“Deportasiya olunan vətəndaşları hüquqi məsuliyyət gözləmir” - deputat

15-11-2019, 17:46           
“Deportasiya olunan vətəndaşları hüquqi məsuliyyət gözləmir” - deputat
Almaniyada həbs olunan azərbaycanlıların istintaqı davam edir. Üstəlik ötən gecə 61 nəfər soydaşımız ölkəyə geri göndərilib. Onları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar.

Alman polisi miqrantların saxta sənədlərdən istifadə etdiyini iddia edir. Məlumatlara görə, Azərbaycanda saxta arayışlar hazırlanıb, həmin sənədlər Almaniyanın müvafiq qurumlarına təqdim olunmaqla, soydaşlarımız yaşamaq icazəsi alıblar.

Saxta sənəd hazırlayanları başa düşdük, bəs bizim hüquq-mühafizə orqanları, sərhəd mühafizəmiz? Onlar hara baxırmış ki, bu qədər insan ölkədən qeyri-qanuni şəkildə çıxa bilib? Baş verənlərlə bağlı AYNA-nın suallarını millət vəkili Çingiz Qənizadə cavablandırıb.

- Bu insanlar sığınacaq üçün ölkədən problem olmadan çıxa bilirlər. Görünür, onların sənədləri peşəkarcasına hazırlanıbmış. Yaxşı bilirsiniz ki, sıravi azərbaycanlı ölkədən gedəndə sərhəddə onun sənədlərində, bəzən nöqtə-vergül problemi axtarılır, bəzən də həmin şəxs saxlanılır, geri qayıdır. Demək ki, Almaniyada istintaqı gedən şəxslər oturuşmuş cinayətkar dəstə olub. Bu insanların evindən möhürlər, xüsusi qəlib sənədlər, blanklar cıxdı. Demək ki, proses əvvəldən hazırlıqlı şəkildə olub. Aksiyadan, mitinqdən şəkillər, partiya sənədləri, guya zorakılıq görmüş kimi əks olunan fotolar saxtakarlırlıq kimi ortaya çıxıb.

- Saxlanılanları hüquqi baxımdan nə gözləyir?

- İstintaq müddətində həbs olunanlarla işbirliyində olan almanlar da var. Buna əminəm ki, Almaniya hökuməti bu məsələni də araşdıracaq. Bizim həbs olunan qrupla əlbir olan almanlar da məsuliyyətə cəlb olunacaqlar. Hələlik istintaqın gedişi barədə dəqiq nəsə demək çətindir.

- Bəs deportasiya olunanların taleyi necə olacaq?

- Təəssüf doğuran məqam odur ki, burdan gedənlərin çoxu aldadılaraq aparılıb, həmin ailələr arasında uşaqları olan ailələr də var. Bu insanların aqibəti nə ola bilər ki? Onlar özlərinə vurduqları qədər bizə də zərər vurublar. Ən əvvəl dövlətin imicinə zərər yetiriblər, dövlət onlara qucaq açası deyil. Amma ölkədən gedib sığınacaq axtarmaları barədə Azərbaycan qanunvericiliyində məsuliyyət yoxdur, yaxud onların məsuliyyətə cəlb olunması doğru olmazdı.

- Ölkəyə geri qayıtmamaq üçün intihara əl atanlar da var...

- Ölkəsinə qayıtmamaq üçün intihara cəhd edənlər geri qayıtdıqdan sonra, sözsüz ki, dindiriləcəklər, sorğu-sual ediləcəklər. Onların dilindən çox həqiqətləri eşidəcəyik. Həmin insanların aqibətinə gəlincə, həyatlarına sıfırdan başlamalıdırlar, bu, artıq onların taleyidir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.