Elə bilirsiniz Azərbaycanda şəxsiyyət olmaq asandır? – Kəramət Böyükçöldən reallığın acı təsviri

3-12-2022, 08:58           
Elə bilirsiniz Azərbaycanda şəxsiyyət olmaq asandır? –
Düzü, mən inanmıram ki, hökumət yardım əlini uzatdığı bütün yazıçılarla oturub şərt kəssin ki, sən bu cür olmalısan. Düzdür, böyük ictimai nüfuza sahib konkret şəxslərlə hansısa danışıqlar ola bilər. Ancaq ümumilikdə Azərbaycan yazıçısı kölə bir zehniyyətə sahib olduğu üçün özü şərtləri bilir. Onlarla oturub nəsə danışmağa ehtiyac yoxdur. Sadəcə, ver. Ver və o özü nə eləmək lazım olduğunu yaxşı bilir.

Düşünürəm ki, Azərbaycan hökumətinin yazıçı dəstəyinə bircə Heydər Əliyev 1993-cü ildə Naxçıvandan Bakıya gələndə ehtiyacı olub. Onda ölkədə pul, güclü hüquq mühafizə orqanları yox idi deyə Heydər Əliyev tanınmış şair və yazıçıları başına yığır, onlarla isti münasibətlər saxlayırdı. Xalq onlara hörmət edirdi deyə Heydər Əliyev də yığıb hamısını parlamentə doldurmuşdu. Birinə ev, birinə fəxri ad, birinə mandat verir, biri ilə rumka toqquşdururdu. Elə ki neft müqavilələri bağlandı, ölkəyə pul gəlməyə başladı, güclü hüquq mühafizə orqanları yarandı, Heydər Əliyev, sonra da oğlu İlham Əliyev o şairləri, yazıçıları bir-bir özündən uzaqlaşdırıb dedi ki, gedin şeirinizi yazın, daha sizə ehtiyacımız yoxdur. Hökumət yaxşı başa düşürdü ki, pula görə bütün dəyərlərindən imtina etməyə hazır olan bu zatı qırıq tayfadan onlara nə dost olar, nə də düşmən.

Bu gün Azərbaycan hökumətinin yazıçı dəstəyinə ehtiyacı yoxdur. Hökumət yazıçılara qayğı göstərirsə, bu, onlarla hesablaşmaq deyil. Sadəcə bu ortabab kölələrə həm yazığı gəlir, həm də özü üçün demokratik, humanist hakimiyyət görüntüsü yaradır.

Ən vacibi isə bu ölkədə hər kəs hökumət və xalq tərəfindən öz mahiyyətinə görə qiymətləndirilir. Əgər sən dəyərlərin uğrunda canından keçməyə hazır bir insansansa, nəinki Azərbaycan hökuməti, dünyanın ən böyük gücləri belə səni öz yolundan çəkindirə bilməz. Əmin olandan sonra ki, sən dəyərlərin uğrunda canından keçə bilərsən, heç kimin səni satın almağa hünəri və gücü çatmaz.
Adı dəqiq yadımda deyil. Demək, bir fars şairini İranın hüquq-mühafizə orqanları çağırıb deyirlər ki, sən Xamneyiyə şeir yazmalısan. Şair adamdır. Görür ki, yox desə, işgəncə verəcəklər, ya həbs edəcəklər, bu da dözə bilməyəcək. Yerindəcə razılaşır. Evinə gedən kimi isə özünü asır. Yaxasına da iki kəlmə söz yazır: “Son şeirim”. Vəssalam! Özü özünə tale yazmaq qüdrətinə sahib bu cür şəxsiyyəti sındırmaq olar?

Azərbaycanda hər cür repressiyalara baxmayaraq, öz yolundan, sözündən dönməyən qələm sahibləri az da olsa olub. Ümumilikdə isə Azərbaycan yazıçısı mahiyyət, obraz olaraq yaltaqdır. Ancaq öz şəxsi mənafeyini güdən, evdən, puldan ötrü mənliyini hər an satmağa hazır olan bu zatı qırıq tayfanı məhz bu xüsusiyyətlərinə görə hökumət heç vaxt ciddiyə almayıb. Hökumət çox yaxşı bilir ki, sabah hakimiyyətə başqası gəlsə, bu şair və yazıçılar yenisi ilə də dil tapacaq. Bunlara sığal, tumar lazımdır. Bunlar rahatca yeyib-içib pişik kimi peçin qırağında xumarlanmaqdan başqa heç nə istəmirlər.

Bəs bu yazıçıların hamısını hökumətmi belə qorxaq, yaltaq, satqın edib? Yox. Mahiyyətləri budur. Qabil Şəhidlər Xiyabanında Heydər Əliyevdən unitaz istəməyi və prezidenti, bütün məmur təbəqəsini özünə, ümumilikdə Azərbaycan yazıçısına güldürməyi yaxşı yadımızdadır. Hökumət Qabilə demişdi ki, məndən unitaz istə? Yox. Bu, Qabilin, ümumilikdə Azərbaycan yazıçısının mahiyyəti idi. Heydər Əliyev, oğlu İlham Əliyev neçə dəfə Azərbaycan yazıçılarını qəbul edib. Onlardan dəfələrlə nə istədiklərini soruşub. Hansı şairimiz, hansı yazıçımız dövlət başçısı ilə insan haqlarının, ölkədəki söz və fikir azadlığının vəziyyətindən danışıb? Ancaq ev istəyiblər, fəxri ad, təqaüd istəyiblər. İndi prezident bunlara neyləsin? Nə istəyir, onu da verir, həm də xalqa onun yazıçısının mahiyyətini göstərir.

Ətraflı
Ev-eşik, məişət tələbatı insani ehtiyacdır. Hamının evi, hamının bu beşgünlük dünyada heç olmasa minumum dolanışıq imkanları olmalıdır. Ancaq sən aydın bir insansansa, üstəlik də böyük şəxsiyyət olmaq istəyirsənsə, demək, ölkənin şərtlərini bilirsən. Bu şərtləri bilə-bilə hökumətdən yardım istəyirsənsə, demək, o şərtlərə əməl etməlisən. Əməl etməsən də, bədəlini ödəməyə hazır olmalısan. Tək olduğunu dərk etməlisən. Heç kimə gücün çatmadığı anda isə kəndirə əl atmağı bacarmalısan. Bütün bu şeyləri bacaracaq bir şəxsiyyət deyilsənsə, bu ölkədə yaşamaq üçün çoxlu imkanlar mövcuddur. Necə ki, ölkəmizdə bu yolu seçmiş böyük bir yazıçı sürüsü var. Ruhları da sızıldamır.

Elə bilirsiniz böyük şəxsiyyət olmaq asandır?

Azərbaycan yazıçısı təkcə ədalətsiz bir hakimiyyətlə deyil, eyni zamanda nadanlıqla, siyasi şüuru olmayan qeyri-ciddi bir toplumla üz-üzədir. Buna görə bir çox qələm sahibləri öz dəyərlərindən asanlıqla imtina edir, yaltağa çevrilirlər. Fikirləşirlər ki, xalq onsuz da mənim qədrimi bilən deyil. Qoy heç olmasa gücə sığınım, həyatımı rahat yaşayım. Yazdıqlarımı da tarix öz yaddaşında saxlayar saxlasın, saxlamır da cəhənnəmə saxlasın.

Biri də var ki, sən nə hakimiyyətlə hesablaşırsan, nə də xalqla. Yalnız və yalnız öz üzərindəki missiya ilə hesablaşırsan. Şəxsən mənim də özümü tanımadığım vaxtlarda hökumətdən nəsə umduğum, ürəyimdən keçən şeylər olub. Ətrafım, içində böyüdüyüm mühit mənə elə öyrətmişdi ki, hökumət sənə ev verməlidir, pul verməlidir, səni dolandırmalıdır. Yaxud, xalq sənə sahib çıxmalıdır. Sona özümü dərk etdikcə anladım ki, kim sənə sahib çıxırsa, fiziki və psixoloji olaraq onun köləsi olursan. Təkcə Azərbaycanda yox, dünyanın şərti belədir. Xalq sənə sahib çıxırsa, xalqın köləsi olursan. Hökumət sənə sahib çıxırsa, hökumətin köləsi olursan. Azad yazıçının yeganə sahibi özü olmalıdır. Ancaq özü!

Bilmirəm mən kim olacağam. Sonum necə olacaq, onu da bilmirəm. Ancaq bir onu bilirəm ki, bu şeyləri düşünməkdən beynim yara olub. Bu ölkənin şərtləri məni doğulduğuma peşiman edib. Gül kimi yoxuydum da.

Kəramət Böyükçöl












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.