Azərbaycandakı rus məktəbləri Rusiya tərəfindən maliyyələşdirilməlidir

18-10-2018, 16:59           
Azərbaycandakı rus məktəbləri Rusiya tərəfindən maliyyələşdirilməlidir
Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşımızı Azərbaycan dilində dərsliklərlə təmin edirsə, Rusiya da bunu etməlidir

600 min soydaşımız yaşayan Gürcüstanda Azərbaycan dilli məktəblərin sayı 80, 119 min 300 nəfər rusun yaşadığı Azərbaycanda isə rus məktəblərinin sayı 340-dır

Rus məktəblərinin, o cümlədən rus bölmələrinin sayının Azərbaycanın rus millətindən olan vətəndaşlarının sayına uyğunlaşdırılması daha məqsədəuyğundur

Belə bir kəlam var: "Neçə dil bilirsənsə, o qədər sayda insansan". Yəni nə qədər çox əcnəbi dil bilsək, bu, bizim xeyrimizədir. Çünki məhz bu yolla rus, ingilis, fransız, alman, italyan və digər xalqların nümayəndələri ilə vasitəçi olmadan birbaşa öz dillərində ünsiyyət qura, dərdimizi izah edə, ermənilərin iç üzünü aça, Qarabağ həqiqətlərini olduğu kimi çatdıra bilərik. Lakin bu, heç də o demək deyil ki, əcnəbi dilləri öryənərkən mütləq əcnəbiləşməli, doğma Azərbaycan türkcəsində yadelli kimi danışmalıyıq. Unutmaq lazım deyil ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və cinsindən, irqindən, millətindən, dinindən, sosial statusundan asılı olmayaraq, bu ölkənin hər bir vətəndaşı dövlət dilini bilməyə, ona hörmətlə yanaşmağa borcludur.

Təəssüflər olsun, son zamanlar bəzi vətəndaşlar Azərbaycan dilinə ögey münasibət sərgiləyir və bu səbəbdən də övladlarının rus dilində təhsil almaları üçün dəridən-qabıqdan çıxırlar. Məhz bu qəbildən olan insanlar önəmli bir məqamı yaddan çıxarırlar ki, bir milləti məhv etmək üçün onun dilini əlindən almaq yetərlidir. Çünki dil bu və digər şəxsin milli kimliyinin əsas göstəricilərindən biridir. Dilini bilməyən keçmişindən, ədəbiyyatından, tarixi şəxsiyyətlərindən, o cümlədən adət-ənənəsindən, bir sözlə kökündən, milli şüurdan uzaq durmağa, mərhələli şəkildə Vətininə, millətinə yadlaşmağa məhkumdur. Beləliklə də öz doğma dilini bilməyən Məmmədin Andreydən, Cekdən, Tonidən heç bir fərqi qalmayacaq. Çünki o da digərləri kimi Azərbaycana yadlaşıb. Bu isə öz növbəsində, millətin sonunu gətirə, onu məhvə apara bilər. Elə buna görə də ölkənin gələcəyinə biganə qalmayan siyasilər, elm və mədəniyyət xadimləri, ziyalılar, millət vəkilləri vətəndaşların bir hissəsinin bilərəkdən, bir qisminin isə kor-koranə şəkildə rus dilində təhsilə meyllənməsi ilə bağlı həyəcan təbili çalmağa başlayıblar.

Nəzərinizə çatdıraq ki, rus dilində təhsilin fəsadlarından ilk söz açan şəxslərdən biri də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğludur. Belə ki, o, mütəmadi olaraq bu mövzuya toxunur və rus dilinin hər ötən gün əhatə dairəsini bir qədər də genişləndirməsinin gələcəkdə milli maraqlarımıza ağır zərbə vuracağını bəyan edib. Bugünlərdə isə millət vəkili Gövhər Baxşəliyeva parlamentin iclasında çıxışı zamanı Azərbaycanda uşaqların rus dilində təhsilə meyllənməsinin qarşısının vaxtında alınmasının vacibliyini vurğulayıb. Bunun yanlış meyl olduğunu bəyan edən millət vəkili hesab edir ki, rus dili də ingilis dili kimi xarici dil kimi tədris olunmalıdır. Qeyd edək ki, yazıçı, publisist Mehriban Vəzir də bu qənaətdədir ki, Azərbaycanda rus dilinə xarici dil statusu verilməli, xarici dil kimi öyrənilməlidir. Onun fikrincə, əgər kimsə rus dilində məktəb açmaq istəyirsə və yaxud övladının rus dilində təhsil almasını istəyirsə, bunu öz vəsaiti ilə etməlidir. Rusiyanın Azərbaycanda öz beyni və ürəkdən ibarət baza yaratdığını bildirən yazıçının sözlərinə görə, bu baza milli düşüncənin yaranmasının düşməni, Azərbaycana, milli birliyimizə böyük təhlükədir. Rus dili bölmələrinə marağın bu qədər artmasının gələcəkdə Azərbaycan bölümündə təhsil alan şagirdlərin sayının azalmasına gətirib çıxara biləcəyini deyən təhsil eksperti Məlahət Mürşüdlü isə hesab edir ki, bununla da dövlət dili olan ana dilimizin məişət səviyyəsində olan dil səviyyəsinə gələ bilər.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin professoru, millət vəkili Kamilə Əliyeva da bu ilin avqust ayında sözügedən mövzuya toxunub və ölkədəki rus məktəblərinin ödənişli olmasını təklif edib. Belə ki, əvvəlki illərlə müqayisədə övladlarını rus dilində tədris həyata keçirən məktəblərdə oxutmaq istəyən insanların sayının artdığını vurğulayan millət vəkilinin sözlərinə görə, çox dil bilmək yaxşı əlamət olsa da, bəzən bu məsələdə ifrata varmaq, əndazəni aşmaq hallarına rast gəlinir: "Bəzən insanlarımız bu məsələyə dəb, "qonuşdan dala qalmamaq", az qala özlərini "elit" göstərmək xatirinə yanaşırlar. Baxırsan ki, özləri rusca bir kəlmə olsun belə bilmirlər, ancaq övladlarını kor-koranə şəkildə rus dilini öyrənməyə, rus məktəblərində oxumağa məcbur edirlər, kiminləsə yarışa, bəhsəbəhsə girirmiş kimi özlərini aparırlar. Dediyim kimi, çox dil bilmək, öyrənmək yaxşı cəhddir, amma hər şey həddində, qədərində olmalıdır. Hesab edirəm ki, bu məsələdə xarici dövlətlərin, elə qardaş Türkiyənin təcrübəsindən yayarlanmaq olar və lazımdır da. Uşaqlarını rus məktəblərində yerləşdirə bilmədikləri üçün hay-küy salan, az qala aləmi bir-birinə vuran insanlarımız yaxşı olardı ki, başqa ölkələrin təcrübəsini də öyrənəydilər və biləydilər ki, orada xarici dil üçün dövlət pullu təhsil-tədris keçirir. Dövlət müəyyən qədər əlavə vəsait ayırır və məhz o vəsaitə uyğun şəkildə də yerləşdirmələr aparır, yəni, heç də hər kəs övladını xaric dildə tədris keçirən məktəbdə oxuda bilmir. Odur ki, bizdə də, nəhayət, bu təcrübədən istifafə etmək, yararlanmaq olar və vacibdir. Tez-tez dilimizin normalarına, qayda-qanunlarına əməl edilməməsindən, dilimizin təhrif edilməsindən, biabırçı kökə salınmasından ah-nalə edir, danışır, şikayətlənirik. Bir tərəfdən də öz dilimizi unudub, dəb xatirinə başqa dillərə üstünlük veririk, bu, nədir, o, nədir? Məsəl var, bəy dediyin nə, bəyənmədiyin nə… Gəlin, əvvəlcə öz dilimizi öyrənək, öz dilimizdə səlis danışaq, sonra başqasına meyillənər, üz tutarıq".

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, təhsil üzrə ekspert Nadir İsrafilov isə bu mövzuya dair açıqlamasında bildirib ki, Azərbaycanda birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. O, bu qənaətdədir ki, dövlət büdcəsindən maliyyələşən məktəblərdə rus dili ancaq xarici dil kimi öyrədilməlidir: "Ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək. Rus sektorunu qapatmaq gərəkdir. Dövlət büdcəmizdən maliyyələşən məktəblərdə rus dili ancaq xarici dil kimi öyrədilməlidir. Rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Kimin pulu və həvəsi varsa, belə məktəb aça bilər. Lap hətta Rusiyanın maliyyələşdirdiyi məktəb ola bilər, problem deyil. Amma dövlətimizin büdcəsindən maliyyələşən məktəblərdə təhsil ancaq dövlətimizin rəsmi dilində olmalıdır".

Söz yox ki, yuxarıda qeyd olunan fikirlərin müəllifləri tamamilə haqlıdırlar. Çünki dövlət büdcəsindən maliyyələşən məktəblərdə rus dili ancaq xarici dil kimi tədris olunmalıdır. Yox əgər Rusiya ölkəmizdə rus dilində məktəblərin olmasında maraqlıdırsa, o zaman bunun xərcini boynuna götürməlidir. Necə ki, Azərbaycan hökuməti Gürcüstanda eyni üsulla soydaşlarımızın Azərbaycan dilində təhsil almasına şərait yaradır. Məsələn, Azərbaycan dövləti Gürcüstanda yaşayan 600 minlik soydaşımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində zəruri addımlar atır. Belə ki, 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşlarımıza I-XI sinif şagirdləri üçün 560 mindən çox müxtəlif adda dərs vəsaiti göndərilib. Bu ilin sentyabr ayında da Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstan məktəblərinin I-XI siniflərdə təhsil alan şagirdlərə 2018-2019-cu tədris ili üçün Azərbaycan dili və ədəbiyyatı kitablarını göndərib. Nəzərinizə çatdıraq ki, Gürcüstanda yaşayan 600 minlik soydaşımız qonşu ölkə əhalisinin 25-30 faizini, Azərbaycandakı 119 min 300 nəfər rus millətindən olan vətəndaşımız isə əhalinin 1,3 faizini təşkil edir. Lakin buna baxmayaraq, Gürcüstanda Azərbaycan dilli məktəblərin sayı 80-dir, Azərbaycanda isə 340 orta məktəbdə tədris rus dilində aparılır. Axı, bu hansı məntiqə sığır: 600 minə 80, 119 min 300 nəfərə isə 340 məktəb... Odur ki, rus məktəblərinin, o cümlədən rus bölmələrinin sayının Azərbaycanın rus millətindən olan vətəndaşlarının sayına uyğunlaşdırılması daha məqsədəuyğundur.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.