Ayıların kəndlərə hücumunun arxasında ilginc səbəb varmış – QİSAS

21-09-2019, 18:44           
Ayıların kəndlərə hücumunun arxasında ilginc səbəb varmış – QİSAS
Zooloq: “Sahibkarlar zooparklar üçün heyvanların balalarını zorla əllərindən alırlar, bu da heyvanları aqressivləşdirir”

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Qubanın Cimi və İsmayıllının Tırcan kənd sakinləri ayıların hücumuna məruz qalmışdı. Ümumiyyətlə, ayıların və digər yırtıcı heyvanların kəndlərə basqınlar etməsi dağlıq rayonların hamısında baş verir. Son zamanlar isə belə halların sayı artıb.

Ayıların kəndlərə və orda yaşayan sakinlərə hücumları nə ilə əlaqədardır? Heyvanların qidalarının tükənməsi, qocalıb əldən düşməsi nəticəsində ov edə bilməməsi, yaxud mövsüm amili burada rol oynayırmı? İnsanlar bu təhlükələrdən necə qorunmalı, müvafiq dövlət qurumları hansı tədbirlər görməlidir?

Məsələni AYNA-ya şərh edən Bakı Dövlət Universitetinin (BDU) Zoologiya kafedrasının dosenti Sevinc Hümbətova yırtıcıların səbəbsiz yerə insanlara hücum çəkmədiyini deyib: “Adətən ayılar səbəbsiz yerə kəndlərə və ya insanlara hücum etmir. Lakin insanlar onlara hücum edəndə, yaxud özlərinə qarşı təhlükə hiss edəndə, hücum etməyə başlayırlar. Əsasən də, istirahət mərkəzlərində müştəriləri cəlb etmək üçün sahibkarların yaratdıqları mini zooparklar buna səbəb olan əsas amillərdəndir. Çünki sahibkarlar yaratdıqları zooparklar üçün, meşələrdə heyvanların balalarını zorla ələ keçirir və zooparklara salırlar. Belə olan halda da heyvanlar aqressivləşir və həmin ərazilərə hücum edir. Lakin ayıların aclıq səbəbi ilə kəndlərə hücum etməsi elmi cəhətdən reallığı əks etdirmir”.



Zooloq, ayıların ərazilərə hücum etməsində qida tükənməsinin əsas səbəb olmadığını vurğulayıb: “Ayılar evrifak heyvanlardır. Yəni onlar heyvanlarla yanaşı bitkilərlə də qidalana bilir. O da qeyri-mümkün bir haldır ki, təbiətdə bütün qidalar eyni anda tükənsin və ayılar qidalanmaq üçün harasa hücum çəksin. Ələlxüsus da təbiətdə qidaların bol olduğu bu fəsildə. Çox güman ki, ayıların ərazilərə hücum çəkməsi insanların onlara müdaxilə etməsinə görə olub. Yaxud da son günlərdə meşələrdə kütləvi yanğınların baş verməsi onların yerdəyişməsinə səbəb olub”.

S.Hümbətova bu təhlükələrin qarşısının alınması üçün müvafiq qurmlara müraciət etməyin əhəmiyyətindən danışıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məsələnin həllinə çarə tapmaq üçün müraciət etmək lazmdır. Belə məsələlər üçün onlar tədbir görməlidirlər. Əsasən də, təhlükənin olduğu yerlərə mütəxəssislər göndərilməli və bunun həllinə çarə tapmalıdırlar”.

“O ki, qaldı ayıların qocaldığı üçün kəndlərə hücum etməsinə, bu, təbiətin funksiyasına görə mümkün deyil. Çünki eyni zamanda, bir neçə heyvanın qidadan əziyyət çəkib belə bir addım atması qətiyyən inandırıcı deyil. Buna baxmayaraq insanlar ehtiyyatlı olmalı və mütləq şəkildə aidiyyatı qurumlara müraciət etməlidirlər”, – deyə zooloq əlavə edib.

Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədr müavini Səidə Rəsulova isə AYNA-ya açıqlamasında ayıların ovlanmasına icazə olmadığını bildirib: “Ayılar “Qırmızı kitab”a düşmüş heyvanlardır. Ona görə də onların ovlanması qeyri-qanunidir. Lakin hansısa bir səbəb yaranarsa, təhlükə baş verərsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır. Çünki icazəsiz belə bir addım atmaq mümkün deyil”.

“Heyvanlar kəndlərə və orada yaşayan əhaliyə hücum edəndə belə, Nazirlik onların vurulmasına, öldürülməsinə icazə vermir. Bu da insan təhlükəsizliyi baxımından böyük problemdir”, – deyə sədr müavini qeyd edib.

S.Rəsulova vəhşi heyvanların kəndlərə hücum etməsində qida probleminin də rol oynadığını deyib: “Heyvanların qidalarının bitməsi onların kəndlərə hücum etməsinə səbəb ola bilər. Həm də heyvanların quduzlaşması, qocalıb əldən düşməsi onların yaşam şəraitini məhdudlaşdırır və onlar da daha asan yerlərə hücum etməyə başlayır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.