Yardımlının icra başçısı daşdan necə pul çıxarır...

9-04-2015, 19:15           
Yardımlının icra başçısı daşdan necə pul çıxarır...
“Çörəyi daşdan çıxanlar” ifadəsi yəqin ki, daş karxanalarında yaranıb. Burada insanlar sözün həqiqi mənasında daşı yarıb, çörək qazanırlar.

Abşeron rayonunun Güzdək qəsəbəsində addımbaşı daş karxanalarına rast gəlmək olar. Orada çalışan fəhlələrin iş vəziyyətini öyrənmək üçün daş karxanalarından birinə üz tutduq.

Əvvəlcə jurnalist olduğumuzu biləndə bizi əraziyə buraxmaq istəmədilər. Bildirdilər ki, bu karxana Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmova məxsusdur və ondan icazəsiz çəkiliş aparmaq qadağandır. Uzun mübahisədən sonra bəzi məlumatları əldə edə bildik.

Ərazidə olduğumuz müddətdə karxanada qızğın iş gedirdi. Bir tərəfdə fəhlələr daş çıxarır, digər tərəfdə isə yük maşınlarına yükləyirdilər. Diqqətçəkən əsas məqam isə o idi ki, toz-torpaq içərisində, açıq elektrik naqilləri ilə dolu ərazidə fəhlələr ayaqyalın, başıaçıq işləyirdilər. Onların üzərində nə dəbilqə, nə əlcək, nə də təhlükəsizlik üçün başqa bir vasitə yox idi. Hər an ölüm təhlükəsi ilə üz-üzə olan fəhlələr bu durumun fərqində belə, deyildilər.

Səhər erkən saatlarda işə başlayıb, axşam saat 9-a, 10-a kimi çalışan fəhlələrin əksəriyyəti regionlardan Bakıya qazanc ardınca gələnlərdir. Onlar heç bir əmək müqaviləsi olmadan 15-20 manata günəmuzd işləyirlər. Texniki biliklərinin olmaması onların daha çox təhlükə ilə üzləşməsinə səbəb olur. Çəkiliş zamanı qazıntı işlərində çalışan fəhlələrin də heç birinin təhlükəsizlik şərtlərinə əməl etmədiyinin şahidi olduq.

Onların min bir əziyyətlə istehsal etdiyi daşlar isə yük maşınları ilə şəhərin müxtəlif nöqtələrindəki daş bazarlarına aparılır. Daş bazarında normal daşın bir ədədi 40-43 qəpiyə satılır, daş karxanasında isə 35-36 qəpikdir. Bu baxımdan, daş alveri karlı iş sayılır.

Belə ki, satıcılar daşı 35-36 qəpikdən alır, 40 qəpikdən başlayaraq, satırlar. Bir yük maşını 800 standart daş tutur ki, bu da 400-450 manata satılır.

Daşların qiyməti də keyfiyyətinə görə fərqlənir. Standart kəsimli daşların qiyməti 40 qəpikdən başlayırsa, səliqəsiz işlənmiş, yarısı qırılmış “kalbasa” adlanan daşların qiyməti 2 dəfə ucuz başa gəlir. Bu tikinti üçün yararlı olmasa da, bünövrə və ya hasar üçün istifadə olunur.

Daş karxanalarından ən çox narazı olanlar isə sürücülərdir. Ağır yük maşınları yolları yararsız hala salıb. Güzdək qəsəbəsindəki daş karxanasının yük maşınları Qobu, Hökməli, Sulutəpə və digər qəsəbələrin yollarını keçilməz edib. Ağırtonajlı yük maşınları yolun asfalt örtüyünü elə bir hala salıb ki, bu yolların yenidən təmirə ehtiyacı var.

Sürücülər də ağırtonnajlı yük maşınlarının təsirindən yollarda yaranmış çalalardan əziyyət çəkdiklərini deyirlər. 167 saylı marşrut avtobusunun sürücüsü deyir ki, yollara yenicə asfalt döşənmişdi, ancaq yenə yük maşınları bərbad vəziyyətə salıb.

Taksi sürücüləri isə deyirlər ki, yollar çox da keyfiyyətli salınmadığından həddindən artıq ağırlığa tab gətirmir: “Hökməli dairəsindən üzü şəhərə doğru yollar ağırtonajlı maşınların hərəkətinə tab gətirsə də, ara yollar tab gətirmir. Yük maşınına normalda 800 daş gedirsə, fəhlələr 950-1000 daş yükləyirlər. Yük maşınlarından əlavə karxanalardan çıxarılan torpaq da asfalt örtüyü üzərinə tökülür. Bu da yollarda toz-torpağın yayılmasına səbəb olur. Bir sözlə, “karyer” sahibləri qazanc naminə hər şeyi qurban verirlər”.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.