“Əli İnsanovu çağırıb başda otuzdurur, hələ utanmaz-utanmaz bizə müxalifətçilik dərsi keçirlər” - Partiya sədri

9-12-2019, 09:27           
“Əli İnsanovu çağırıb başda otuzdurur, hələ utanmaz-utanmaz bizə müxalifətçilik dərsi keçirlər” - Partiya sədri
Gündəmin mövzusu seçkidir. Gələn il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Cebhe.info saytı və “Cümhuriyət” qəzeti partiya sədrləri, tanınmış siyasətçilərlə gündəm mövzularının müzakirəsini davam etdirir. Növbəti qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır.

Onunla ölkədəki son ictimai-siyasi durumu, növbədənkənar parlament seçkilərini və müxalifətdaxili məsələləri müzakirə etdik.

- Tural bəy, növbədənkənar parlament seçkiləri keçiriləcək. Ümumiyyətlə, yenilənəcək parlamentdən nə gözləyirsiz?

- Son bir ildə hakimiyyət öz daxilində yenilənmə edir. YAP öz daxilində yenilənir. Məsələn, köhnə Hadı Rəcəblilər gedir, təzə Hadı Rəcəblilər gəlir. İstənilən halda bu dəyişiklikdir. İstənilən dəyişikliyi pozitiv qiymətləndirirəm. Amma bu dəyişikliyin xalqa, millətə, dövlətə, müxalifətə təsirini müzakirə etsək, heç bir təsiri yoxdur. Dəfələrlə də parlament özünün qeyri-yararlılığını sübut etdi. 125 deputatdan ən yaxşı halda 25-i danışırdı. Danışanların da hamısı özlərini biabır edirdilər. Belə bir parlamentin buraxılması təbiidir. Bunu müsbət qiymətləndirirəm. Amma mahiyyət dəyişməlidir. Parlament seçkiləri ədalətli, şəffaf, demokratik keçirilməlidir.

- Seçkilərdə iştirak edəcəksiz?

- Təbii ki, bu məsələ partiyadaxili müzakirə olunub. Müxtəlif fikirlər var. Qatılmağın da, qatılmamağın da tərəfdarları var. Doğrudur, biz seçkilərə qatılmağa meyilli siyasi qüvvəyik. Amma normal seçki şəraiti olmayacaqsa, hansısa bir işıq ucu görünməyəcəksə, qatılmağın mənası da olmur.

- 2015-ci ildə də situatisya fərqli deyildi, amma siz seçkilərdə iştirak etdiniz...

- Seçki bütün hallarda fürsətdir. Müxalifət hər seçkidən fürsət kimi istifadə etməlidir. Hər seçki öncəsi də əlindəki siyasi riçaqlardan istifadə edərək seçki mühitinin daha da yaxşılaşdırsın. Biz çalışmalıyıq ki, seçkiqabağı vəziyyətdə hakimiyyətdən daha çox güzəştlər alaq. Qanunverciliyə görə kvorum anlayışı yoxdur. Bu, kvorum əvvəl var idi, məsələn, seçicilərin 25 faizi seçkidə iştirak etmirdisə, o seçki baş tutmamış sayılırdı. Sonradan bu məsələ ləğv olundu, artıq heç bir seçkidə kvorum yoxdur. Ona görə də artıq hüquqi baxımdan da boykotun heç bir mənası qalmır.

- Bu günə qədər müxalifət seçkilərdə bir neçə dəfə boykot qərarı verib. Boykot qərarı müxalifətə nə qazandırıb?

- Boykot müxalifətə heç nə verməyib. Təsəvvür edin, müxalifət həmin şəxslərə deyir ki, biz bu 5 ili də boykot edirik. Bu da partiyaların strukturunun, elektoratının azalmasına, zəifləməsinə gətirib çıxarır. Seçki ərəfəsində media aktivləşir və təbii olaraq media vasitəsilə də insanların da siyasi proseslərə marağı artır. Çünki media siyasətçi ilə xalq arasında bir vasitədir. O baxımdan istənilən seçkidə, ən pis şərtlərlə belə olsa, iştirak boykotdan daha effektivdir.

- Bələdiyyə seçkilərinə sayılı günlər qalıb. Partiya olaraq seçkiyə getmədiniz. Seçicini seçkiyə cəlb etmək üçün iştirak vacib deyildimi?

- Seçicinin seçkiyə cəlb olunması ilə seçicinin aktivləşməsi fərqli məsələlərdir. Məsələn, əvvəlki Seçki Məcəlləsində seçki günü 90 gün idi. Onun yalnız təbliğat-təşviqat dönəmi 60 gün nəzərdə tutulurdu. 60 gündə seçicini o atmosferə salmaq olurdu. Seçiciyə deyə bilirdin ki, ümid var, nəticə olacaq. Bir növ seçicinin canı qızışırdı ki, seçkiyə gedib mövqe qoyum, aktivlik yaradım. Amma Seçki Məcələsini dəyişdilər və seçki gününü 60 günə endirdilər, onun da 24 gününü təbliğat-təşviqata ayırdılar. Bu müddət ərzində isə seçicini inandırmaq, aktivləşdirmək mümkün deyil. Adi bir toy edəndə ona 4-5 ay öncədən hazırlaşırıq. Bu baxımdan da seçici seçkiyə alışa bilmir və ona görə də seçkiyə gəlmir. Digər tərəfdən seçki keçirilən orqanın statusu məsələsi var ki, o seçiciyə daha çox təsir edir. Türkiyədə bələdiyyə seçkiləri prezident seçkilərindən daha çox marağa səbəb olur. Çünki hamı bilir ki, orada bələdiyyə kifayət qədər təsiredici qurumdur. Azərbaycanda 15 min bələdiyyə üzvü seçilməlidir, parlamentə isə 125 nəfər deputat.

Təbii ki, bələdiyyə seçkilərinə maraq daha çox olmalıdır, çünki orada seçilmək şansı daha yüksəkdir. O halda ki, bələdiyyə effektiv qurum olmalıdır. Kimsə düşünsə ki, bələdiyyə üzvü olacam, ən pis halda maaş alacaq, iştirak edərdi. Bələdiyyə üzvü maaş belə almır. Maaş olmayan yerə kim gedib pul xərcləyib namizəd olacaq. Bu, müasir insan düşüncəsinin qəbul etmədiyi məsələdir. Gəl havayı işlə, amma korrupsiya olsa birinci səni həbs edəcəm. Ona görə də bələdiyyə siyasi baxımdan rentabelsiz, effektsiz bir qurumdur. Bələdiyyə seçkilərində iştirak etmək ziyandan başqa heç nə vermir. Təbii ki, bizim partiyadan 2-3 nəfər həvəsli gənclərimiz var, namizədliklərini verib özlərini sınayırlar.

- Müxalifət partiyalarının bir çoxu ilə əməkdaşlıq etdiniz, qalmaqallarla gündəmə gəldiniz. Yenə davam edirmi əməkdaşlıq?

- Bəzi partiyalar kimi “biz göydən zənbillə düşmüşük” fikrində deyilik. ReAl bu fikirdədir ki, Marsdan gəliblər, LCD televizorlara baxırlar. Bir müasirik, “bəli” sözünün yerinə “okey” işlədirik. Belə bəsit fikirlərdən uzağıq, xalqın içindən çıxmışıq. Biz o partiyalarla bir səhnədə vuruşmuşuq, döyülmüşük, söyülmüşük, həbsə atılmışıq. Biz özümüzü onlardan nə üstün, nə də aşağı bilirik. Bu gün də müxalifət partiyaları ilə çox sıx əməkdaşlığımız var. İndi seçki dönəmidir və təbii ki, bizim də müxtəlif partiyalarla məsləhətləşmələrimiz var. Bəzi dairələr razılaşdırılır. İstəmirik ki, bizim namizədlərimizin olduğunu dairələrdən başqa müxalifət liderləri də namizəd olsun. Çalışırıq ki, “toqquşmayaq”.

Onsuz da bütün müxalifət yığışsa, ancaq 125 nəfər xalqın tanıdığı, səs verəcəyi adam tapa bilər. Müxalifətdə vəziyyət ağırdır. 20-30 ilin məğlubiyyətindən sonra insanlar müxalifətə etimad göstərmir. O baxımdan müxalifət resurs, kadr problemi yaşayır. Heç bir müxalifət partiyası bu gün deyə bilməz ki, 125 dairədən namizəd verəcəyik və hamısında da müşahidəni təşkil edəcəyik. 5 minə yaxın məntəqə var və hər məntəqədən çox yox, 2 nəfər müşahidəçi vermək 10 min insan edir. Hərəsinə də 10 manat kalbasa-çörək pulu versən, bu 100 min manat edir. Bu gün hansı partiya bir günə 100 min manat xərcləməyə hazırdır?

- İdeologiyası daha çox siyasi islam üzərində qurulmuş partiya təsiri bağşlayırsız. Dinlə siyasət bir arada ola bilərmi?

- Bizdə tək din deyil. Yaxın zamanda proqramımızı çap edib cəmiyyətə təqdim edəcəyik. Türkiyədə bizim xəttə daha çox “milli görüş” ideoloji xətti deyilir. Bizim ideologiyasını tam desək, Muhsin Yazıcıoğlunun millətçilik və ümmətçilik xəttinə uyğundur. Yəni biz daha çox milli partiyayıq. Avropanın, Rusiyanın, Amerikanın, İranın “kopya”sı olmaq niyyətində deyilik. Azərbaycan vətəndaşının kimliyi necədirsə, biz də elə olmaq istəyirik. Təbii ki, Azərbaycanda islamlaşmış cəmiyyət yoxdur. Uzun illər Çar Rusiyası, SSRİ bu məsələnin qarşısını alıb. Amma kim deyə bilər ki, Azərbaycanda inkarçılıq-Allahsızlıq var? Hansısa namizəd efirdən ateist olduğunu etiraf edə bilər? O namizədə xalq səs verər? Təbii ki, yox. O zaman biz niyə xalqı özümüzə uyğunlaşdırmağa çalışırıq, onun tələbinə getmirik? Biz adət-ənənəmizə, böyük-kiçiyimizə hörmət edən, millətinə, dininə bağlı partiyayıq. Mən türkəm və bununla fəxr edirəm, amma digər milli azlıqlara-kürdlərə, ləzgilərə, talışlara qucaq açıram. Onsuz da Azərbaycanda milli azlıq problemi yoxdur, biz ən tolerant xalqıq. Biz bu cür olmaq istəyirik. Bir müddət öncə avropalı olmaq istəyənlərin acı dramının şahidi olduq. Qrant xətrinə ailəsinin içinə buraxıdıqlar ideologiyaya görə övlad ataya qarşı çıxdı. Bunu bir ailənin faciəsi kimi qiymətləndirirəm. Ona görə də mən Novruz Bayramını qeyd etmək istəyirəm, “Halloven” kimi “dəli bayramını” yox. Ən bəsitini desəm, sevgililər günü kimi hansısa kimliyi bəlli olmayan keşişin yandırıldığı günü yox, tanıdığımız İlhamla Fərizənin toy gününü qeyd etmək istəyirəm. Bu mənim milli kimliyimdir, bunu məndən kimsə ala bilməz.

- Tural bəy, müxalifət-iqtidar münasibətlərinə qayıtmaq istərdim. Müxalifət iqtidardan yenilənmə tələb edir. Müxalifət özü niyə yenilənmir? 90-lardan gələn simaları bu gün də görürük. Müxalifət özü yenilənmirsə, iqtidardan yenilənmə tələb etməkdə nə qədər səmimi görünür?

- Təbii ki, səmimi görünmür. Amma burada bir məqam var. Müxalifət deyir ki, biz hələ özümüzü realizə edə bilməmişik. Xalq üçün etmək istədiklərimizi reallaşdırmaq üçün şansımız olmayıb. Ona görə də biz hələ yeni sayılırıq. YAP artıq 27 ildir hakimiyyətdədir. Ümumiyyətlə, yenilənməni köhnənin gedib təzənin gəlməsi kimi qiymətləndirmirəm. Mənim üçün düşüncə və yanaşma baxımından yenilənmə vacibdir. Mərhum professor Şirməmməd Hüseynov magistraturada mənə dərs deyirdi. O bizə dərs deyəndə mən utanırdım ki, biz nə qədər geridə qalmışıq. O zaman onun 80 yaşı var idi, amma onun yeni texnologiyalarla bağlı məlumatı, informasiya ilə işləmək həvəsi yüksək səviyyədə idi. Bu baxımdan hesab edirəm ki, bu yaşla bağlı məəsələ deyil, xarakterdir. Əslində, mən siyasətdə varisçiliyin tərəfdarıyam. Yeninin gəlib köhnəni silməsi, hər şeyi yenidən başlaması doğru deyil.

- Müsavat Partiyasının təşəbbüsü ilə bir sıra müxalifət nümayəndəsi-İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Əli İnsanov və digərləri ilə görüş keçirildi. Belə bir görüntü yaratdılar ki, müxalifət burdadır. Siz niyə yox idiniz?

- Mən o görüşü elə də fövqəl bir şey kimi qəbul etmirəm. Yüzlərlə belə görüşlır olur, bu da 101-ci oldu.

- Məsələn, Əli İnsanov nə qədər müxalifətçidir?

- Bu onların düşüncəsidir. Əli İnsanovu çağırıb yanında otururlar, cəmiyyətdə bir firkir formalaşır ki, vaxtında xalqı talayıb, çapıb yeyib, sonra da “bağışlayın, bilməmişik” deyib gəlib müxalifət olmaq olar. Gültəkin Hacıbəyli nümünəsi var. Digərləri də var ki, əvvəl məmur olublar, sonra hakimiyyətdən uzaqlaşdırılandan sonra gəlib müxalifətçi olublar. Hələ utanmaz-utanmaz da bizə müxalifətçilik dərsi keçirlər.

- Milli Şura təklif etsə, o birliklə seçkiyə gedərsiz?

- Tural Abbaslı Milli Şuranı təsis edəndə, bu gün orada özünə Milli Şura deyə gəzənlərin çoxu orada yox idi. Biz heç vaxt Milli Şuraya qoşulmamışıq, yaratmışıq. Biz Milli Şuranı faydalı hesab etsəydik, orada qalardıq, çıxmazdıq. Dərman belə, istifadə müddəti keçdikdən sonra zəhərə çevrilir. Siyasət də belədir. Hər hansı bir birliyin yaranma məqsədi bitdikdən sonra artıq effekt vermir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.