Üç filialı bağlanan AMİ rektoru danışdı - "...onların fəaliyyəti hələlik məni qane edir"

28-07-2015, 13:15           
Üç filialı bağlanan AMİ rektoru danışdı - "...onların fəaliyyəti hələlik məni qane edir"
Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi barədə fərman imzalayıb. Həmin filialların maddi-texniki bazası, professor-müəllim, köməkçi və tələbə heyəti, eyni zamanda hazırda orada mövcud olan kadr hazırlığı üzrə ixtisaslar başqa universitetlərin balansına verilib. Balansa köçürülmə prosesi, tələbə və müəllimlərin sonrakı taleyi necə olacaq?

Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı Axar.az-a açıqlamasında bildirib ki, bütün proses ən xırda detalınadək düşünülüb, planlaşdırılıb və həmin plan üzrə də gerçəkləşdiriləcək. Məsələn, Sumqayıt filialı Sumqayıt Dövlət Universitetinin, Mingəçevir filialı Mingəçevirdə yaradılmaqda olan Dövlət Universitetinin, Salyan filialı Lənkəran Dövlət Universitetinin balansına verilib. Balansa köçürülmə zamanı müəllimlər də, tələbələr də, köməkçi heyət də bütövlükdə keçiriləcək. Bu məsələdə heç bir narahatlığa əsas yoxdur:

“Elmi bazası zəif olduğuna görə biz 4 filialımızın bağlanması təklifi ilə Nazirlik qarşısında məsələ qaldırmışıq. Bildiyiniz kimi, Gəncə filialı dərhal bağlandı. Biz bu təkliflə çıxış etməzdən əvvəl filiallara özlərini təsdiq etmələri üçün vaxt verdik. 4-5 il analitik təhlillər apardıq. Həmin filialların keyfiyyət göstəricilərini yüksəltməyini gözlədik. Ancaq nəticə dəyişmədi. Təsəvvür edin ki, hər il doktorantura üçün yer ayırırıq. Bu müddət ərzində həmin filiallardan doktoranturaya gəlmək istəyən olmadı. Dövlət üçün kadr hazırlayırıq. Bu filialların fəaliyyətini araşdıranda gördük ki, əslində, burada kadr hazırlığı, demək olar ki, yoxdur. Həmin filialların kadrları diplomlarını alır, ancaq işləməyə getmirlər. Belə çıxır ki, diplom verib evdar qadınlar hazırlayırıq?”

İnstitut rektoru kadr hazırlığı səviyyəsinə görə fəaliyyəti hələlik qaneedici qiymətləndirilənlərin olduğunu da bildirib:

“Rəqabətə dözə bilməyən, dövrlə ayaqlaşmayan filialların fəaliyyətinə ehtiyac yoxdur. Ancaq, təsəvvür edin, Cəlilabad filialında 10 disertant oxuyur. Belə filiallarımız da var. Elə götürək Şəki, Quba, Şamaxı filiallarımızı. Filiallar özü öz kadrını yetişdirməlidir. Hələlik həmin filiallarımız üzərinə düşəni yerinə yetirir, özünü təkmilləşdirir, yenilikləri tətbiq etməyə çalışır, bir sözlə, kadr hazırlığında digər eyni səviyyəli təhsil müəssisələri ilə ayaqlaşırlar. Həmin filialların elmi potensialı güclüdür, öz kadrını özü hazırlayır. Odur ki, onların fəaliyyəti hələlik məni qane edir”.

Aqiyə Naxçıvanlı ölkədə gedən tərəqqinin nəticəsi olaraq yeniliklərlə ayaqlaşmayan təhsil müəssisələrinin bir-bir sıradan çıxacağını da vurğulayıb:

“Elmi potensial nə vaxta qədər Bakıdan təmin edilməlidir? Bizə kəmiyyət deyil, keyfiyyət lazımdır. Həmin keyfiyyəti təmin etməyənlər sıradan çıxmalıdır. Azərbaycan böyük layihələrə imza atır. Ona görə də bu ölkəyə innovasiyaları bilən insanlar və belə insanları yetişdirmək iqtidarında olan təhsil müəssisələri lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.