Həyat naminə: Emin Ağalarov və Leyla Əliyeva narkoklinika açmaq qərarına gəlib

22-12-2019, 00:14           
Həyat naminə: Emin Ağalarov və Leyla Əliyeva narkoklinika açmaq qərarına gəlib
Rusiya Milli Narkotiklərlə Mübarizə Birliyinin rəhbəri Nikita Luşnikov: "Bakının Nardaran qəsəbəsində klinikanın açılışı gələn ilin mayında olacaq, lakin artıq reabilitasiya üçün pasientlər qəbul edilir"

2020-ci ilin mayında Bakıda Azərbaycanın Xalq artisti Emin Ağalarovun təşəbbüsü və onun adını daşıyan fondla birgə "Həyat naminə" narkoloji klinikanın bir hissəsinin açılışı olacaq. Bu barədə Rusiya Milli Narkotiklərlə Mübarizə Birliyinin rəhbəri Nikita Lişnikov Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb.

- Nikita, yeni narkoloji klinika harada fəaliyyət göstərəcək?

- O, Nardaran qəsəbəsində fəaliyyət göstərəcək. Emin artıq orada reabilitasiya və tibb məntəqəsi yaratmaq üçün yaşayış sahəsi əldə edib. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada ilk layihə olacaq ki, həm adamlar tibbi yardım üçün müraciət edə, həm də uzunmüddətli reabilitasiya dövründə burada qala biləcəklər. Biz narkomaniyadan müalicəyə kompleks yanaşma tətbiq edirik: dərman yardımı və druq-free proqramı (narkotiklərdən tam imtina proqramı) üzrə psixososial reabilitasiya.

Rusiya Milli Narkotiklərlə Mübarizə Birliyinin rəhbəri Nikita Lişnikov (soldan ikinci)
- Bəs müalicə nə qədər müddət davam edəcək?

- Bu, adamların asılılıq dərəcəsindən asılıdır. Orta müddət 3 aydan 6 aya qədərdir. Biz artıq Azərbaycan narkoloqları ilə yaxşı tanışıq. Sizdə narkotik asılılığı olan şəxslərin əksəriyyəti öz ehtiyaclarını dərman vasitələri hesabına təmin edirlər. Bizim layihə Azərbaycanda birinci dəfə həyata keçiriləcək və eksperimental olacaq. Sonra biz onu BMT-yə təqdim etmək niyyətindəyik.

Biz əvvəlcə dünyanın iki aparıcı proqramını - dərman yardımı və druq-free proqramı üzrə psixososial reabilitasiyanı qarışdırmaq niyyətindəyik. Bu günə qədər bu proqramlar öz aralarında yarışıblar və hər biri də öz effektivliyini sübut edib.

Biz onların arasında bölüşməyə və rəqabət aparmağa heç nəyin olmadığını göstərən bir barışıq körpüsü olmaq istəyirik, çünki məqsədimiz birdir - insanlara kömək etmək. Müalicə olunan xəstələr dərman asılılığından tam azad olmalıdırlar. Bizim klinika da yalnız bu məqsədlə yaradılacaq.
- Siz niyə bu layihəni ilk dəfə məhz Azərbaycanda həyata keçirmək istəyirsiz, başqa dövlətdə deyil?

- Azərbaycan tərəfinin təşəbbüsü ilə. Emin Ağalarov bizim işimizlə tanış olub, bir neçə dəfə bizim düşərgədə olub. Bütün bunlar onu maraqlandırıb. Ona görə də o, məni Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə tanış etmək qərarına gəlib. O da dərhal deyib ki, Azərbaycanda narkotik asılılığı olan insanlar üçün belə bir müəssisə yaradılmalıdır. Bir sözlə, ölkənizdə belə bir klinikanın yaradılması iki insanın - Emin Ağalarov və Leyla Əliyevanın təşəbbüsüdür.

Artıq yerimiz var və biz hər şeyi necə lazımi səviyyədə eləmək məsələsini yoluna qoyuruq.

- Klinika neçə pasient üçün nəzərdə tutulub?

- Bizim bir neçə evimiz olacaq. Biz hər bir evdə 15 adamı müalicə etməyi planlaşdırırıq. Ümumilikdə orada 35-dək adam yerləşəcək. Bu, hələlik start və eyni zamanda eksperimental layihədir. Əgər tələbat olarsa və həqiqətən köməyi dəyərsə, onda təbii ki, gələcəkdə meydanı genişləndirəcəyik.

- Müalicə pullu olacaq, ya pulsuz?

- Birinci mərhələdə bizə Emin kömək edəcək, zamanla klinika özü-özünü təmin edəcək. Orada pullu yerlər də olacaq, amma ödəniş zamanı insanın orta aylıq gəliri nəzərə alınacaq. Həmçinin sosial yerlər də olacaq. Çünki mən özüm vaxtilə demək olar ki, pulsuz müalicə almışam. Valideynlərimin pulu olmayıb. Nə qədər ki, mən bu işlə məşğulam, bizim klinikada həmişə pulsuz yerlər olacaq. Bütün bunlarla yanaşı, klinikamızın öz məsrəflərini qarşılaması üçün bir neçə yüksək qiymətli pullu yerlər də olacaq.

- Sizdə ancaq narkomanlar müalicə alacaq?

- Biz istənilən asılılığı müalicə edirik. Misal üçün Rusiyada hazırda həddindən artıq oyun asılılığı olanlar var. Həmçinin kompüter asılılığı olanların və oyunlara stavka qoyanların da sayı durmadan artır.

- Klinikada kim işləyəcək?

- Burada azərbaycanlı və xarici həkimlər işləyəcəklər.

- Azərbaycandan müalicə üçün sizin Rusiyadakı klinikanıza müraciət edənlərin sayı çox olurdu?

- Bəli, bizə kifayət qədər çox müraciət var. Ondan çox uşaq hazırda Moskva və Belarusda reabilitasiya keçir.

- Nardarandakı klinikaya nə vaxtdan müalicə üçün müraciət etmək mümkün olacaq?

- Klinikanın açılışı gələn ilin mayında olacaq. Amma biz artıq reabilitasiyaya uşaqları qəbul edirik, sadəcə onu açıqlamırıq. Biz burada məhsuldar işləmək istəyirik. Eminin komandası hazırda bizə bütövlükdə köməklik edir. Mən öz vətənimdə öz xalqına bu qədər kömək etmək arzusunda olan insanla qarşılaşmamışam. Burada bizim bütün arzularımız yerinə yetirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.