“Arif Hacılı yaxşı başqan ola bilmədi, Tofiq Yaqublu ilə də aramızda xeyli məsələdə fikir ayrılığı var" - Yadigar Sadıqlı

7-10-2019, 17:20           
“Arif Hacılı yaxşı başqan ola bilmədi, Tofiq Yaqublu ilə də aramızda xeyli məsələdə fikir ayrılığı var" - Yadigar Sadıqlı
“Son illər Müsavat Partiyasının müxalif düşərgədə, Azərbaycanın siyasi həyatında mövqeyi, ortaya qoyduğu fəaliyyət məni razı salmır, partiyanın fəaliyyətini qənaətbəxş saymıram”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı postuna namizədliyini irəli sürmüş partiyanın Divan üzvü Yadigar Sadıqlı bildirib.

Y. Sadıqlı deyib ki, bütün bunların nəticəsində Müsavat Partiyasının reytinqi xeyli düşüb, ictimai maraq doğuran təşkilat kimi get-gedə zəifləyir: “Təəssüf ki, partiya cəmiyyətdə gündəm yarada bilmir. Yalnız son zamanlar bizim namizədliyimiz ətrafında bir gündəm yaranıb və Müsavat Partiyası yenidən cəmiyyətin diqqət mərkəzindədir. Çoxdandır ki, biz belə diqqət mərkəzində olmaq üçün darıxırdıq, bunu müşahidə edə bilirdik. Bu, bilavasitə rəhbərliyin düzgün olmayan idarəçiliyinin nəticəsidir. Buna görə də 1 il öncə bəzi həmfikirlərimizlə Müsavat Partiyasındakı vəziyyəti müzakirə etdik və belə qərara gəldik ki, belə davam etmək partiyanın daha da zəifləməsinə səbəb ola bilər. Arif Hacılının növbəti dəfə başqan seçilməsi Müsavat Partiyasına yaxşı bir şey vəd etməz. Mənim namizədliyim üzərində dayanıldı. Hesab edirəm ki, bugünkü dövrdə tamamilə yeni təfəkkürə, yeni viziona malik siyasi liderə ehtiyac var. Bu gün siyasətə marağı olan insanlar xeyli dərəcədə gəncləşiblər və onlar yeni bir liderə daha maraqlıdırlar, nəinki 30 il əvvəl siyasi fəaliyyətə başlamış insanlara. Mən o insanların, o cümlədən Arif Hacılının istər Milli Azadlıq Hərəkatında, istər Müsavat Partiyasının bərpa olunmasında fəaliyyəti və qazandığı uğurlarda töhfəsini inkar etmirəm, partiyada ciddi zəhməti olan bir neçə nəfərdən biridir. Bununla bərabər, güman edirəm ki, yaxşı funksioner olmaq hələ yaxşı başqan olmaq demək deyil. Məncə, Arif Hacılı yaxşı başqan ola bilmədi. Bu gün gənclik, yeni nəsil yeni başqan axtarışında, yeni bir siyasi lider gözləntisindədir. Mənə belə gəlir ki, bu gözləntilərə daha yaxşı cavab verirəm. Universitet müəllimi kimi gənclərlə iş təcrübəm də var. Gənclərin sosial şəbəkələrdə mənə münasibətindən də bu ümidi özümdə görürəm”.

Ötən dövr ərzində başqan müavini postundan istefa verdiyini, Divanda fəaliyyətini davam etdirdiyini söyləyən Y. Sadıqlı tövsiyələrinin nəzərə alınmadığını, düzgün saymadıqları addımların atıldığını qeyd edib: “Başqan müavinliyindən istefa verməyim də təsadüfi deyildi. Mənə elə gəlir ki, müavinlə başqan həmfikir, vahid komanda olmalıdır. Başqan müavini kimi qalacaqdımsa, düzgün hesab etmədiyim addımların, taktikanın, idarəçiliyin məsuliyyəti həm də mənim üzərimə düşəcəkdi. Divana gəlincə, bir neçə Divan üzvü ilə həmfikir idik. Təəssüf ki, Divanda çoxluğa nail ola bilmədik. Nəticədə partiyanı yanlış hesab etdiyimiz addımlardan o qədər də çəkindirə bilmədik”.

Tofiq Yaqublu və özünün namizədliyi fonunda Arif Hacılı qarşısında səslərin parçalanacağı və uğur qazanmaq ehtimalının azalacağı ehtimalına gəlincə, Y. Sadıqlı səslərin müəyyən qədər parçalana biləcəyini söyləyib: “Ancaq bu, daha çox ikinci tur ehtimalını artırır. Bu gün də əsas məqsəd məhz buna nail olmaqdır. İkinci tura kim keçərsə, onun başqan seçilmək ehtimalı xeyli artır. Hər ikimizin namizədliyinin irəli sürülməsinə gəlincə, Tofiq Yaqublu ilə mənim də xeyli məsələdə fikir ayrılıqlarımız var, tamamilə həmfikir adamlar deyilik. Bununla bərabər, mən Tofiq Yaqublunun, Yaqublu da mənim demokratizmimə arxayındır, bizim kollektiv idarəçilik prinsiplərinə sədaqətimiz var. Fikir ayrılıqlarımız, ixtilaflarımız da olsa, idarəetmədə birlikdə iştirak edərək partiyanı inkişaf etdirə bilərik. İkinci tura mən, yaxud Tofiq Yaqublu keçsə, digərimiz tərəfindən dəstəklənəcəyi istisna deyil”.

A. Hacılıdan fərqli olaraq, Y. Sadıqlı və T. Yaqublunun Müsavat Partiyasını Milli Şuranın yedəyinə çevirəcəyi barədə fikirlərə gəlincə, Y. Sadıqlı deyir ki, T. Yaqublunun Milli Şura üzvü olduğu bəllidir: “Bu baxımdan Tofiq Yaqublunun Müsavat Partiyasının gələcək fəaliyyətində müxalifətdaxili əməkdaşlığı Xalq Cəbhəsi Partiyası, yaxud Milli Şura kontekstində görməsi aydın məsələdir, sirr deyil. Amma mən Müsavat Partiyasının daha sərbəst fəaliyyət göstərməsinin tərəfdarıyam. Ola bilər ki, bir halda mitinqlər, kütləvi aksiyalar məsələsində Milli Şuraya, seçkilərdə iştirakda isə REAL-la əməkdaşlıq edək. Mən də Müsavat Partiyasını hər hansı bir təşkilatla bağlamaq niyyətində deyiləm. Müsavat Partiyasını xeyli gücləndirib, tamhüquqlu bir tərəfdaşlığın, əməkdaşlığın subyektinə çevirmək fikrindəyəm. Təəssüf ki, son Milli Şuranın kütləvi aksiyalarında da Müsavat Partiyası zəif duruma düşməsi nəticəsində bərabərhüquqlu tərəfdaş kimi çıxış edə bilmir”.

A. Hacılının qalib gələcəyi təqdirdə son başqan seçkilərində olduğu kimi digər başqanlığa namizədlərin partiyadan uzaqlaşdırılması ehtimalına da münasibət bildirən Y. Sadıqlı partiyanı tərk etmək istiqamətində heç bir addım atılmayacağını nəzərə çatdırıb: “Amma şər, böhtanla partiyadan çıxarsalar, bilmirəm. Ümid edirəm ki, vəziyyət o dərəcədə inkişaf etməyəcək”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.