Ümid qələbənin yarısıdır: Partiyalar bu ruha köklənib? - SORĞU

13-01-2020, 09:41           
Ümid qələbənin yarısıdır: Partiyalar bu ruha köklənib? - SORĞU
9 fevrala təyin olunan növbədənkənar parlament seçkilərinə siyasi partiyaların və ictimaiyyətin marağı əvvəlki seçkilərdən fərqlənir.

Qeyd edək ki, rəsmi olaraq 20 siyasi partiya seçkilərdə iştirak edir. Müstəqil namizədlərin də partiya mənsubiyyətlərini nəzərə alsaq, ümumilikdə 30 siyasi partiya seçkilərdə iştirak edir.

Maraqlıdır, bəs siyasi partiyalar seçkidə uğur qazanmaq üçün nə qədər ümidlidir?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında seçkilərə nəticə əldə etmək inamla qatıldıqlarını deyib:

“Bu seçkidir. Heç bir seçkinin nəticəsini öncədən proqnozlaşdırmaq mümkün deyil. Amma əlbəttə ki, ümidli olmasaq, seçkiyə qatılmazdıq. Biz bu seçkiyə yalnız qələbə ümidi, inamı, əzmilə qatılmışıq. Qələbə üçün də əlimizdən nə gəlir edirik, edəcəyik. İnşaallah zəfər bizimdir. Buna inanırıq, nail olacayıq”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, qalib gəlmək üçün gücləri var:

“Partiya olaraq öz gücümüzə, bacarığımıza və xalqdan səs ala biləcəyimizə çox arxayınıq. Əgər normal seçki şərtləri olsa və inzibati resurslardan istifadə olunmazsa YAP-ın namizədlərinə rahatlıqla qalib gələrik. Bunun üçün heç bir çətinlik çəkmərik. Xalq tərəfindən dəstəklənməyən, uğursuz, köhnə qafalı namizədlərin demokratik seçkidə heç bir şansı yoxdur. Biz AĞ Partiya olaraq qələbə üçün sona qədər və tam gücümüzlə mübarizə aparacağıq. Nəticənin necə olacağını isə zaman göstərəcək. Mən ümid etməyin deyil, fəaliyyət göstərməyin tərəfdarıyam. Odur ki, atalarımız demişkən, səfər bizdən, zəfər Allahdan.

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami isə deyib ki, təmsil etdiyi təşkilatın növbədənkənar seçkilərdə uğur qazanacağına əmindir:

“Parlament seçkilərində siyasi institutların içində ən çox namizədlə çıxış edən Ümid Partiyası oldu. Artıq partiyadan namizədliyi qeydə alınanlar var. Seçki qərargahlarında başda seçki strategiyamızı müəyyənləşdirənlər var. Namizədlərimiz imza vərəqələrini DSK-lara təqdim ediblər və cavab gözləyirik. Ümid Partiyası hər zaman seçkiyə qatılmağı özünə prioritet seçib. Çünki seçkilərə qatılmaq insanlarda seçki vərdişi yaratmaq, insanların istədiyini seçə bilmək şansını verməkdir. Ümid Partiyası Azərbaycan üçün çalışır. Biz Azərbaycanın gələcəyi üçün ümidliyik. İnanırıq ki, qazanan Ümid olacaq, Azərbaycan olacaq”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bildirib ki, seçkilər demokratik keçirilərsə, rəhbərlik etdiyi siyasi qurum gücünə uyğun olaraq parlamentdə təmsil olunacaq:

“Amma qeyri-demokratik keçirilərsə, əlbəttə real bir uğurdan danışmaq mümkün deyil. Hər şey əvvəlki illərdəki kimi olacaqsa, ümumiyyətlə heç kimin, hətta YAP-ın belə uğurundan danışmaq olmaz. Çünki əldə edilənlər də real olmayacaq. Məsələn, hələ seçkinin birinci mərhələsində bank hesablarının açılması ilə bağlı ciddi əngəllər var. Üzvlərimiz bu məsələdə günlərlə yubadıldı. İmzaların DSK-ya təqdim edəndə elə qəribə sənədlər istəyirlər ki, baş açmaq olmur. Seçki ərəfəsində bizim saytımıza hücum oldu və mənim adımdan demədiyim sözlər yazıldı. Bunun özü seçkiyə hesablanmış addım idi.

Amma müraciətlərimizə baxmayaraq, bu məsələ araşdırılmır, heç kim cəzalandırılmır. Bu cür davam edərsə, hansısa ciddi uğurdan, nəticədən danışmaq mümkün deyil”.

S.Cəlaloğlu hələlik namizədliyinin qeydə alınmadığını da bildirib:

“Partiyamızdan bu günə qədər cəmi bir nəfərin namizədliyi qeydə alınıb. Mən imza vərəqələrini və zəruri sənədləri təhvil vermişəm, amma hələlik namizədliyimin qeydə alınması ilə bağlı qərar yoxdur”.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri bu ilin 9 fevralında keçiriləcək. Artıq seçki təqviminə görə namizədlərin sənədlərini DSK-ya təqdim etmək müddəti 10 yanvar tarixində bitib. 17 yanvardan etibarən isə qeydə alınan namizədlərin təşviqat kampaniyası start götürəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.