Aslan İsmayılov Bahar Muradovadan soruşur:-NAZİRLƏRİN YORĞANLARI HANSI "RAZMER"DƏ OLACAQ?

5-12-2016, 01:03           

Tanınmış vəkil Aslan İsmayılov Milli Məclisin sədr müavini və insan hüquqları komitəsinin sədri Bahar Muradovaya onu son günlər gündəmə gətirən çıxışına görə suallar ünvanlayıb. Gununsesi.info vəkilin həmin suallarını və qeydlərini təqdim edir:
Birinci, B.Muradova 2017-ci il büdcə layihəsi ilə əlaqədar bildirib ki, “müvafiq qurumlar öz işlərinin öhdəsindən layiqincə gəliblər, mövcud durumu doğru-düzgün dəyərləndiriblər”. Xanım Muradova, həmin şəxslər artıq iş işdən keçəndən sonra, büdcənin boş olduğunu bildiriblər. Onda illər öncə biz büdcənin talanından yazanda nə üçün bizi “ölkənin analoqsuz inkişafına paxıllıq etmək”də ittiham edirdiniz?
İkinci, B.Muradova xəbərdarlıq edir ki, “hər kəs ayağını yorğanına görə uzatmalıdır”. Anladım. Onda deyin görək aylıq 200 manat maaş alan müəllimin, həkimin və maaşdan əlavə 300 min manat paket alan nazirlərin yorğanları hansı “razmer”də olacaq?

Üçüncü, B.Muradova bildirir ki, “2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın”. Çox gözəl. Bahar xanım, elədirsə onda bu hökümət kimə və nəyə lazımdır? Bu acgöz hökümət üzvlərini saxlamaq üçün onsuz da boş olan büdcədən milyardları xərcləməyə dəyərmi?!
Dördüncü, “insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin” deyən B.Muradova bunun yollarını da göstərsin. 300 “üzən” manata qənaət etməklə 5 nəfərdən ibarət ailəni saxlamaq yollarını göstərən Bahar xanımın namizədliyini iqtisad nominasiyasında Nobel mükafatına şəxsən özüm irəli sürəcəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.