“Kor qisas, intiqam aktları olacaq” – Zərdüşt Əlizadə ilə müsahibə

28-10-2019, 19:47           
“Kor qisas, intiqam aktları olacaq” – Zərdüşt Əlizadə ilə müsahibə
Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:

- Zərdüşt bəy, İŞİD lideri Əbubəkr Bağdadinin oktyabrın 26-da öldürülməsi ilə bölgədə vəziyyət dəyişəcəkmi?

- Üsamə Bin Laden öldürüldü, “Əl-Qaidə” terror təşkilatı sıradan çıxdımı? Xeyr, “Əl-Qaidə” qalır və onun müxtəlif özəkləri fərqli ölkələrdə işləyir. Üstəlik onun müttəfiqləri də qalır və fəaliyyət göstərirlər. Bağdadi də öldürülüb, amma onun yaratdığı təşkilat, tərəfdarları qalıb. Digər tərəfdən, Bağdadini və İŞİD-i yaradan və sonra əzən beynəlxalq qurumların özləri də qalıb. Beynəlxalq terrorizm əslində onlara beynəlxalq təcrübə üçün lazımdır. Bu təzahürü yaradan, saxlayan və inkişaf etdirən qurumlar var. Dünyada maliyyə axınları üzrə sərt nəzarət mövcuddur. Yəni beynəlxalq banklar, pul köçürmə sistemləri əsasında əslində maliyyə axınına nəzarət olunur. Bəyəm Amerika bilmir ki, beynəlxalq terrorçu təşkilatların maliyyə qaynaqları haradadır, necə yaranır? Bu maliyyə axınını kəssələr, terror məsələsi bitər. Amma kəsmirlər. Çünki bu təzahür onlara lazımdır.

- Nə üçün lazımdır?

- Bu, dünyanın müxtəlif bölgələrində hərbi qoşun birləşmələri saxlamaq, hansısa ölkəyə müdaxilə etmək üçün lazımdır. Bəhanə də budur ki, terrorizmə qarşı mübarizə aparılır. Əslində terrorizm olmalıdır ki, ona qarşı da mübarizə aparılsın. Deməli, terrorizmin qalmasına şərait yaradırlar, maliyyə qaynaqlarını kəsmirlər, terrorçu təşkilatları dəstəkləyən, onlara təlim keçən öz qurumlarına dayan əmrini vermirlər. Və belə tilisimli bir dairə yaranır. Yeri gəlmişkən, ABŞ-ın sabiq prezidenti Barak Obama açıq bəyan etmişdi ki, ”İslam xilafəti” uzun illər qalacaq və ABŞ on illər ərzində ona qarşı mübarizə aparmalı olacaq.

Tramp da dedi ki, qoşunu Suriyadan çıxarır. Konqres onu hədələdi. Sonra Tramp bəyan etdi ki, Suriyadakı ABŞ qoşunları sadəcə olaraq yerlərini dəyişdilər, Suriyadan çıxmadılar. Əslində ABŞ qoşunu Suriyadan çıxa bilməz, çünki ABŞ hərbi sənaye kompleksi bunu qadağan edib. Odur ki, Tramp əsgərlərini Suriyanın başqa bölgəsinə çəkməli oldu, arada kürdlərin dərsini verdilər, Türkiyə, Rusiya və Bəşər Əsəd istəyinə çatdı. Faktiki ABŞ-da istəyinı çatdı. Burada itirən kürd və Suriya xalqıdır.

- Siz demək istəyirsiniz ki, İŞİD ABŞ-ın layihəsidir?

- Bəli. “Əl-Qaidə” və “Taliban” da ABŞ-ın layihəsidir. Əslində bu işdən hali olanlar məsələnin nə yerdə olduğunu da bilirlər. Sadəcə bunu qabartmırlar. Necə ki, daşnak partiyası rus kəşfiyyatının layihəsi olub, ancaq bunu heç kəs qabartmır. Qarabağ münaqişəsi Moskvanın layihəsi idi. Məqsəd də bölgəni nəzarətdə saxlamaq idi. Qarabağ münaqişəsində aktyorlar Rusiya agenturası və dünyadan başı çıxmayan insanlar idi. Yəni bu işdə iştirak edənlərin bəziləri sadəcə cahillər idi. Amma bütövlükdə bu, Rusiyanın əməliyyatı idi və uğurla həyata keçirildi. Ümumiyyətlə, Yenidənqurma əməliyyatının özü də təsadüfi deyildi. Bir vaxtlar yüksək vəzifələrdə çalışan çox ağıllı adamların youtube-da fikirləri var. Açıb baxın və görün. SSRİ-nin dağıdılması prosesi Moskvada Mərkəzi Komitədə şəxsən Qarbaçovun başçılığı ilə həyata keçirildi. Mən də aşağıda islahat istəyirdim, Əbülfəz Əliyev isə istəyirdi türk dünyası yaransın. Amma faktiki olaraq böyük prosesi Rusiya idarə edirdi...

- Siz hesab edirsiniz ki, Bağdadi öldürülsə də, İŞİD təşkilat kimi fəaliyyətinə davam edəcək?

- İŞİD onsuz da Suriya və İraqın böyük ərazilərini zəbt edən və özünün xilafətini quran vahid dövlət olmadı. İndi bu qurum şəbəkə formasında dünya dövlətlərinə yayılan sturukturdur. Yəni İŞİD-in şəbəkəsi işləyəcək. Əli silahlı döyüşçüləri var, komandir və ideoloqları da ərəb coğrafiyasına yayılıb. İŞİD təşkilat kimi durur. Əlbəttə, onun adını dəyiş bilərlər. “Əl-Qaidə” çevrildi oldu İŞİD, İŞİD bir müddət sonra adını ASOP qoya bilər. Çünki terror qurumları kiməsə lazımdır. Məşhur rus misalında deyildiyi kimi, “əgər göydə ulduzları yanırsa, deməli bu, kiməsə lazımdır. Beynəlxalq terror təşkilatları yaranırsa və fəaliyyət göstərirsə, deməli bu da kiməsə lazımdır. Baxın, 60-70-ci illərdə Avropada güclü sol terrorizmi mövcud idi, terror aktları həyata keçirilirdi. Bunun qarşısını necə aldılar? Qəti iradə nümayiş etdirildi. Bununla da sol terroru bitdi, amma islam terroru qalır. Çünki islam dünyasına soxuulub burada böyük dövlətlərin iqtisadi və strateji maraqlarını qorumaq lazımdır. Odur ki, terror sıradan çıxmır və qalır, üstəlik həm də dəstəklənir.

- Amma razılaşın ki, ABŞ Prezidenti Tramp Bağdadinin öldürülməsi xəbərini çox sevinclə verdi...

- Çünki bu Trampa sərf edir. Tramp bunu seçkilərdə yaxşı formada istifadə edəcək. Trampın müxalifəti isə deyir ki, Tramp Bağdadini öldürən qurumları ləğv etməyə çalışıb və s. Yəni müxalifətdə bundan daxili siyasi mübarizə üçün istifadə edir. Əbubəkr Bağdadinin dirisi də, ölüsü də bu qumarda vacib karta çevrildi. Elə Bin Ladenin yaşaması və ölməsi ABŞ-da kimlərəsə sərf edirdi. Buş ailəsi Bin Lladen ailəsinin bir nömrəli biznes şəriki idi və bunu bilməyən az adam var. Bağdadi də zamanında Quantanoma həbsxanasında saxlanılıb, sonradan azadlığa buraxılıb. Siz soruşun, görün, indinin özündə belə Quantanomada nə qədər insan həbsdədir. Amma Bağdadini buraxmışdılar. İnsanlar sadəlöhv deyil, bilirlər ki, nə baş verir. Əbubəkr Bağdadini əvvəl azad etdilər, o da işini gördükdən sonra bu hadisələri yığışdırmaq məsələsi ortaya çıxdı. Onu da aradan götürdülər.

İndi mümkündür ki, İŞİD adını dəyişər və başqa ölkələri hədəf seçər. “Əl-Qaidə” üçüncü sıraya keçib, amma durur. Müxtəlif ölkələrdə şəbəkə kimi fəaliyyətinə davam edir. Bu mənada hesab edirəm ki, Bağdadinin ölümü ilə heç nə dəyişməyəcək. Cənab Ərdoğan Bağdadinin ölümünü dönüş nöqtəsi kimi təqdim etdi. Əlbəttə, Ərdoğan siyasətçidir v belə sözləri deməlidir. Amma terrorizmi yaradan səbəbləri aradan qaldırmadan terrorizmi aradan qaldırmaq mümkün deyil. Terroru nə doğurur? Ədalətsizlik, insafsızlıq, çarəsizlik. Əgər ədalət yoxdursa, zülm hökm sürürsə, çarəsizlik durmadan inkişaf edirsə, sözsüz ki, terrorçuluq olacaq. Beləcə kor qisas, intiqam aktları olacaq. Bunun də kökü var və bu kök də ədalətiszlikdir. Normalda terrorçulardan çox onları bu hala gətirən vəziyyət dəyişilməlidir. Bunu etmək haqqında düşünən yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.