nazirinin müavini Nadir Hüseynovun və Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri Elxan Azayevin xidməti otaqlarından çıxmaması barədə göstəriş var. Elxan Azayev həm də Xarici İşlər Nazirliyi Həmkarlar İttifaqı komitəsinin rəhbəridir.

Məlumat üçün bildirək ki, Məmmədyarov 2004-cü ildə nazir vəzifəsinə təyin olunandan sonra onu Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqı komitəsinə rəhbər gətirib. Nazirin təqdimatı ilə 2012-ci ilin iyulunda dövlət başçısının fərmanı ilə Elxan Azayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. Hazırda isə Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəridir.

Məmmədyarov 2008-ci ilin sentyabrında Elxan Azayevlə tikinti biznesinə qərar verir və "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativini qeydiyyatdan keçirir. Şirkət 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 33 A, 53-dür. Ofisi XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüzdə yerləşir.
Dövlət reyestri məlumatlarına görə qanuni təmsilçisi Elxan Çərkəz oğlu Azayevdir.

Şirkəti idarə edən Azayevin diplomat kimi fəaliyyətilə bağlı mənbələrdə heç bir məlumata rast gəlmək olmur. Onun adı bir neçə dəfə şirkətin satdığı mənzillərlə bağlı məhkəmə çəkişmələrində çəkilir.


Şirkət daşınmaz əmlak bazarına bahalı mənzillər təqdim edir. Məsələn, "DİPLOMAT 2008" MTK tərəfindən Xarici İşlər Nazirliyinin arxasında, Yasamal rayonu 422-ci məhəllə, M.İbrahimov küçəsi 53 (Nizami metrosuna yaxin) ünvanında inşa edilmiş 20 mərtəbəli, 110 mənzilli binada 166 kv metrlik təmirsiz mənzil 600 min manat civarındadır. Şirkət Sumqayıtda iri ticarət mərkəzi tikib, hazırda Ağ Şəhərdə 1-ci fəvvarələr küçəsində 7 bloklu binaların tikintisini başa çatdırmaq üzrədir...шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.