“Ordumuz üçün fərqi yoxdur ki, Qarabağdakı kimdir– Livan ermənisi, Paşinyanın arvadı, yoxsa digər biri”

24-09-2020, 09:41           
“Ordumuz üçün fərqi yoxdur ki, Qarabağdakı kimdir–
Son günlər ölkəmizdə ehtiyatdakı hərbi vəzifəlilərin təlimlərə cəlb edilməsi, Ermənistanla təmas xəttində müəyyən hərəkətliliyin yaşanması, xüsusilə də prezident İlham Əliyevin işğalçıya ünvanladığı sərt bəyanatlar regionda yeni situasiyanın formalaşmaqda olduğundan xəbər verir.

Moderator.az olaraq sabiq XİN rəhbəri Tofiq Zülfüqarovla söhbətimizdə Azərbaycan-Ermənistan gərginliyi və bu gərginlik fonunda yaşananlara aydınlıq gətirməyə çalışdıq.

- Tofiq bəy, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə Qarabağ problemi ilə bağlı maraqlı təklif səsəndirib. O, qeyd edib ki, Rusiya işğal edilmiş 5 rayonun geri qaytarılmasının və əraziyə sülhməramlı qüvvələrin yeridilməsinin tərəfdarıdır. Öncə bu bəyanatla bağlı fikrinizi bimək istərdik.

- Bu bəyanat yalnız Rusiyanın mövqeyi deyil. Bu, həm də həmsədrlərin mövqeyidir və təxminən buna bənzər təkliflər 20 ildən çoxdur ki, vasitəçilər tərəfindən təqdim olunur.

Birinci mərhələdə keçmiş Muxtar Vilayətin ətrafında olan 5 rayonu ermənilər boşaltmalı, ikinci mərhələdə ətrafdakı digər rayonlar azad edilməlidir və sonra keçmiş Muxtar Vilayətin tərkibində olan, azərbaycanlılar yaşayan məntəqələrə əhalinin qayıtması təmin edilməlidir. Bu şərtlər zaman-zaman müzakirə olunub. Təxminən 1994-1995-ci ildən etibarən bu cür müzakirələr aparılıb. Sonuncu təklif olunan Madrid prinsipləridir ki, onların bir neçə modifikasiya variantları mövcuddur. Kazan sənədi və s. buna nümunədir.

Bu təkliflərin irəli sürülməsində həm Rusiya, həm də digər həmsədrlər israrlı idi. Amma təəssüflər olsun ki, ermənilər bu danışıqlardan sadəcə prosesi uzatmaq üçün istifadə edirdilər və Paşinyan hakimiyyətə gələndən sonra bu müzakirələrdən tam imtina olundu. Cənab prezidentin də bu yaxınlarda bəyan etdiyi kimi, danışıqlar Paşinyanın təxribatçı bəyanatları nəticəsində dayanıb. Indi regionda, bizim bölgəmizdə irimiqyaslı müharibənin başlanmasına bir addım qalıb. Bu isə ermənilərin siyasəti nəticəsində formalaşan bir mənzərədir.

- Bəs bu məsələdə həmsədrlərin də məsuliyyət payı varmı?

- Bu vəziyətin yaranmasında həmsədrlərin də günahı mövcuddur. Çünki onların verdiyi təklifləri ermənilər qəbul etməyəndən sonra, işğalçıya lazımı siyasi təzyiq göstərilməli idi. Amma bu baş vermədi. Əksinə, Rusiya və Qərb Ermənistana maliyyə baxımındna dəstək verirdi, Rusiya hərbi baxımdna da köməklik göstərirdi. Burada bir ziddiyyət əmələ gəlir. Bir tərəfdən belə təkliflər verilirdi, digər tərəfdən isə Ermənistanın bu təklifləri qəbul etməməsi üçün Rusiya müvafiq şərait yaradırdı. Şərait yaradırdı ki, Ermənistan danışıqlara ciddi yanaşmasın.

- Indiki məqamda belə bir təklifin yenidən gündəmə gəkməsi Rusiya ilə yanaşı, Ermənistanın da mövqeyi ola bilərmi? Mümkündürmü ki, Ermənistan və onun əsas himayədarı olan Rusiya, Azəbaycanın yaxın günlərdə hərbi əməliyyatlara başlamasından ehtiyat etsin və real olaraq ciddi güzəştlərə imza atsın? Belə bir ehtimal varmı?

- Mən belə bir ehtimala inanmıram. Bunu ilk növbədə Paşinyan istəmir. Çünki o, başa düşür ki, Rusiya onlara kömək edən deyil. Ikincisi, o başa düşür ki, Rusiya Türkiyənin Azərbaycanı israrla dəstəkləməsini gördüyü halda, istəməz ki, Türkiyə ilə üz-üzə dursun. Yəni Rusiya istəməz ki, Türkiyə ilə hansısa hərbi münaqişəyə girsin.

- İndiki halda Paşinyanın əsas strategiyası nədən ibarətdir?

- Paşinyan hərbi əməliyyatların bu və ya digər şəkildə bərpa olunmasını istəyir. Bu hərbi əməliyyatların nəicəsindən asılı olmayaraq, o, Rusiyanı ittiham eəcək. Eyni zamanda, istəyir ki, ölkənin daxilində olan müxalifəti də 5-ci kalon adlandırıb siyasi səhnədən çıxarsın. Sonra isə birmənalı şəkildə Qərbyönlü siyasət həyata keçirsin. Düşünür ki, bu dönüşü yaratmaqla o, özünün siyasi ömrünü uzadacaq və Qərbin dəstəyini alacaq. Paşinyan hesab edir ki, belə olsa, o zaman Ermənistanı böhrandan qurtara bilər. Paşinyanın ümidi yalnız Qərbədir.

Bu strategiya ruslara və digər ölkələrə də bəllidir. Buna görə də Paşinyanın rəhbərlik etdiyi Ermənistan bu təxribatları sona qədər həyata keçirəcək.

- Belə olan halda Azərbaycan konkret olaraq hansı addımları atmalıdır?

- Azərbaycan düşmənin təxribatlarına daim hazır olmalı və ona elə sarsıdıcı zərbə endirməlidir ki, işğalçını işğal edilmiş əraizlərdən tam olaraq rədd etmək mümkün olsun. Azərbaycan bu yolla öz suverenliyini tam bərpa etməlidir.

- Müharibə başlayarsa və Ermənistan tərəfi bu müharibənin elə ilk günlərindən ciddi itkilərə məruz qalarsa, o zaman Ermənistan daxilində Paşinyan əleyhinə kütləvi etiraz aksiyalarının baş qaldırması mümkündürmü? Mümkündürmü ki, hərbi uğursuzluq Paşinyanın siyasi hakimiyyətinə də son qoysun?

- Paşinyan başa düşür ki, ayrı cür də ola bilməz. Sadəcə, ittiham olunan tərəf tapılmalıdır. Ittiham olunan tərəf isə hazırdır, bu, Rusiyadır. Biz görürük ki, Rusiya və onun dəstəyinə qarşı müəyyən bəyanatlar artıq mövcuddur. Bəzən biz düşünürük ki, Rusiyadan dönüş siyasətini Paşinyan icad edib. Əslində isə bu cür düşünmək tamamilə yanlışdır. Ermənilər bir toplum olaraq başa düşürlər ki, Rusiyadan nəyi alıblarsa, alıblar. Bundan sonra Rusiyadan nə isə gözləmək artıq olar. Çünki Rusiyanın özü böhrandadır. Bu baxımdan Ermənistan üçün Qərbyönlü siyasətə dönmək su və hava kimi lazımdır. Ermənilər bunu edəcək. Biz sadəcə olaraq, öz xeyrimizə sadə və aydın bir məntiqlə bu məsələdən istifadə etməliyik.

- Tofiq bəy, prezidentin köməkçisi Hikmət Hacıyev bildirb ki, terrorçuların Qarabağa gətirilməsi kanalları üzərində iş aparılır. Sizcə indiki məqamda işğaldakı torpaqlara terrorçu axınının kanallarını müəyyən etmək üçün dövlətimizin yetərli imkanları varmı? Ümumiyyətlə, Qarabağ azad edilmədiyi müddətcə ora kimlərinsə axınının qarşısını almaq mümkündürmü?

- Ermənilər və Rusiyadakı ermənipərəst qüvvələr Azərbaycan ictimaiyyətinə qarşı daim informasiya müstəvisində təbliğati təxribatlar həyata keçirməkdədir. Tovuz döyüşlərindən sonra cəhd etdilər ki, Rusiya xofu Azərbaycan ictimaiyyətində bərpa olunsun. Lakin gördülər ki, buna nail olmaq mümkün deyil. Ona görə də indi ikinci bir mövzu üzərində dayanıblar. Gah Livandan, gah Suriyadan guya kimlərinsə Qarabağa gətirilməsi, guya nələrinsə baş verəcəyi görüntüsünü yaratmağa çalışırlar. Lakin bu, reallıqdan uzaq məsələlərdir. Kimlərinsə gəlməsi, birincisi, mümkün olan şey deyil. Ikincisi, onların gəlib-gəlməməsi bizim üçün heç bir fərqi yoxdur. İşğalçıya dəstək üçün haradansa 100-200 adamın gəlməsi gülünc bir məsələdir. Bizim toplarımız, tanklarımız, ordumuz üçün nə fərqi var o sahədə dayanan Livanın ermənisidir, Paşinyanın arvadıdır, yoxsa digər biri. Bizim üçün nə fərqi var? Biz o topaqları işğaldan azad edəcəyik.

Bu cür xofların yaranmasına imkan verməməliyik. Ümumiyyətlə, mən bu cür informasiyaların ictimaiyyət səviyyəsində açıqlamasını elə də düzgün saymıram.

Yazırlar ki, Qarabağa İraqdan hansısa kürd dəstələri gəlib. Birincisi, onların bura gəlməkdə axı nə maraqları ola bilər? Coğrafi baxımdan hansı yollar, hansı marşurutlarla gələ bilərlər? Ən əsası, onların gəlişi nəyi dəyişəcək? Biz qorxub müharibə aparmayacağıq? Yəni biz o dərəcədə cılız bir vəziyyətdəyik ki, 100 və ya 200 nəfərdən qorxmalıyıq? Bunlar gülməli şeylərdir. Odur ki, bu barədə deyilənləri nağıl hesab edirəm və düşünürəm ki, xalq da bu nağıllara inanmır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.