Tahir Gözəl: “Neftçi”nin biletin qiymətini 50 manat etməsini başa düşə bilmədim

12-05-2019, 08:14           
Tahir Gözəl: “Neftçi”nin biletin qiymətini 50 manat etməsini başa düşə bilmədim
"Bizi buralara komandadakı ab-hava, səmimiyyət, birlik və bərabərlik gətirdi. Bütün azarkeşləri təbrik edirəm. Bugünkü oyun da gərgin mübarizə şəraitində keçdi".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Premyer Liqanın sonuncu - XXVIII turunda səfərdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb..

Ardıcıl 6-cı dəfə çempion oldunuz. Bu artıq sizin üçün adiləşib?

- Xeyr, belə şeyə alışmaq, öyrəşmək olmur. Hər dəfə yeni kimi olur. Ölkəmizin tarixində heç bir klub 6 dəfə ardıcıl çempion olmayıb. Ona görə də çox sevincliyik.

Bu mövsüm əvvəlkilərdən nə ilə fərqlənir?

- “Neftçi” çox yaxşı çıxış etdi. Xeyli geridə qalmışdıq, ona görə də bizim üçün ən həyəcanlı mövsüm bu idi.

Mövsümün gedişində 5 xal geri düşəndə çempionluqla bağlı bir inamsızlıq var idi?

- Xeyr, inamsızlıq yox idi, amma bir narahatlıq var idi, bunu demək lazımdır. Həmin dövrdə komandadaxili iclas keçirdik, hamı bu sualı verirdi ki, mən bu komanda üçün nə edə bilərəm? Hərə öz üzərinə düşəni etdi və çempion olduq.

Qarşıdakı mövsüm üçün büdcədə dəyişiklik olacaqmı?

- Xeyr, hansısa dəyişiklik gözlənilmir. Çünki qarşımızdakı klublar o qədər nəhəng klublardır ki, bizim onlara çatmaq üçün heç bir imkanımız yoxdur. Ona görə də nə etməliyik? Əhval-ruhiyyəmizi və xalqımızın dəstəyini arxamıza alıb keçmiş dönəmlərdəki o gözəl, uğurlu çıxışları təkrarlamalıyıq. Bizim hədəfimiz Avropada çempion olmaq yox, Qarabağın adını layiqincə tanıtmaqdır.

Qarşıdakı mövsüm ÇL qrupuna düşmək haqqında düşünürsünüz?

- Düzdür, qaydalar dəyişib və daha çətin olub. Amma əlimizdən gələn qədər çalışacağıq. Mən özümdən də, klubumdan da bunu tələb edirəm. Niyə də olmasın?

“Qarabağ” azərbaycanlılar üçün bir klubdan daha üstündür. Dövlət tərəfindən sizə hansısa bir dəstək olurmu?

- Xeyr, klubların hər birinin ayrıca sponsoru var və düşünürəm ki, ciddi dəstəyə ehtiyacımız yoxdur. Təlim-məşq toplanışı planlaşdırılıb, öz ayağımız üzərində durmağı bacarırıq.

Rəqib komandanın bilet qiymətlərini artırması ilə bağlı nə deyə bilərsiniz?

- Bu artımı başa düşə bilmədim. Mən “Neftçi”nin məsləhətçisi olsaydım, deyərdim ki, 50 manata az adam gələcək, amma 20 manat olsa, ümumi gəlir bundan qat-qat çox olacaq. Mən istərdim ki, bu gün stadion dolu olsun, amma olmadı. Canınız sağ olsun. Rəqibin də öz hüququ var, biz də hörmətlə yanaşırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.