Uşaq bağçasında böyüklərin böyük tamahı - Hər uşaq üçün 200-250 manat çox deyil?

15-04-2015, 10:07           
Uşaq bağçasında böyüklərin böyük tamahı - Hər uşaq üçün 200-250 manat çox deyil?
Bağçalar mövzusuna biz dərc etdiyimiz materiallarda mütəmadi olaraq müraciət edirik. Bununla belə etiraf etməliyik ki, məhz son vaxtlar bu mövzuda redaksiyamıza daxil olan şikayət məktublarının sayında bir artım müşahidə olunmaqdadır. Təbii ki, özü-özlüyündə bu hal ölkənin uşaq müəssisələrində ümumi vəziyyətin ürəkaçan olmadığına dəlalət edir. Buna görə də şikayət ərizələrinin çoxluğu təqdir olunmayan bir hal kimi qiymətləndirilməlidir. Digər tərəfdən isə, uşaq bağçalarında vəziyyətin mövcud duruma gəlməsində məhz biz valideynlərin də günahı az deyil. Hardasa “palaza bürün, elnən sürün” prinsipinə sığınaraq daima tələb olunan rüşvətləri verməklə, hər gün şahidi olduğumuz neqativ hallara qarşı etirazlarımızı bildirməməklə, bir sözlə seçdiyimiz passiv mövqeylərimizlə biz özümüz vəziyyətin getdikcə daha da ağırlaşmasına şərait yaratmış oluruq. Məhz bu baxımdam (və yalnız bu baxımdan) mətbuata ünvanlanan şikayət məkublarının artma tendensiyasını müsbət hal kimi qiymətləndirmək olar. Susmaqla heç bir problemi həll etmək olmaz. Bunun üçün neqativ halları ictimailəşdirmək, müvafiq instansiyaların diqqətinə çatdırmaq tələb olunur.Elə övladları Xəzər rayonu, Buzovna qəsəbəsindəki 144 saylı uşaq bağçasında uşaqları tərbiyə alan valideynlərdən də bəziləri bu məqsədlə, müəssisənin fəaliyyətində yer almış neqativ hallara dair öz iradlarını redaksiyamıza təqdim etdikləri məlumatlarda irəli sürmüşlər. Bu xüsusda məlumatlarda bildirilir ki, ilk növbədə, Məlakə Tağıyevanın rəhbərlik etdiyi bu bağçaya bir uşaq yazdırmaq istəyən valideynlər təxminən 200-250 manat məbləğində xərc çəkmək məcburiyyətində qalırlar. Təbii ki, sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər də öz yerində. Digər xərclər dedikdə isə, mənbələr hər ay ərzində yığılan 40-50 manat civarında məbləğ nəzərdə tuturlar. Həmçinin bu müəssisədə uşaqlara verilən yeməklərin aşağı keyfiyyətdə olması, bəzi tərbiyəçilərin peşə yönümlü olmaması və savadsızlığı, bağçaya ayrılan ərzaqların mənimsənilməsi kimi halların mövcudluğu da aldığımız məlumatlarda öz əksini tapır. Xüsusilə təqdim olunan açıqlamalarda, bağçada baş verən mənimsəmə hallarında Musa adlı bir nəfərin iştirakına dair ilginc iddialar irəli sürülür. Bildirilir ki, 144 saylı bağçanın təsərrüfatına rəhbərlik edən bu şəxs, Məlakə Tağıyeva ilə yaxın münasibətlərindən sui-istifadə edərək bir çox özbaşınalıqlara rəvac verir. Daha dəqiq desək, məlumatlarda bağça təsərrüfatının Musa tərəfindən sözün əsil mənasında talan olunduğu bilirilir. Artıq dəfələrlə qeyd olunduğu kimi, uşaq müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilməsindən sonra, bir çox bağça müdirləri icra strukturlarının yüksək vəzifəli əməkdaşları tərəfindən onlara aylıq haqq ödəmələrinin təyin olunduğunu bəyan edərək, həyata keçirilən pul yığımının “təyinat” siyahısına yeni bəndlər əlavə etmişlər. Aldığımız məlumatlarda da təsdiq olunur ki, Məlakə Tağıyeva da bəzi valideynlərin bağçada yığılan pulların getdikcə artırılmasına qarşı ara-sıra etdikləri etirazlara, bu tələbin onun təşəbbüsü olmadığı və onun özünün də “icraya hesab vermək” məcburiyyətində qaldığı barədə iddialarla cavab verir. Məhz elə bu səbəbdən də, bəzi valideynlər 144 saylı bağçada yaranmış vəziyyəti mətbuat vasitəsilə Xəzər Rayonu İcra Hakimiyyətinin rəhbərliyinin diqqətinə çatdırmaq və burada yer almış özbaşınalıqlara son qoyulması zəminində müvafiq tədbirlərin görülməsini xahiş etmək qərarına gəlmişlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.