APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI: “MƏCBUR QALIB İSTANBULDA FƏHLƏLİK EDİRƏM”

10-04-2019, 20:53           
APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI: “MƏCBUR QALIB İSTANBULDA FƏHLƏLİK EDİRƏM”
2016-cı il Aprel döyüşlərinin iştirakçısı ilə iki gün öncə İstanbulda Azərbaycana həsr edilmiş bir proqramda qarşılaşdım. Onu görüncə təbii ki, o zaman döyüşlərin necə getdiyini və qələbə təəssüratlarını öyrənmək marağimdan onunla bir az söhbət etmək istədim.

Mahir Qurbanov 1994-cü ildə anadan olub, Memarlıq İnşaat Universitetini bitirdikdən sonra hərbi xidmətə gedib və Aprel döyüşləri zamanı Xocavənd kəndi istiqamətindəki döyüşlərdə iştirak edib. O günlərdə baş verənləri anlatmasını xahiş etdiyimdə danışmağa başladı: “Bizim briqadadkı əsgərlərdən bölük yaradıb sərhədə yardıma getdilər, biz isə 9 nəfər olması gərəkən yerdə 50 nəfərlə 341-ci yüksəkliyin (Xocavənddə) müdafiəsində qaldıq. Füzuli rayonunda yerləşən Lələtəpə yüksəkliyini almışdıq deyə ermənilər bizə çox qəzəbli idilər, ona görə də Üçtəpəylə (yüksəklik) qarşı-qarşıya olan, bizim də müdafiəsində durduğumuz 341-ci yüksəkliyə durmadan atəş açırdılar. Bizim 50 nəfərdən şəhid olmadı, amma yaxınlığımızdakı digər nöqtədə 2 şəhid verdik. Ümumiyyətlə şəhidlərimizin olduğu xəbərlərini eşidirdik, lakin bu bizim mübarizə əzmimizi heç də azaltmirdı, səhərə qədər növbə ilə keşik çəkirdik. Doğrudur döyüşlər zamanı biz 2 yüksəklik aldıq və 257 km məsafə irəliləyə bildik, bunu yaşamaq çox gözəl bir duyğudur, qələbəmizi əsgər yoldaşlarımla birlikdə sevinclə qarşıladıq və biz üç ay yüksəkliyin müdafiəsində qaldıq, amma bu yetərli deyil, bu məsələni uzatmağın da heç bir mənası yoxdur. Mən əslən Qarabağlıyam, Şuşalıyam, bugünə qədər də köçkün həyatı yaşayırıq, amma bu gün döyüş olsa heç nə düşünmədən yenə gedərəm, yetərincə şəhidlərimiz var zatən, artıq anaların gözü yaşlı qalmasın. Kimsə bizə bir şey verməyəcək, özümüzün hərəkət etməyimiz lazımdı, bizim millət döyüşməsini də bilir, qələbə qazanmasını da”. Mahirdən soruşuram ki, Unversitet bitirmisən, hərbi xidmətini də başa vurmusan, nədən Azərbaycanda qalıb işləmirsən? Deyir ki: “Bir neçə yerə iş başvurusu etdim, tərcümeyi-hal verdim, amma nə fayda, kim işə alacaq, Azərbaycanda o qədər işsiz gənc var ki. Mən də məcbur qalib gəlib İstanbulda fəhləlik edirəm”.

Yadıma deputat Aydın Hüseynov düşdü, bəs deyirdi ki, “Azərbaycanda işsizlik problemi qalmayib, hətta yaxın gələcəkdə ölkəmizdə işçilərə ehtiyac yaranacağı üçün əmək bazarımıza xarici ölkələrdən insanları dəvət edəcəyik”. Təəssüflə deyim ki, İstanbulda tekstildə, inşaatda, kafelərdə işləyən bir çox Azərbaycanlı Universitet məzunlarımız var. Hətta çoxu Türkiyə dövlətinin çalışma icazəsi olmadan qanunsuz çalışır ki, onların da sığortası olmur. Həqiqətən bu ciddi bir problemdir və dövlətimizin bunu çox yaxşı düşünməsi lazımdır.

moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.