"Nə üçün bu qədər pul xaricə getməlidir?" - deputat

7-12-2016, 13:42           
"Nə üçün bu qədər pul xaricə getməlidir?" - deputat
Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələri zamanı millət vəkili Q.Paşayeva çıxış edib. Musavat.com xəbər verir ki, deputat ölkədə onminlərlə sənədsiz evlər məsələsini qaldırıb və hökumətə çağırış edib: “Büdcəyə daxil olmaların artması, əlavə mənbələr barədə danışırıq və mən bu mənbələrdən biri ilə bağlı məsələ qaldırmaq istəyirəm.

Bu gün ölkəmizdə onminlərlə sənədsiz evlər var. Onların sənədləşmə mexanizmlərinin qısa zamanda tapılması və bu məsələnin həlli yüzminlərlə vətəndaşımızın həyatı üçün olduqca vacib olmaqla yanaşı dövlət büdcəsinə böyük həcmdə vergi və rüsumların cəlb edilməsinə də təsir göstərə bilər. Ona görə də müvafiq qurumların bu məsələyə böyük diqqət göstərməsi çox önəmlidir. Onminlərlə ailə üçün çox vacib olan bu məsələ ilə bağlı ümid edirik ki qısa zamanda ciddi addımlar atılacaq”.

Millət vəkili səhiyyə sahəsində insanlarımızın üzləşdiyi bir sıra problemlərdən də danışıb, təkliflərlə çıxış edib. Q.Paşayeva ilk öncə ölkədə gözdə buynuz qişanın köçürülməsi, keratoplastika əməliyyatı ilə bağlı yaranmış problemlərdən danışıb və məsələnin qısa zamanda həllini tapmasının vacibliyini xüsusi vurğulayıb: “Bu gün bu əməliyyat üçün yüzlərlə insanlarımız xarici ölkələrə üz tutur. Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzində əməliyyatı həyata keçirmək üçün bütün imkanlar da var, yaxşı mütəxəssislər də. Amma buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsində ortaya çıxan problemlər üzündən bu əməliyyatlar aparıla bilmir və vətəndaşlar xaricə üz tutmaq məcburiyyətində qalır. Nə qədər insanlar var ki onların xarici ölkələrə əməliyyata getmək imkanı yoxdur, bəs onlar nə etsin? Gedənlər üçün də çox çətindir o vəsaiti tapmaq. Eyni zamanda nə üçün ölkəmizdə bu əməliyyat üçün imkanlar və mütəxəsislər varsa insanlarımız xaricə üz tutmalıdır? Nə üçün bu qədər pul xaricə getməlidir? Həm qanunvericilikdə bəzi qanunlara əlavə və dəyişiklik etməklə, həm də icra orqanları səviyyəsində bu məsələnin qısa zamanda həllini tapması çox vacib məsələdir. Bu gün yüzlərlə insan ölkəmizdə bu əməliyyatın aparılmasını gözləyir və biz onlara dəstək üçün qısa zamanda məsələnin həllinə çalışmalıyıq”.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.