"Moskva Ankaraya necə sərt cavab verəcəyi haqda ciddi baş sındırır"

2-12-2015, 21:34           
"Moskva Ankaraya necə sərt cavab verəcəyi haqda ciddi baş sındırır"
Rusiya prezidenti Vladimir Putin iki gün öncə bəyan etdi ki, Türkiyə Rusiyanın "Su-24" bombardmançı təyyarəsini "İslam dövləti" adlanan təşkilatın nəzarəti altında olan ərazilərdən neft idxalının fasiləsizliyini təmin etmək məqsədilə vurub.

Putinin iddialarına görə, Moskvanın əlində Suriyada İŞİD-in və başqa terrorçu təşkilatların nəzarətində olan ərazilərdən neftin Türkiyəyə daşındığını göstərən dəqiq məlumatlar var.

Rəsmi Ankaranın Kremlə mesajı isə daha sərt alınıb. Türkiyə Rusiyaya “iddianızı sübut edin” çağırışı edib. Üstəlik, qardaş ölkənin kəşfiyyat orqanları İŞİD qruplaşmasından neft idxal edən şirkətlərin və şəxslərin adını açıqlayıb. Həmin siyahıda isə Rusiya vətəndaşı və rus əsilli iş adamlarının da olduğu bildirilib.

Rusiyalı həmkarının ittihamına cavab verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə deyib ki, "əgər bir şeyi iddia edirsinizsə, sübut etməlisiniz". Prezident Ərdoğan Türkiyənin İŞİD-dən neft aldığı sübut olunarsa, istefa verməyə hazır olduğunu da qeyd edib. O bildirib ki, iddialar düz olmasa, prezident Putin də eyni şeyi etməlidir.

Məsələyə münasibət bildirən politoloq Sülhəddin Əkbər hafta.az-a açıqlamasında bildirib ki, bu ittiham ilk dəfə deyil ki, səslənir. Sabiq milli təhlükəsizlik nazirinin sabiq müavininin sözlərinə görə, Kremldən verilən dünənki rəsmi açıqlamadan da görünür ki, heç bir ciddi əsasları yoxdur:

“Bu cür bəyanatlar əslində Rusiyanın yüksək rütbəli siyasi rəhbərliyini nüfuzdan salır. Konkret ittihamlar irəli sürülərkən mütləq əldə kifayət qədər tutarlı faktlar, sübutlar olmalıdır. Təbliğat xarakterli, dəlilsiz ittihamların səsləndirilməsi sonradan onu yayanın əleyhinə çevrilir. Artıq Putinin əsassız olaraq Türkiyə haqqında söylədiyi fikirlər onun əleyhinə işləməyə başlayıb. Çünki Rusiyanın yaydığı bu bəyanata Türkiyə tutarlı cavab verdi. Ankara İŞİD-lə neft alveri edən şəxslərin və şirkətlərin adlarını açıqladı. Hətta onların içərisində Rusiya vətəndaşı olanlar da var. Ona görə də hər hansı bir ittihamı irəli sürərkən ciddi düşünmək lazımdır. Rusiyanın tarixi rus-türk düşmənçiliyini yenidən alovlandırması hər iki ölkə münasibətlərinə ciddi təsir göstərəcək. Düşünürəm ki, bu ziyan daha çox Rusiyaya dəyəcək”.

Sülhəddin Əkbər həmçinin qeyd edib ki, hadisələrin gedişini proqnozlaşdırmaq hazırda çox çətindir. Onun sözlərinə görə, indi proseslər təhlükəli istiqamətdə hərəkət edir:

“İrəlidə hansı hadisələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Bu təhlükəli inkişafın qarşısını almaq üçün dünya liderləri çalışır. O cümlədən də, Türkiyə rəhbərliyi iki ölkə münasibətlərinin qaydaya düşməsi üçün əlindən gələni edir. Amma Rusiyanın bu məsələdə aqressiv davranışı göz qabağındadır. Moskva düşünürdü ki, Gürcüstanda, Ukraynada olduğu kimi, Suriyada da öz istədiyini edəcək. Və bunun müqabilində cəzasız qalacaq. Bu o demək deyil ki, Rusiya Türkiyə tərəfindən endirilən "S-24" təyyarəsinin vurulmasına cavab tədbiri düşünmür. Əksinə, Moskva Ankaraya necə sərt cavab verəcəyi haqqında ciddi baş sındırır. Düşünürəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Rusiyadan cavab gələcəyini qardaş ölkə rəhbərliyi də, NATO da düşünür. Çox güman ki, Türkiyə tərəfi bütün bunları nəzərə alıb, müdafiə tədbirləri görür”.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq, “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birilərinə qarşı kəskin ittihamlarla çıxış edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.