“Aeroportda 50 qramlıq yükü buraxmırlar, bu qədər silah, texnika necə keçirilir?!” - deputat

28-10-2020, 16:02           
“Aeroportda 50 qramlıq yükü buraxmırlar, bu qədər silah, texnika necə keçirilir?!” - deputat
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov oktyabrın 26-da Yunanıstanın paytaxtı Afinada Yunanıstan Xarici İşlər naziri Nikos Denidasla görüş keçirib. Lavrov görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin Türkiyə ilə bağlı verdiyi suallara cavab olaraq bildirib ki, Rusiya beynəlxalq problemlərin çözülməsində Türkiyə ilə əməkdaşlığı davam etdirəcək: “Bizim bəzi problemlərdə yanaşmalarımız üst-üstə düşmür, lakin biz Ankara ilə ortaq məxrəc tapırıq. Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var, lakin bu münasibətlər problemsiz deyil. Amma biz yaxşı nəticələrin əldə olunması üçün səylərimizi birləşdirir və kritik vəziyyətlərin normallaşması üçün zəruri olan şəraitin yaradılmasında köməkləşirik. Biz Türkiyə ilə əməkdaşlığımızı davam etdirəcəyik”.

Lavrovun bəyanatını AYNA-ya dəyərləndirən Milli Məclis üzvü, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib ki, Türkiyə təkcə regionda deyil, dünya miqyasında da böyük güc sahibidir: “Bunu cənab Prezident də dəfələrlə söyləyib. Buna görə də artıq böyük dövlətlər də Türkiyə ilə hesablaşmağa məcbur olur və bu, qardaş Türkiyənin nə qədər güclü olmasından xəbər verir. Sergey Lavrovun Yunanıstan səfərindən bir müddət əvvəl, Valday Diskussiya Klubunda Rusiya Prezidenti Vladimir Putinin Türkiyə haqqında söylədiyi fikirlər də bunun bariz nümunəsidir. Belə ki, Vladimir Putin qəti şəkildə bildirmişdi ki, Türkiyə ilə müttəfiq olmaq nəinki xoşdur, eyni zamanda etibarlıdır”.

“Sergey Lavrovun da Yunanıstan səfərində bunu qeyd eləməsi Rusiya Prezidentinin sözləri ilə üst-üstə düşür və buradan bir daha aydın olur ki, Türkiyə həqiqətən də dünyanın ən güclü dövlətlərindən biri olmaqla yanaşı, dünya miqyasında söz sahibinə çevrilmiş böyük bir gücdür. Təbii ki, qardaş Türkiyənin bu qədər güclü və qüdrətli olması, eyni zamanda Azərbaycanın da güclü və qüdrətli olması deməkdir”, - deputat bildirib.

Osmanov hesab edir ki, Rusiyanın Türkiyə ilə hesbalaşması Azərbaycana Vətən müharibəsinin gedişatında müsbət nəticələr qazandıracaq: “Çünki qardaş Türkiyə bu müharibə başlayan ilk dəqiqələrdən Azərbaycana olan münasibətini və mövqeyini bütün dünyaya nümayiş etdirib. Başda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, istər Xarici İşlər naziri, istər Müdafiə naziri, istər Türkiyənin digər dövlət rəsmiləri və Türkiyə xalqı Azərbaycanın mənafeyinin qorunması ilə bağlı mövqeyini bütün dünyaya bəyan edib və etməkdədir. Qardaş Türkiyənin Azərbaycanın Vətən müharibəsində göstərdiyi mənəvi dəstək böyük əlamətdir. Hətta, bəzi dövlətlər, beynəlxalq təşkilatlar bu dəstəkdən çox ciddi narahatlıq keçirir”.

“Lakin böyük təəssüf hissi ilə bildirmək istəyirəm ki, Azərbaycana sülh çağırışları edən bəzi dövlətlər, əslində köhnə status-kvonu yenidən bərpa etmək niyyəti güdür. Çox təəssüf ki, bu dövlətlər sentyabrın 27-də, Vətən müharibəsinin başladığı ilk gündən terrorçu Ermənistan dövlətini silah-sursatla təmin etməyə başlayıb. Cənab Prezident bugünlərdə açıq şəkildə qeyd elədi ki, həmin ölkələr elə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir və məhz həmin ölkələrdən Ermənistana daha çox silah-sursat verilir və hansı yollarla, nə qədər hərbi texnika göndərildiyinə qədər bilirik. Təəssüf edirik ki, sülh danışqları və danşıqlar prosesini bərpa etmək istəyən dövlətlər, əslində bu obraz altında Ermənistana daha çox silah-sursat verir”, - müsahibimiz vurğulayıb.

Deputat əlavə edib ki, həmin ölkələr Ermənistanın silahlanmasına bilavasitə şərait yaradır: “Düzdür, bu ölkələr qeyd edirlər ki, guya, bu silahlar, hərbi texnika onların ölkələrindən Ermənistana qaçaqmalçılıq yolu ilə aparılır. Amma burada maraqlı bir məqam var. Hansısa xarici ölkəyə səfər zamanı çəkisi, təxminən 50 milli qramdan yuxarı olan məhsulları hava limanından rahatlıqla keçirmək qeyri-mümkündür. Lakin çəkisi və ölçüsü həmin 50 milli qramlıq məhsullardan dəfələrlə artıq olan silah-sursatı necə olur ki, hava limanlarından rahatlıqla keçirirlər? Həmin ölkələrin mühafizə xidmətləri, xüsusi kəşfiyyat orqanları, sərhəd qoşunları bunu görmür? Demək ki, həmin dövlətlərin müvafiq strukturları buna açıq-aşkar göz yumur, şərait yaradır və işğalçı dövləti qəsdən silahlandırmağa davam edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.