Çingiz Qənizadə: “Bu günədək bir hakim qanunsuz qərar çıxartdığına görə məsuliyyətə cəlb olunmayıb”

9-07-2019, 09:17           
Çingiz Qənizadə: “Bu günədək bir hakim qanunsuz qərar çıxartdığına görə məsuliyyətə cəlb olunmayıb”
“İşlətdiyim mobil telefonun nömrəsi 40 min seçicimin hər birində var”
Son günlər mətbuatda və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri, guya iyul iclaslarının birində parlamentin buraxılacağı və növbədənkənar seçkilərin təyin olunacağı ilə bağlı oldu. Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a müsahibəsində digər məsələlərlə yanaşı, bu barədə davamlı xəbərlərin tirajlanmasının səbəblərindən danışdı.

- Çingiz bəy, bu günlərdə həmkarlarınızın bir neçəsi növbədənkənar seçki məsələsinə münasibət bildirdi. Bəs, sizin yanaşmanız nədən ibarətdir, bu məlumatlar hardan qaynaqlanır, niyə az qala hər kvartalda dövriyyəyə buraxılır?

- Mənə elə gəlir ki, sosial şəbəkədə olub, özünü parlamentdə görmək istəyən insanlar var. Təbii ki, onların istəyinin əleyhinə deyiləm, hər bir şəxsin seçib-seçilmək hüququ olduğu kimi, istəyinin olması da normaldır. Lakin daha çox onlar bu fikri sosial şəbəkələr vasitəsilə cəmiyyətə ixrac edirlər. Heç bir əsas olmadan bu məsələnin gündəmə gətirilməsi və işıqlandırılması təbii ki, cəmiyyətdə bir az çaşqınlıq yaratdı. Hətta millət vəkillərinin arasında da buna inananlar var idi. Bu cür məlumatların davamlı yayılması belə bir fikir formalaşdırırdı ki, ola bilsin növbədənkənar seçki keçirilsin. Amma parlamentin buraxılmasının müəyyən qaydası var. Əgər həmin prinsiplər pozulmayıbsa və parlament normal fəaliyyət göstərirsə, onda niyə buraxılsın? Bu günlərdə YAP-ın icra katibi Əli müəllim Əhmədov açıqlama verməklə bu məsələyə nöqtə qoydu. Amma mən elə hesab edirəm ki, parlament normal fəaliyyət göstərir və çağırışın sonunadək də fəaliyyət göstərmək iqtidarındandır.

- İyul ayında işləməyiniz də əlavə söz-söhbətə yol açdı...

- Qanunvericiliyə görə, əvvəllər yaz sessiyasını 31 mayda başa vururduq. Lakin əgər bir və ya iki iclasın keçirilməsi zərurəti yaranırsa, deputatların əksər hissəsi imza toplayaraq növbədənkənar sessiyanın çağırılmasını xahiş edirdilər. Ancaq nəzərə alaq ki, Normativ hüquqi aktlar haqqında qanuna dəyişiklik edilib və artıq parlamentə daxil olan qanun layihəsinə təklif edilən əlavə və dəyişikliklər də üç oxunuşdan keçdiyinə görə, həm komitə, həm plenar iclasda iş yükümüz artıb. Bu baxımdan biz iyun ayında başladığımız növbədənkənar iclası iyulda da davam etdiririk. 9-u və 12-sində son iki iclası keçirəndən sonra, 15 iyuldan məzuniyyətə çıxacağıq. Bizim tətilimiz rəsmi olaraq iyulun 15-dən, sentyabrın 1-dəkdir - 45 gün.

- Deməli, növbədənkənar sessiyaya görə əlavə müavinət ödənilmir?

- Yox, heç bir əlavə müavinət ola bilməz, adi qaydada işləyirik. Onsuz da biz yaz sessiyası başa çatandan sonra, iyulun 15-dək parlamentdə olurduq və komitə iclaslarımızı davam etdirirdik.

- Çingiz bəy, şəxsən sizin bu ərəfədə seçicilərlə aktiv işiniz, silsilə xarakterli görüşlər keçirməyiniz diqqət çəkir. Bu görüşlər seçki hazırlığına çox oxşayır, elə deyilmi?

- (gülür) Əvvəla, mən hər ilin birinci yarısında seçildiyim 80 saylı İmişli-Beyləqan seçki dairəsinə daxil olan kəndlərin hamısında – 40 kəndin hər birində görüş keçirdirəm. Aprelin ortalarından başlayan görüşlərim iyunun ortalarınadək davam edir. Payızdan başlayaraq, harda ki, müəyyən ehtiyac yaranır, ya da söz verdiyim məsələ ilə bağlı nəticə var, seçmə üsulu ilə görüşlərimi davam etdirirəm. Keçən çağırışın sonunda mən 5 illiyin hesabatını verdim və qeyd etdim ki, seçildiyim dairə üzrə, kəndlərdə 250-dən çox görüş keçirmişəm. Bəzi dostlarım, həmkarlarım da deyirdilər ki, elə bil seçkiyə hazırlaşırsan. Onlara da xatırladırdım ki, ötən illərdə də belə olub, illik hesabatımda bunu vurğulamışam. Lakin onda mən bunu mətbuata kifayət qədər çıxartmırdım. Düşünürdüm ki, bu, mənim vəzifə borcumdur, insanların arasında olmalıyam. Bu dəfə kəndlərdə qaldırılmış məsələləri ünvanına çatdırdığıma seçicilərimin əmin olması üçün hər bir kəndin görüşünü ayrıca ictimailəşdirdim və mövcud problemləri də məlumatın içərisində daxil elədim. Görüşləri işıqlandırmaqla bilavasitə özümü borclu qoyuram ki, söz vermişəmsə, həllinə nail olmalıyam.

- Həll edə bilirsiniz?

- Sizə deyim. Rayon su təsərrüfatı idarəsinin rəisi və icra nümayəndəsi ilə danışaraq, 3 kəndin içərisindən keçən kiçik su kanalının üzərindəki körpünün təmiri ilə bağlı məsələ qaldırmışam və proses gedir. Ötən həftə rayon mərkəzindən 51 km kənarda yerləşən Ağamalılar kəndində səyyar həkim briqadasını təşkil etdim, başda baş həkim olmaqla.

- Deməli, siz seçiciləri dinləyirsiniz, əlaqədar qurumlar da sizi eşidirlər...

- Bəli, eşidirlər. Əvvəla, biz şəxsi nəsə xahiş etmirik, vətəndaşların hardasa problemi varsa və bunu da dövlət, icra orqanı etməlidirsə, biz onlara müraciət edirik. Böyük kəndlərin birinə artıq qum-çınqıl daşıtdırmağa başlamışam. Qeydlərimdə nələr varsa, artıq onların icrasına başlamışam. Nəticəsini də məzuniyyətdən qayıdandan sonra yoxlayacağam. Hansı məmur özünün görməli olduğu işi, mənim tərəfimdən çatırılmasına baxmayaraq, etməyibsə, təbii ki, onun da naziri, icra başçısı var, o məsələləri qaldıracağıq.

- Çox yaxşı nümunədir. Bəs, seçicilər görüşməyə maraqlı olmayan bəzi həmkarlarınız necə qarşılayır sizin bu nümunəni? Sizə irad bildirən olmur ki?

- Mən imkan vermərəm ki, kimsə aktiv işimə görə hətta zarafatla da olsa, irad bildirsin. Demirəm ki, millət vəkili Milli Məclisdən çıxmalı, hər şənbə-bazar hansısa bir kəndin camaatın içində formal görünməlidir. Amma biz onlarla əlaqələri itirməməliyik. Məsələn, mən tam məsuliyyətlə deyirəm, işlətdiyim mobil telefonun nömrəsi 40 min seçicimin hər birində var. Hər bir görüşdə mobil nömrəmi vermişəm. Elə bu bazar günü, səhər saat 09.05-də Oruclu kəndindən mənə zəng ediblər, hətta yuxudan oyadıblar. Düzdür, onlara bir az iradımız bildirdim ki, heç olmasa bazar günü saat 10-dan sonra zəng edin. Suvarma ilə bağlı problem var idi...Seçici də biləndə ki, ən çətin anda millət vəkilini tapa bilir, dərdini deyə bilir, o da deputata dəyər verir.

“Deyilənə görə, ərəb ölkələrindən gələnlərin müəyyən hissəsi bura əxlaqsız qadınlarla gün keçirmək üçün gəlirlər”
- Yay tətilini harda keçirəcəksiniz?

- Mən birmənalı olaraq yay aylarını Şamaxıda keçirirəm. Orda 20 il əvvəl dədə-baba qaydası ilə tikilmiş bir bağım var. Kifayət qədər otaqları, mer-meyvəsi, həyəti var, üstəlik, sərindir, kondisioner lazım deyil, ağcaqanad da yoxdur. Bu baxımdan ailə-uşağımın yay aylarında orda olmasından istifadə edib mən də Şamaxıda istirahət edəcəyəm. Avqustda bir neçə dostlarımla ola bilsin Soçiyə səfər edək, orda dincələk. Hesab edirəm ki, böyük istirahət yerlərinə getmək əlavə xərcdir, ona ehtiyac da yoxdur.

- Turizm sektoru ilə bağlı çox danışılır. Vaxtaşırı ərəb turistlərin “Bakı macəraları” gündəm mövzusuna çevrilir. Bu sahədə nələr etmək lazımdır ki, ölkəmiz həm turistlər üçün cəlbedici olsun, həm də əndazəni aşan davranışlara yol verilməsi, ölkəmizin imici zədələnməsin?

- Mən bu günlərdə bir kadr gördüm: mülki geyimli iki polis əməkdaşı bir qadını “Torqovı”da oturduğu yerdən uzaqlaşdırmağa cəhd edirdi, qadın da müqavimət göstərirdi. Mən burda təbii ki, polisin mövqeyini dəstəkləyirəm. Ümumiyyətlə, Azərbaycanda əxlaq polisinə ehtiyac var. Son dövrlərdə ölkəmizdə əxlaqi dəyərlərin itməsinin şahidi oluruq. Mən xatırlamıram və ağlıma belə gəlməzdim ki, Bakının mərkəzi küçələrindəki kafe-barlarda qadınlar otursunlar və əcnəbi turistlərə müştəri gözü ilə baxıb onları ələ alsınlar, “bədən alveri” ilə məşğul olsunlar. Bu, təbii ki, bizim mentalitetə, milli dəyərlərimizə, adət-ənənələrimizə, əxlaqımıza ziddir. Belə olan halda polisin də müdaxiləsi baş verən kimi, bundan sui-istifadə edib polisə qarşı mövqe nümayiş etdirmək istəyən qüvvələr də var ki, polis insanların azadlığını pozur. Bu, azadlıq deyil, əxlaqsızlığın qarşısını almaq üçün lazım gələndə polisdən istifadə etmək vacib şərtlərdən biridir. Amma çox təəssüf ki, bu gün Azərbaycanda, bax, bu sahədə - məni bir vətəndaş olaraq, sırf qanı, canı ilə milli dəyərlərimizə, adət-ənənələrimizə bağlı olan bir insan kimi bu məsələlər çox narahat edir. O baxımdan mən çox istərdim ki, turistlər Azərbaycana əxlaqsız qadın axtarışı üçün gəlməsinlər, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə tanış olmaq, görməli yerlərini görmək üçün gəlsinlər. Amma deyilənə görə, təəssüf ki, bu gün ərəb ölkələrindən gələnlərin müəyyən hissəsi bura əxlaqsız qadınlarla gün keçirmək üçün gəlirlər, bunun qarşısı alınmalıdır. Hansı yolla olursa-olsun. Lazım gəlsə, zorakı metodlara, zərurət yaransa, qanunlara dəyişiklik etməliyik, bu məsələ tənzimlənməlidir.

- Çingiz bəy, siz deputat olmaqla yanaşı, həm də hüquq müdafiəçisiniz. Prezidentin öz mövqeyini açıqlamasından sonra cəmiyyətdə, məhkəmə-hüquq islahatları gözləntisi var, bu barədə məlumatlarınız, proqnozlarınız nədən ibarətdir?

- Düzü, cənab prezident tərəfindən aprelin 3-də məhkəmə-hüquq sahəsində islahatların daha da dərinləşdirilməsi ilə bağlı imzalanan fərman hamımızı çox sevindirdi. Belə hesab edirdik ki, əsasən, məhkəmə hakimiyyətində olan qüsurları artıq cənab prezident aşkar edib və bu sahədə islahatların aparılması üçün fərman verib. Təbii ki, ondan sonra cənab prezident tərəfindən sosialyönümlü xeyli fərmanlar, sərəncamlar verildi və bunları alqışlayırıq. Hüquq-mühafizə orqanlarında, DTX-də, DİN-də də kadr dəyişiklikləri oldu. Bu, birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Biz gedənlərə “yaxşı yol”, gələnlərə “uğurlu işlər” arzuladıq və arzulamaqda davam edirik. Amma məhkəmə hakimiyyətində gələ ki, kadr islahatlarının şahidi olmamışıq, bax, bu, məni olduqca narahat edir. Çünki məhkəmə hakimiyyətindəki rəhbər şəxslərin xəbəri olmadan hər hansı bir hakimin qanunsuz qərar, qətnamə qəbul etməsi inandırıcı deyil. Çünki bizdə qanuna zidd olaraq, hakimlər hər iş gününün sonunda icraatındakı işlərlə bağlı məhkəmə sədrlərinə məruzə edirlər. Bu, qanunsuz məruzədir və hakimlər hamısı bərabərhüquqludur. Hakimlər sanki sədrlərdən asılı vəziyyətdədirlər və məruzə etməklə onların razılığı əsasında qərar qəbul edirlər. Odur ki, məhkəmə hakimiyyətində əsaslı və köklü dəyişikliklər olmalıdır, kadr islahatları aparılmalıdır, yeni, müasir, korrupsiyaya, rüşvətə bulaşmamış gənc kadrlar məhkəmə hakimiyyətinə rəhbər vəzifələrə gətirilməlidirlər və onlar qarısında qəti tələb qoyulmalıdır: rüşvət olmayacaq, hakimlər bilə-bilə iki dəfədən artıq qərəzli hökm çıxardarlarsa, məhkəmə hakimiyyətindən uzaqlaşdırılmaqla, məsuliyyətə cəlb olunacaqlar. Bax, bu gün bizim Cinayət Məcəlləsində qanunsuz qərar, qətnamə və ya hökm çıxartmağa görə hakimlərin məsuliyyəti var. Bununla bağlı Cinayət Məcəlləsində maddə mövcuddur. Amma bu günədək hələ bir nəfər hakim qanunsuz qərar, qətnamə çıxartdığına görə həmin maddə ilə məsuliyyətə cəlb olunmayıb. Bu, onu göstərir ki, bu sahədə boşluq var və guya məhkəmələrin qəbul etdiyi qərarların hamısı doğrudur. Əgər doğrudursa, minlərlə, on minlərlə insanlar niyə ora-bura şikayətlər edirlər? Ola bilər ki, məhkəmələrdəki mülki işlərdə tərəflərin birinin narazılığı olsun və onun şikayət hüququ var. Amma biz görəndə açıq-aydın ağa qara, qaraya ağ deyirlər və burada pul rol oynayır, deməli, bu hakimlər cəzalanmalıdır. Yeri gəlmişkən, mənim televiziyada, mətbuatda çıxışlarım oldu, bir ağ “sənəd”ə məhkəmələr qərar qəbul edib və tərəflərin birini cərimələyib. Mən bununla bağlı ədliyyə naziri hörmətli Fikrət Məmmədovla, Ali Məhkəmənin sədri Ramiz Rzayevlə, Ali Məhkəmənin hakimi, Kollegiya sədri, Apelyasiya Məhkəməsinin sədri ilə görüşmüşəm. Hamısına da demişəm ki, bəlkə mənim savadım çatmır, xahiş edirəm, göstərin, görüm harda yazılıb ki, məhkəmə ağ “sənəd”ə qərar çıxara bilər? Amma bu, birinci instansiyadan, apelyasiyadan da, Ali Məhkəmədən də keçmiş bir qərardır. Deməli, burada zənglər, tapşırıqlar rol oynayıb. Bu, bir insanın müraciətidir, amma yüzlərlə, minlərlə insanın müraciəti gedib rəhbərliyə çıxmır axı. Azərbaycanın 35 tanınmış ictimai-siyasi xadimləri bu yaxınlarda cənab prezidentə və Mehriban xanıma müraciət göndəriblər ki, ağ “sənəd”ə qərar çıxarılıb, araşdırılsın, yenidən qiymət verilsin. İndiyə qədər məhkəmə hakimiyyəti inadkarlıq göstərir, müəyyən manevr etməklə bu məsələyə baxmaq istəmir, bax, budur reallıq. Cənab prezident cəmiyyəti bir tərəfdən gözəl sərəncam, fərman, humanist addımları ilə sevindirir, amma digər tərəfdən insanları narahat edən şəxslərin dəyişdirilməsi, kadr islahatı aparmaqla vətəndaşların problemlərini həll etmək arzuolunandır.

- Elə bəzi YAP-çı deputatlar da etiraf edirlər ki, hakimin yanlış qərarı sonda Avropa Məhkəməsinə şikayətlərin artmasına, dövlətimizin cərimələnməsinə səbəb olur...

- Təkcə Avropaya ünvanlanan şikayətlərdən söhbət getmir. Elə insanlar var ki, heç Avropanın yolunu, şikayətin yazılması qaydasını belə, bilmir. Kəndlərdə yaşayan insanlar bilmir ki, necə müraciət etsinlər. Onların gücləri ancaq bu cür ədalətsiz qərar çıxaran hakimləri lənətləməyə çatır. Təsəvvür edin, bir tərəfdə cənab prezidentin səxavət dolu “kisəsi”, əli, diqqəti qayğısı, digər tərəfdə isə hakimiyyətə, hökumətə və dövlətə qarşı narazılıq yaradan bu cür məmurların hərəkətləri... Deməli, o məmurlar kənarlaşdırılmalıdır.

- Kadr bankı haqda nikbinsinizmi?

- Hesab edirəm ki, kifayət qədər kadrlar var. Cənab prezidentin qeyd etdiyimiz fərmanında 200 hakim yerinin artırılması nəzərdə tutulub. Son dövrlərdə məhkəmə hakimiyyətində işə qəbul olunan adam – biz də orda müşahidəçi kimi iştirak edirik – tam məsuliyyətimlə deyirəm ki, Məhkəmə Hüquq Şurasının nəzarəti altında bu imtahanlar gedir, bir neçə mərhələdən keçirlər. Orada neqativ məqamlar yoxdur. Fikrət müəllim orda elə bir sistem yaradıb ki, biliyi, bacarığı olan insanlar imtahan verib keçirlər. Ona görə də mən təşəkkür edirəm ki, belə bir qaydanın yaranmasını məhz Fikrət müəllim (ədliyyə naziri-E.P.) başda olmaqla, hakimlərin seçki komitəsi və digərləri tətbiq edirlər. Amma təmənnasız şəkildə hakim vəzifəsinə yiyələnəndən sonra yenə də başlayırlar pula, rüşvətə meyllənməyə. Mən təbii ki, hamısını günahlandırmıram. Burada kifayət qədər ləyaqətli, vicdanlı, rüşvətə meylli olmayan kadrlar var, biz onları alqışlayırıq. Ancaq onların içərisindən seçilib rəhbər vəzifələrə qoyulmamasını başa düşə bilmirik. Yaxud yüzlərlə yeni, gənc kadrlar gəlib, 3-5 ildir məhkəmə hakimiyyətində işləyir. Gərək 60 yaşında məhkəmə sədri olsun? 33-35 yaşı var, olsun məhkəmə sədri, bayaq dediyim kimi, şərtlər qoyulsun, qanunsuz qərar, qətnaməyə görə xaric olunacacaqsan, cinayət məsuliyyətinə cəlb olunacaqsan!

Elşad PAŞASOY,
FOTO: “YM”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.