Körfəzdə sular “isinir”: BƏƏ və Səudiyyə Ərəbistanı gəmilərinə kim hücum edib?

14-05-2019, 10:30           
Körfəzdə sular “isinir”: BƏƏ və Səudiyyə Ərəbistanı gəmilərinə kim hücum edib?
Bazar günü baş verən hücum ABŞ gəmilərinin Fars körfəzinə gətirildiyi bir vaxtda reallaşıb; gərginlik daha da yüksələcək
Səudiyyə Ərəbistanı hökuməti Oman körfəzinin BƏƏ sektorunda iki neft tankerinə hücum olduğunu təsdiqləyib. “Əş-Şərq əl-Avsat” qəzetinin yazdığına görə, krallığın enerji naziri Xalid əl-Falih hadisəni pisləyərək qlobal neft ticarətinin təhlükəsizliyinə təhdid adlandırıb.

Rəsmi dövlət xəbər agentliyi SPA-ya açıqlama verən nazir bildirib ki, bazar günü səhər saatlarında körfəzin BƏƏ sektorunda, əl-Fuceyra Əmirliyi sahillərində körfəzi tərk edərkən hücuma məruz qalıb. Vurulan tankerlərdən biri neft yükləmək üçün Səudiyyə Ərəbistanına məxsus Ras Tanura limanına gedirmiş. əl-Falih beynəlxalq birliyin dənizlərin və neft tankerlərinin təhlükəsizliyini təmin etməli olduğunu bildirib.

Xatırladaq ki, BƏƏ-nin əl-Fuceyra limanında partlayışların olması ilə bağlı xəbər bazar günü Livanın “Əl-Mayadin” kanalı tərəfindən yayılsa da, BƏƏ hökuməti məlumatı təkzib edib. Ancaq axşam BƏƏ hökuməti hadisəni təsdiqləyib. BƏƏ hökuməti rəsmi açıqlama yayaraq bəyan edib ki, müxtəlif ölkələrdən olan 4 ticarət gəmisi Oman körfəzi sularında əl-Fuceyra əmirliyi “sabotaj hücumuna” məruz qalıb. Rəsmi açıqlamada hadisənin necə baş verdiyi və kimlər tərəfindən törədildiyi barədə məlumat verilməyib.

Ərəb mediası hadisənin Oman körfəzində, BƏƏ sahilində İrandan 115 kilometr məsafədə baş verdiyini yazır. Məlumatda hadisə ilə bağlı lazımi tədbirlərin görüldüyü, eyni zamanda yerli və beynəlxalq qurumlarla əməkdaşlıq içərisində araşdırma başladıldığı qeyd olunub. Hücum zamanı hər hansı itki və ya yaralanma baş verməyib. Eyni zamanda hücuma məruz qalan gəmilərdə hər hansı sızıntı və zərərli maddənin dənizə axması baş verməyib. Əl-Fuceyra limanı əvvəlcə bağlansa da, daha sonra rəsmi qurumlar limanın fəaliyyətini davam etdirdiyini bildiriblər.

BƏƏ XİN gəmilərə hücum və heyətlərin həyatlarının təhlükəyə atılmasının təhlükəli hal olduğunu qeyd edib və beynəlxalq birlik tərəfindən pislənməsi, bunu edənlərin əngəllənməli olduğunu bildirib. Hadisədən dərhal sonra Misir və Bəhreyn hökumətləri də rəsmi bəyanat yayaraq hücumu pisləyib.

Qeyd edək ki, Fars körfəzi hazırda dünya neftinin 30 faizinin daşındığı ərazidir. BƏƏ-nin 7 əmirliyindən biri olan əl-Fuceyra liman dünyada ən iri yanacaq tədarükü məntəqələrindən biri hesab olunan Hörmüz boğazının kənarında yerləşir. BƏƏ-nin şərqdəki yeganə əmirliyi olan əl-Fuceyra Oman dənizinin sahilində 70 kilometr ərazini tutur.

Hələlik əl-Fuceyra hücumunun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib. Ancaq bu hadisənin indi, yəni İranla ABŞ və körfəz ölkələri arasında gərginliyin pik həddə çatdığı bir zamanda baş verməsi maraq doğurur. Ərəb mətbuatı bu hadisəni açıq şəkildə olmasa da, İrana bağlamağa çalışır. Özü də belə bir hücum bu günə qədər heç zaman olmadı, yalnız indi, yəni ABŞ körfəzə “Abraham Linkoln” təyyarədaşıyan və “USS Arlington” döyüş gəmisi, eləcə də Qətərə B-52 bombardmançıları, “Patriot” qurğuları göndərdiyi bir zamanda baş verdi.

İlk olaraq nəzərlər Yəmənə - husilərə çevrildi. Çünki husilər daha əvvəl də bir neçə dəfə Dubay limanını hədəfə alan dron hücumları təşkil edib. Bu hücumlar BƏƏ-nin Yəməndə husilərə qarşı apardığı əməliyyatlara cavab olaraq həyata keçirilmişdi. Ancaq indi Yəməndə qismən atəşkəs var və ötən iki gün əvvəl BMT-nin təşəbbüsü ilə əldə olunmuş razılaşma əsasında husilərin bir ildən çoxdur savaşın davam etdiyi Hudeyda (Qırmızı dəniz sahilində liman şəhəri - K.R.) şəhərində geri çəkilməsi prosesi başlayıb. Yəni husilərin indi hücuma keçməsi üçün məntiqi əsas yoxdur. Üstəlik, ABŞ hərbi donanmasının Fars körfəzinə daşındığı bir zamanda bu cür sabotaj həddən artıq riskli hərəkət olardı.

Eyni təsbiti İran haqqında da etmək olar. Məlum olduğu kimi, hazırda ABŞ-İran münasibətləri gərginlik həddindədir. ABŞ-ın nüvə anlaşmasından çıxmasına cavab olaraq ötən həftə İran hökuməti anlaşmada iştirak edən digər 5 ölkəyə müraciət edərək nüvə sazişindəki öhdəlikləri yerinə yetirməyə çağırıb. İran öhdəliklər icra olunmadığı təqdirdə 60 gün ərzində anlaşmadan çıxacağını bildirdi və iki öhdəlikdən (limitdən artıq zənginləşdirilmiş uran və ağırlaşdırılmış suyun xarici ölkələrə satılması - K.R.) geri çəkildiyini bəyan etdi. Eyni zamanda iranlılar Vaşinqtonun neft embarqosuna cavab olaraq Fars körfəsində Hörmüz boğazını bağlamaqla hədələyib.

ABŞ hökuməti isə cümə günü bəyan edib ki, Pentaqon ABŞ-ın regiondakı qüvvələrini və maraqlarını qorumağa hazırdır. Həftənin ortasında isə ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, “ABŞ və müttəfiqləri savaş istəməsə də, İranın 40 ildir Amerika hərbçilərini öldürməsi, ABŞ hərbi strukturlarına hücum etməsi və amerikalıları girov götürməsi onların müdafiə olunmasını xatırladır”.

İran rəsmiləri isə Fars körfəzinə yığılan Amerika qüvvələrini Tehranın “gözünü qorxutmaq” və çəkindirmək məqsədi daşıdığını bildirir. Və təbii ki, Vaşinqtonun iddialarını rədd edir.

İndi isə Fars körfəzində “müharibə küləklərinin əsdiyi” bir vaxtda münaqişənin mərkəzində BƏƏ və Səudiyyə Ərəbistanı gəmilərinə hücum təşkil edilib. Bu hücum kimin törətməsindən asılı olmayaraq regionda gərginliyi daha da yüksəldəcək və bir mənada körfəzdə hərbi iştirak üçün əsas yaradacaq. Bilindiyi kimi, ötən həftə ABŞ hökuməti Aralıq dənizində İtaliya sahillərində olan “Abraham Linkoln” təyyarədaşıyanı və onu müşayiət edən hərbi gəmiləri Bəhreynə göndərib. Hazırda gəmilərin Qırmızı dənizdən keçdiyi ehtimal olunur.

Əgər yanğını İran və ya onun dəstəklədiyi qüvvələrin törətməsi ittihamı rəsmiləşəcəksə, bu, körfəzdə gərginliyi daha da artıracaq. Yeri gəlmişkən, daha əvvəl iranlılar Hörmüz boğazını bağlamaqla hədələyib. İndi isə boğaz və körfəz boyunca güclü ABŞ donanması ilə üz-üzə qalacaqlar. Bu isə toqquşma riskini daha da yüksəldir.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.