“Bunca bahalı villa və avtomobilləri namuslu yolla əldə etmək mümkün deyil” - Sərdar Cəlaloğlu

21-12-2019, 09:33           
“Bunca bahalı villa və avtomobilləri namuslu yolla əldə etmək mümkün deyil” - Sərdar Cəlaloğlu
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin korrupsiyada ittiham edilərək həbs edilməsi mediada ciddi müzakirələrə səbəb olmaqdadır.

Moderator.az olaraq ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə məlum faktdan yol alaraq korrupsiyaya qarşı mübarizənin mövcud durumu, bu sahədə daha ciddi nəticələrə nail olmağın yolları və s. kimi məsələlərə aydınlıq gətirməyə çalışdıq.

-Sərdar bəy, bildiyiniz kimi, Ağsatafa Rayon İcra Hakimiyyətinin başçısı korrupsiya ittihamı ilə həbs edildi. Sizcə korrupsiyaya yol verən iri məmurlara qarşı bu cür həbslərin davamlı və sistemli şəkildə həyata keçiriməsi, korrupsiya cinayətlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilərmi?

-Korrupsiyan sadəcə korrupsionerə qarşı mübarizə aparmaqla azaltmaq mümkün deyil. Bunun üçün korrupsiya şəraitinin aradan qaldırılması və korrupsiya doğuran vəziyyəti dəyişmək lazımdır. Yalnız bu halda korrupsiyanın azalmasına nail olmaq olar. Bunun isə bir neçə üsulu mövcuddur.

-Bu üsullar hansılardır?

-Bunların biri kadrların yerləşdirilməsində dövlətə və millətə sədaqət prinsipinin rəhbər tutulmasıdır.

Ikincisi, tayfa şəklində hakimiyyətdə təmsil olunmağın qadağan edilməsi ilə bağlıdır. Baxın, Asrafa Rayon İcra Hakimiyyəti başçısının bir övladı məhkəmədə hakimdir, digər oğlu Korrupsiyaya Qarşı Mübarizə İdarəsində çalışır. Yaxın qohumlarını araşdırsanız görəcəksiniz ki, onların da sırasında yüksək vəzifəlkərdə təmsil olunanlar var.

Ümumiyyətlə, bu gün ölkədə yüksək vəzifədə təmsil olunan şəxslərin ətrafına, ailə üzvlərinə nəzər salsanız görərsiniz ki, onların çoxu hakimiyyətdə təmsil olunur. Bu, tayfa prinsipinə əsasən reallaşır. Qohumluq əlaqələri üzrə əvvəlcə dövlətdə bir vəzifə tuturlar, sonra isə tayfa mafiyası yaradırlar.

Azərbaycanda klassik mafiya yoxdur. Azərbaycanda tayfa mafiyası var. Yəni bir tayfa hakimiyyətə gəlir, öz qohum-qardaşlarını hakimiyyətdə yerləşdirir. Daha sonra onlar başlayırlarlar tayfa mafiyası kimi öz maraqlarını həyata keçirməyə. Qohum şəxslərin hakimiyyətdə çoxsaylı təmsilçiliyinə imkan vermək olmaz.

-Qohum şəxslərin hakimiyyətdə geniş şəkildə təmsilçiliyi sizcə hansı problemlərə səbəb olur?

-Əgər hakimiyyətdə hansısa ailə və ya nəsildən sadəcə bir adam təmsil olunursa və hansısa qanunsuzluğa yol verirsə, ona cəza verməklə məsələni həll etmək mümkündür. Lakin bir neçə ailə üzvü və yaxın qohumu hakimiyyətdə təmsil olunan şəxs hansısa qanunsuzluğa yol verəndə, o zaman yalnız ona qarşı cəza tədbiri həyata keçirməklə iş bitmir. Çünki həmin şəxsin qohumları yüksək vəzifələrdə çalışır və mövcud durum həmin şəxslərlə bağlı da hansısa addımlar atmağı tələb edir.

-Korrupsiyaya qarşı mübarizənin effektivliyini artırmaq üçün daha hansı addımların atılması məqsədəuyğun olar?

-Bu yöndə atılacaq üçüncü addım deklorasiya ilə bağlıdır. Heydər Əliyev vaxtiylə Bakıda tikilən villaların sahiblərinin kim olmasının araşdırılmasını tapşırmışdı. Ölkədə bu qədər bahalı maşın və villalar mövcuddur. Hamı bilir ki, Azərbaycanda heç kim halal yoll bu qədər bahalı villa ala və ya tikə bilməz. Hakimiyyət deklorasiya tələb etməli, məmurlardakı bu qədər vəsaitin mənbəyini soruşmalıdır. Deklarasiyanın tətbiqi, bahalı mülklərə sahib olan şəxslərin bu mülkləri necə, hansı yolla əldə etməsi yoxlanılmalıdır.

-Sərdar bəy, həbs edilən məmurlarla bağlı mətbuatda dəfələrlə tənqidi məqalələrin yer aldığı bildirilir. Sizcə korrupsiyaya qarşı mübarizədə medianın imkanlarından da istifadə daha uğurlu mübarizəni təmin edə bilərmi?

-Şübhəsiz. Azərbaycan mətbuatında məmurlarla bağlı yazılan məqalələrə ciddi reaksiya verilməlidir. Icra başçılarının özbaşınalıqları ilə bağlı qəzetlər dəfələrlə yazıb. Vətəndaşların bununla bağlı şikayətləri yer alıb. Hamı bilir ki, icra başçıları dağıntılara, özbaşınalıqlara yol verir. Hətta mən prezident seçkilərində sosial yardımların necə mənimsənilməsini məsələsini qaldırmışdım. Lakin təəssüflər olsun ki, hüquq-mühafizə oranları bu kimi məlumatları işıqlandırdığı üçün ya jurnalisti cəzalandırır, ya da bu məlumatlara reaksiya vermir. Baxın, məgər bu günlərdə həbs edilən məmurlar haqqında qəzetlərdə, saytlarda yazılmayıb ki?

Indi vəzifədə olan icra başçıları, nazirlər haqqında mətbuatda nələr yazılmır? Onların övladları haqqında nələr deyilir? Əgər sən korrupsiyaya qarşı mübarizə aparırsansa, buyur, bu məlumatlardan istifadə et. Camaat sənə kömək edir, bir-bir korrupsiya faktlarını açır. Sən də get tədbir gör. Lakin bizdə çox zaman direktiv əsasında, yuxarıdan verilən göstəriş əsasında işləyirlər.

-Sərdar bəy, dediklərinizdən çıxış edərək belə söyləmək mümkündürmü ki, korrupsiyaya qarşı mübarizə sadəcə fərdlərə qarşı deyil, daha çox bu problemə səbəb olan şəraitə qarşı yönəldilməlidir?

-Korrupsiyaya qarşı mübarizəyə sistem şəklində yanaşmaq lazımdır. Mübarizə yalnız bu şəkildə faydalı ola bilər. Hansısa korupsioneri tutacaqsınızsa, o zaman başqa korrupsionerlər daha gizli və mürəkkəb üsullarla korrupsiya ilə məşğul olacaqlar. Hüquq elmi sübut edir ki, cəzalar ağırlaşdıqca, cinayətlər də təkmilləşir. Indiki halda korrupsionerlərlə mübarizə korrupsiyanın fundamental əsaslarlaa daha elmi şəkildə həyata keçirilməsi ilə nəticələnəcək. Ona görə də biz korrupsiya xəstəliyinə qarşı mübarizə aparmalıyıq. Sadəcə xəstəni müalicə etmək, o deməkdir ki, gələcəkdə bu xəstəliyə başqaları yoluxacaq və problem ortadan qaxlmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.