“Azərbaycanda dini radikallıq “toxum”u səpilib” - Keçmiş komitə sədri

10-11-2015, 16:26           
“Azərbaycanda dini radikallıq “toxum”u səpilib” - Keçmiş komitə sədri
“Dünya səviyyəsində eşitdiyimiz, gördüyümüz hadisələr, baş verən münaqişələr, problemlər Azərbaycanda dini durumda gərginliyin olduğunu və bunun hiss edildiyini göstərir. Çünki bəzi radikal islamçıların həbs olunması və onların məhkəmə önünə çıxarılması sübut edir ki, hələ həbs olunmamış, amma Azərbaycanda fəaliyyət göstərən radikal qruplar var”.

Bunu Modern.az saytına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev Azərbaycanda indiki dini vəziyyəti şərh edərkən bildirib.

O qeyd edib ki, bu qruplar 12-13 nəfərlə məhdudlaşmır:

“Onların həbsi ilə məsələ həll olunmur, toxumlar səpilib və cücərməkdə davam edir”.

Azərbaycanda digər dinlərin nümayəndələri, dini sektalar də fəaliyyət göstərirlər. Bir çox hallarda onlar da təhlükə mənbəyi hesab olunur. Amma nədənsə güc strukturları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha çox islamçılara qarşı mübarizə aparır. Səbəb nədir?

Rafiq Əliyevin fikrincə, digər dini sektalar, xüsusilə protestant təmayüllü olanlar içərisində radikallığı, dövlət əleyhinə kəskin münasibətləri ilə fərqlənənlər var:

“Amma bu gün Azərbaycan üçün həmin dini sektalar islam radikal qruplaşmaları qədər təhlükə təşkil etmir. Mən hər zaman deyirəm ki, bütün xristian dini sektalarının hamısını bir yerə yığsanız, onların bu gün fəaliyyət göstərən islam ekstremist qruplaşmasının gücü qədər deyil.

Həmin dini sektalar, qruplar mənəviyyatımıza müəyyən qədər təsir göstərir, insanın şüurunu öz istədikləri kimi dəyişirlər. Amma onların islamçılardan fərqli olaraq hakimiyyətə iddiası yoxdur”.

Bəs, bu gün Azərbaycanda mövcud olan dini cərəyanlardan hansı daha çox təhlükə mənbəyidir?

Sabiq sədrin sözlərinə görə, Azərbaycanda birinci yerdə radikal vəhhabilər üstünlük təşkil edir:

“Söhbət vəhhabilərin hamısından deyil, radikal olanlardan gedir. Bunlar Azərbaycanda hakimiyyət üçün müxalifət təşkil etmirlər. Sadəcə olaraq müvafiq şərait yaranarsa, mütləq radikal metodlara keçməyə hazırdırlar. Bu dəqiqə Azərbaycanda vəhhabilərin sayı çoxdur, onlara dəstək verən xarici dövlətlər-Körfəz ölkələri heç vaxt o anı yaddan çıxarmazlar.

Azərbaycan-Rusiya-Türkiyə-İran münasibətlərinin normallaşması, onların Rusiyada birgə hərbi tədbirlər görməsi, vəhhabilərin Körfəz ölkələrinə yerləşən mərkəzi idarələrini çox narahat edir. Ona görə imkan düşən kimi onlar öz vəhhabi “qardaşları”na kömək etməyə hazır olacaqlar”.

Rafiq Əliyev Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “İraq-Şam İslam Dövləti (İŞİD) tarixən Azərbaycan ərazisində yaranan təşkilat olub” iddiasına da münasibət bildirib.

“İŞİD Azərbaycanda meydana gəlməyib. İŞİD İraqda, Suriyada, xüsusilə Qətərdə, İordaniyada, Səudiyyə Ərəbistanında təlim və maddi dəstək alan amerikalıların “doğduğu” “uşaq”dır. Amerikalılar bu “uşağ”ı çox səmimiyyətlə, böyük vəsaitlər sərf edərək böyüdürlər. Azərbaycanda onlardan kiçik qrup var. Bu, Orta Asiyada, Qafqazda, Rusiyada da var. Ən az sayda olanlar elə Azərbaycandakılardır. Azərbaycanda İŞİD təhlükəsi Suriyada, İraqda, Misirdəki həddə çata bilməz, çünki ölkəmiz İŞİD təhlükəsinin qarşısını ala biləcək gücdədir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.