Mikayıl: “Məndən nə istəyirsiniz, gedim özümü öldürüm?” - VİDEO

24-09-2020, 00:04           
Mikayıl: “Məndən nə istəyirsiniz, gedim özümü öldürüm?” - VİDEO
"Gəldim eeeyyy, gəldiiim"...



Mikayıl Güləddinoğlunu deyirik.



"Space" Televiziyasının tanınmış aparıcısı, həm tamaşaçısının, həm də tənqidçisinin çox olduğu, verilişində gah şer deyib, gah mahnı oxuyan, seyrçisini hərdən romantik ovqata, hərdən də gülüşə kökləyən, həmkarlarının ən çox qınaq və hiddətinə tuş gələn Mikayıl.



Onunla çox mətləblərdən danışdıq. Çalışdığı televiziyanın rəhbəri Vaqif Mustafayevdən, onu sərt tənqid atəşinə tutanlardan və ürəyi soyumayıb təhqir edənlərdən.



- Bu yaxınlarda dostunuz Nofəl Süleymanovu itirdiniz. Onun yoxluğu ilə barışa bilirsinizmi?



- Çox düzgün qeyd etdiniz, illərimin əzizini itirdim. Yəni ki, yaxşı idim, amma son günlərimi çox pis keçirirəm. Bildiyiniz kimi Nofəl Süleymanov çox faciəvi şəkildə dünyasını dəyişdi. Onun ölümü məni çox sarsıtdı. Ona görə də bu gün yaxşı olduğumu deyə bilmərəm. Onun öldüyü gün günorta saatlarında mənə zəng gəldi. Nofəlin yaxını, həm də oğlu Şövqi Süleymanovun məşqçisi, sərbəst güləş üzrə dünya çempionu Cavid Qurbanovla telefonla əlaqə saxladıq. Cavid dedi ki, “durma gəl, Nofəl rəhmətə gedib”. Elə bildim zarafat edir, inanmadım, amma sonra Nofəlin evinə gedib polisləri, eyvanda onun nəşini görəndə dəhşətə gəldim. Nofəl eyvandan mətbəxə keçən yerdə vurulmuşdu. Hələ də sarsıntı içərisindəyəm, çünki biz yeddi il birgə tamaşaçı qarşısına çıxmışıq.



- Dəfndə iştirak edən tək-tük insanlardansınız. Söhbətdə adı hallanan, musiqiçinin oğlu Şövqi Süleymanovu orda gördünüzmü?



- Bəli, əlbəttə. Oğlu şokdaydı. İndi uşağa baxanda adamın ürəyi ağrayır. Bilirsinizmi, Nofəl Şövqi ilə nəfəs alırdı, onun üzərində əsirdi, hər bir uğuruna çox sevinirdi. Ümumiyyətlə onlar ata-oğul kimi bir-birilərinə çox bağlı idi.



- Toy yoxdur. Televiziyadan aldığınız maaş dolanmaq üçün sizi qane edirmi?



- Çox çətindir, amma qənaət edirəm. Atamın 61, anamın isə 59 yaşı var. Onları da mən dolandırıram, çünki evin tək oğlu mənəm. Həyat yoldaşım da çalışmır, hələ üstəlik də üç uşağım var. Yəni ailədə yeddi nəfərik. Gəl indi bu yeddi nəfəri ay yetim Mikayıl dolandır. Amma onu da sizə deyim ki, ətrafımda imkanlı, bu sahədən olmayan yaxşı dostlarım da var. Hansılar ki, bir zəngimə mənə yardım əllərini uzada bilər. Çox şükür ki, hələ elə bir vəziyyət yaranmayıb, amma hər an da ola bilər.





- Dediniz o şəxslər bu sahədən deyil. Bəs, musiqiçilərdən güvəndiyiniz insan yoxdur?



- Yalnız iki nəfər. Onlardan biri dünyasını dəyişdi, ikinci şəxs isə Fərhad Tufandır. Ona desəm ki, mənə görə maşınını sat, həmin dəqiqə edər, amma başqalarına güvənmirəm. Müğənnilərdən isə ən yaxınım Əflatun Qubadovdur.



- Evinizə gedib-gələn şou-biznes nümayəndəsi varmı?



- Xeyr. Mən özüm də heç kimin evinə qonaq getməyi sevmirəm. Kənarda görüşək, əylənək kifayətdir. Heç şou-biznes nümayəndələrinin toylarına da getmirəm. Çünki dəhşətli dərəcədə kompleksim var. Elə bilirəm ki, içəri girəndə hər kəs mənə baxacaq sonra da özümü itirərəm, ayağım harasa ilişər yıxılaram, çay içəndə üstümə suyu tökərəm, amma kamera qarşısında çox sərbəstəm. Nə qədər yorğun olsam da, bunu tamaşaçıma bildirmərəm. Veriliş də başlayan kimi aləm dağılı, hər şey bir-birinə dəyir, amma real həyat tamamilə fərqlidir. Məsələn, maşınıma birinci dəfə əyləşən hər kəs təəccüblənir. Çünki görürlər ki, avtomobilimdə Nino Rotanı, repi, cazı, simfoniyanı dinləyirəm. Bu onlar üçün çox qəribə gəlir. Anlamırlar ki, ekranda mən başqayam, həyatda isə tam fərqliyəm. O, mənim işimdir, bu isə ruhum. Ya da ki, evə çox yorğun gedəndə dərhal Markesdən bir-iki səhifə oxuyuram, sonra öz-özümə Ramiz Rövşəndən bir şeir deyib rahatlaşıram. Bir sözlə, efirdəki sintezator, “toyxana” səsi mənim işimdir, o, ruhum ola bilməz.



- O zaman niyə ruhunuzu oxşayacaq verilişlər aparmırsınız?



- Balalarım üçün bu işi görməyə məcburam. Onların yaxşı yaşaması, dolanması, pulumun olması üçün. Sizə bir söz deyim. Məşhur “Çal çağır” verilişini xatırlayırsınız? Onu da mən yaratmışam. Bəlkə də çoxları bunu heç bilmir. Amma o, “rakka-çıkka” olandan sonra mən Mikayıl Güləddinoğlu, daxmada yaşayan oğlan özünə gün ağladı. Biz çox pis şəraitdə yaşamışıq. Yağış yağan kimi hər yeri vedrə, aş qazanları ilə doldururduq ki, batmayaq. Çünki evin damı yox idi. Evdə ilbizlər gəzirdi, siz indi bunu təsəvvür edin. Bütün bunlar Sabunçudakı buruqların yanındakı evimizdə yaşanırdı. Hətta arada elə olurdu ki, dostlarımızla çayxanadan, yeyib-içməkdən qayıdandan sonra, məni maşınla evə aparmaq istəyəndə yalandan başqa evin önündə düşürdüm ki, harada və hansı şəraitdə yaşadığımı görməsinlər. İndi isə o “toyxana”ya görə mən ev-eşik sahibi olmuşam. İnanın ki, camaat bizdən nəyi istəyirsə, biz də onu veririk. Efirimə hər bir nəslin nümayəndəsi baxa bilər, çünki orda nalayıq söz yoxdur. Mən indi efirimdə hər şeydən danışa bilərəm, o gücə və intelektə də malikəm, amma inanın ki, bu heç kimə lazım olmayacaq. Çünki, insanlar məndə ciddilliyi qəbul etmirlər.



- Bir müddət öncə başqa tipli layihə etdiniz, amma reytinq vermədiyinə görə verilişi bağladınız. Yəni, sizin üçün reytinq səviyyədən üstündür?



- Dediyim kimi, el-oba nə istəyirsə onu da veririk. Bəli, bir müddət klassik musiqidən bəhs edən veriliş hazırladıq. İnanın ki, reytinqimiz düşdü birə, səkkiz sponsordan yeddisi çıxdı getdi. Sizcə bundan sonra mən nə etməliydim? Halbuki, o verilişdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cahangir Cahangirov, Telman Hacıyevdən danışılırdı. İnanın ki, haqqımda da mənfi rəylər yazanlar elə bu sahənin adamlarıdır. Dəmir döyənin nəyinə lazımdır Mikayıl nə edir, kimi çağırır? Əksinə, belə veriliş elə onun ürəyincədir. Camaat rəhmətlik Nofəlin oyun havalarını dinləmək istəyirdi. Nə var burda? Mikayıl söyür səni? Mən nə deyirəm ki? Deyirəm ki, “gəldim eyy, gəldim”. Bu ifadədə təhqir var? Xeyr.



- Elə söhbət o məşhur “Gəldim eyy, gəldim” ifadəsindən düşmüşkən. Bu salamlaşma formasını kim düşünüb?



- Özüm düşünmüşəm. Ümumiyyətlə, mən evə fərqli, qeyri-adi girməyi, uşaqlarımla oyun oynamağı, sürprizlər etməyi çox sevirəm. O, “gəldim eyy, gəldim”də ordan yaranıb. Evə girəndə qızım üçün demişəm, sonra da verilişdə səsləndirdim. Bu da çox sevildi və yadda qaldı. Bundan əlavə, qapıda olanda balaca qızım üçün xüsusi səs tembri ilə “Qəəəşəəəng” deyə səslənirdim. O ki qaldı “gəldim eyy, gəldim” ifadəsinə. İnanın ki, bunu sevimli tamaşaçılarım üçün dedim. Gecənin bir yarısı, studiyada 300 tamaşaçı gəlirdi, stul tapmırdıq onları otuzdurmağa. Heç biri də qohumum, tanışım deyildi. Onların sevgisinə qurban olum. Ona görə də o sevgini görəndə onlar üçün “gəldim eyy, gəldim” dedim. Sonra da sağ olsun bəzi paxıllar o “gəldim eey, gəldim”in başına elə bir yumruq vurdular ki, gəl görəsən. Oynamağıma da bir söz qoşdular, dedilər şitlik edir. Qurban olum sizə bu axı şoudur. Ondan sonra rəqsin başını buraxdım. Sizə bir əhvalat danışım. Deməli, yenicə təzə evimə köçmüşdüm. Günlərin bir günü düşdüm marketə. Birdən bir kişi məni tanıdı. Baxmayın efirdə qəşəng görünürəm, həyatda saçlarım spiral kimi çox buruq olduğundan hər zaman papaq taxıram. O kişi yaxınlaşaraq, ləhcəylə “əəə sən o Mikayıl döyülsənmi? Bu nədir qaş-qabağın yerlə gedir? Efirdə oynayırsan”, dedi. Mən də cavabda “ay qardaş nə edim? Oynaya oynaya alışveriş edim?”(gülür) Yəni ki, bunların hər birini rola girərək edirəm. İşin söz-söhbətini, gərginliyini evimə, uşaqlarıma yansıta bilmərəm. Bilirsiniz ki, toylarda problemlər çox olur. Biri yaxınlaşıb sənə elə söz deyir ki, yeddi qatından keçirsən, yanırsan amma məcbursan ki, baş üstə deyəsən.



- Dediniz ki, verilişinizə 300 nəfər tamaşaçı gəlirdi. Söhbət gəzirdi ki, onlar pul müqabilində orda otururlar. Həqiqətənmi belədir?



- Pulum olsaydı prodüserimə verərdim. (gülür) Yalan söhbətdir. Digər verilişlər pul verirlər, amma mən onlardan fərqli olaraq haqlarında heç vaxt danışmaram. Hətta bir qadın aparıcı var o, müğənnilərə verilişimə gəlməyə icazə vermir. Aravuranlıq edir. Niyə axı? Mən sizə nə etmişəm? Deyirlər ki, veriliş səviyyəsizdir. Toylarımız, xalq mahnılarımız səviyyəsizdir?



- Axı təkcə sizin veriliş deyil, ümumiyyətlə “Space” Televiziyası mütəmadi olaraq tənqid atəşinə tutulur. Bu da bilavasitə efir məkanında hind kinoların nümayış olunmasına görədir...



- Hind kinoları üçün kinoteatrların önündə növbələrdə durduğumuz günləri nə təz unutmusunuz? Özümüzü onların aktyorlarına bənzədirdik. Bəs, bu da bizim ruhumuzdan xəbər verir. Xoşun gəlmirsə, Şaka ilə mübahisən, Cimi ilə rəqabət aparırsansa baxma. Hamımız insanıq. Bəlkə kimsə ordan balası üçün çörək, ayaqqabı pulu aparır. Niyə çörəyinə bayıs olursan? O qədər danışacaqsınız ki, axırda həmin adam gedib, özünü asacaq. Bir də onu deyim, insanlar elələrini baltalayır ki, təəcüüblənirəm. Söz ehtiyatı olmayan, rus dilində danışan, cümlə qura bilməyənə heç nə demirlər, gəlib, məni yıxıb sürüyürlər. Nə istəyirsən məndən? Gedim, öldürüm özümü? Zamanında o qədər üzərimə gəlirdilər ki, bir anlıq düşünürdüm ki, yəqin ölməliyəm. Başqa cür bu söz-söhbətlər bitməz. O, rəy yazanların da birində hünər görmədim ki, gəlsin, mənimlə söhbət etsin. Nədən istəsə danışa bilərik, amma cəhd etmədilər, çünki danışa bilməzlər.



- Vaqif Mustafayevlə münasibətiniz necədir?



- Əla. Düzdür, çox tələbkardır, amma işinin də peşəkarıdır. O, Azərbaycan kinosuna öz möhürünü vurub. Düşünürəm ki, onun xasiyyətində olan çətinliklərin öhdəsindən gələ bilirəmsə, deməli qəhrəmanam. Onun tələb etdiyi hər bir məqam yaxşılığım üçündür. Ümumiyyətlə hazırda nəyi qazanmışamsa, onların hər birini Vaqif Mustafayevə borcluyam. O, kişi mənə şərait yaradıb, bir çoxlarından fərqli olaraq öz qapısını açdı, maaşla təmin elədi, təmannasız veriliş verdi. Mən də “Space” TV-də işləyib, tanınıb, ev-eşik sahibi oldum.



- Poeziyaya böyük marağınız var...



- Bəli, çox düzgün vurğuladınız, amma hər bir şeiri də, hər yerdə demək olmaz. Məsəlçün Ramiz Rövşənin şeirlərini el məclislərində deyə bilmərəm. Amma “Mən anamı sevgilimə” dəyişmərəm şeiri çoxlarının xoşuna gəlir. O ki, toyda o şeiri deyirsən vəssalam da, yeyib içən qaqaşın yadına maması düşür, cibimə də pul qoyur. (gülür)



- Toylardan söz düşmüşkən. Deyirlər, toyların birində sizi döyüblər...



- Elə şey olmayıb. Bu “Space” telekanalında yayımlanan “Zəhmətkeş ulduzlar” proqramı üçün hazırlanan süjet idi. Orda məni guya döyürlər. O, kadrlar yayıldı, amma elə şey yoxdur. Çox xahiş edirəm bundan sonra heç kimin mənimlə işi olmasın.News24













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.