“Tüpürün üzünə” ifadəsi ilə bağlı universitetdən - Açıqlama

20-05-2019, 15:59           
“Tüpürün üzünə” ifadəsi ilə bağlı universitetdən - Açıqlama
Bakı Slavyan Universitetinin (BSU) rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı sosial şəbəkələrdə yayılan informasiya haqqında məlumat vermişdik. Qeyd edilirdi ki, rektor universitet tələbələri ilə birgə keçirilən tədbirdə sensasiya hesab olunacaq bir “tövsiyə” ilə çıxış edib. Onun çıxış zamanı “harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” dediyi iddia olunur.
Məsələ ilə bağlı Bakı Slavyan Universitetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, deyilənlər böhtandır:

“İlk növbədə onu qeyd edim ki, bir azərbaycanlı xanım, ağbirçək ana olan Nurlana Əliyevanın tələbələrlə hər görüşü daha çox övlad-valideyn münasibətləri çərçivəsində, səmimiyyət və inam müstəvisində baş tutur. Bu görüşlərdə milli-mənəvi dəyərlər, əxlaq, etika, vətənpərvərlik, ədalət, düzlük, insanpərvərlik önə çəkilir. Ümumiyyətlə, 30 ildən artıq ictimai-siyasi fəaliyyətlə məşğul olan, xalqını sevən, onunla ünsiyyətdən qürur duyan xanım-professoun iclasda siyasi əqidəsinə, dünyagörüşünə görə kimlərisə təhqir etməsi, yaxud kimlərinsə ünvanına aşağılayıcı ifadələr işlətməsi mümkünsüz bir işdir".

İ.Quliyev vurğulayıb ki, N.Əliyeva indiyədək heç bir vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymayıb, sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, iqtidar və yaxud müxalifət düşıərgəsində təmsil olunmasından asılı olmayaraq bütün insanlarımıza bu torpağın, yurdun bərabərhüquqlu vətəndaşları kimi baxıb:

"Belə bir ziyalı xanımın, pedaqoqun, tanınmış dövlət xadiminin siyasi baxışlarına, ideoloji düşüncəsinə görə kimlərisə təhqir etməsi, yaxud onlar haqqında nalayiq ifadələr işlətməsi barədə informasiyalar şər-və böhtandan başqa bir şey ola bilməz. Təkrar edirəm, iqtidar-müxalifət mövqeyində durmasından asılı olmayaraq bu ölkənin bütün vətəndaşlarına sayğı göstərmək bizim borcumuzdur. Dörd mindən artıq tələbənin qarşısında tez-tez çıxış edən rektor hər dəfə cəmiyyətdə həmrəylik, birlik, vəhdətin zəruriliyini vurğulayır, müharibə şəraitində yaşayan ölkmizdə insanlarımızın bir yumruq kimi birləşməsinin vacibliyini önə çəkir. Belə bir halda onun dilindən cəmiyyətin müəyyən bir təbəqəsinin ünvanına nalayiq ifadənin işlədilməsi mümkünsüzdür.

Bütün bunlar ölkəmizdə narazılıq, qarşıdurma yaratmaq istəyənlərin, Azərbaycanda sabitliyi, qarşılıqlı etimad və inamı pozmaq arzusunda olanların çirkin əməlidir.

Bir daha bəyan edirəm ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva heç kəsin ünvanına təhqiramiz, nalayiq ifadə işlətməyib, bu kampaniya sadəcə olaraq şər və böhtandır. Siyasi mövqeyindən asılı olmayaraq bu ölkənin bütün vətəndaşları bizim üçün eyni dərəcədə əzizdir. Sosial şəbəkə istifadəçilərindən bir daha xahiş edərdik ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyaları ictimaiyyətə çatdırmasınlar, əks təqdirdə bu, hamının başa düşdüyü qərəzə çevrilir".

Günay Rəsulqızı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.