Gəncədə də sözü keçən şəmkirli "qara mühasiblə" bağlı yeni iddialar... - “Qara mühasib”, yoxsa adi satıcı..?

27-07-2015, 21:46           
Gəncədə də sözü keçən şəmkirli "qara mühasiblə" bağlı yeni iddialar... - “Qara mühasib”, yoxsa adi satıcı..?
15 iyulda Qafqaz Xəbər Agentliyi “Üç icra başçısının “qara muhasib”i kimdir?”başlıqlı məqalə dərc etmişdi. Məqalə Şəmkir sakini Rəhim Rəhimov və onun buyruqçularının Gəncəbasar zonasındakı maddi çətinliklərdən, böhrandan sui-istifadə edərək 3 rayonun (Gəncə, Şəmkir və Göygöl ) sakinlərinin mal-mülklərini dəyər-dəyməzinə almasından bəhs edirdi. Məqalədə qeyd olunurdu ki, Gəncə şəhərində, Şəmkirdə və Göygöl rayonunda Rəhim Rəhimovun ofislərinin qarşısında camaat növbəyə durur ki, sonuncu ümid yeri olan mal-müklərini dəyər-dəyməzinə Rəhim Rəhimova satsınlar.

Yazıdan bəlli olurdu ki, Rəhimov Gəncə şəhərində Tağıyev Moll ticarət mərkəzinin 70 faizinə sahibidir, Gəncənin Nizami küçəsində iki mərtəbəli dörd dükanı, Gəncə -aeroport yolunun üstündə “Mercedes” avtomobil salonu, Şəmkir rayonunda yanacaqdoldurma məntəqəsi, Şəmkirdə şadlıq sarayı, Gəncə-Tovuz yolunda 72 hektar əkin sahəsi, Şəmkir-Tovuz yolunun üstündə 1 hektarlıq tikinti materialları bazarının içində satış sahəsi, Bakı şəhərində 6 dükanı, “Caspian” ticarət mərkəzində 4 obyekti var. Rəhim Rəhimov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, mənim haqqımda yazılanlar yalandır:

“ Mən 10 il əvvəl həqiqətən də sahibkarlıq fəaliyyəti ilə məşğul olurdum. Mən ölkəyə taxta gətirirdim. Ancaq 10 ildir biznesdən uzaqlaşmışam. Bu gün mən Şəmkirin Sabirkəndində boru satılan mağazada adi satıcıyam”.

Ancaq Şəmkirin icra başçısının müavini Fəxrəddin Vəliyev bizimlə söhbətində bildirdi ki, Rəhim Rəhimovun Şəmkirdə böyük taxta biznesi var. Göygöl rayon Statistika şöbəsinin müdiri Elşən Məmmədov bizə bildirdi ki, Rəhim Rəhimov sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vaxtında vergi ödəyir.

Biz Gəncə şəhər icra hakimiyyəti ilə də əlaqə saxladıq. Bizi məqalədə qeyd olunanların, yəni Rəhimovun Gəncə şəhərində Tağıyev Moll ticarət mərkəzinin 70 faizinə və “Mercedes” avtomobil salonuna sahib olması və s. maraqlandırırdı. Ancaq icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Sevda Qurbanəliyeva sualımıza cavab olaraq bildirdi ki, bu gün iş günü olmadığı üçün əməkdaşlar iş yerində deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.